Yeni medianın üstünlüyü, yoxsa dezinformasiya bolluğu ?

A- A A+

Yeni media dedikdə artıq ağıla, sadəcə, balacadan-böyüyə hər kəsin əlində olan balaca qara qutu gəlir, içində milyonlarla xeyirin və zərərin olduğu, düzün və yanlışın olduğu bir qutu. Tez-tez sosial şəbəkələrdə media azadlığına aid məlumatlar oxuyuruq, insanlar media azadlığını istədikləri məlumatı paylaşmaq, yazmaq kimi zənn edir, ancaq bu məsələ bir az fərqlidir. Medianın inkişafı bizə yaxşı təsirlər etdi, razıyam. Ancaq daha çox dezinformasiya verdi, daha çox manipulyasiya edilmiş xəbərlər gətirdi. Biz bunun ən gözəl nümunəsini Vətən müharibəsində gördük. Hər gün minlərlə yalan məlumatlar dərc edilirdi, insanlar təşvişə salınırdı və bu əsla qəbul edilməz idi. Dünən Şuşada keçirilən II Global Media Forumu məhz "Yalan məlumatların ifşası: Dezinformasiyaya qarşı mübarizə" mövzusunda olması da dezinformasiyaların təsirinə yönəlmişdi. Forumda çıxış edən Prezident İlham Əliyev dünyada və regionda gedən ictimai-siyasi proseslərin geniş və cəsarətli təhlili, medianın hazırkı durumu, problemləri və əsas hədəfləri mövzusuna əhatəli yanaşma ilə iştirakçıları məlumatlandırdı.

Bəzi dövlətlər var ki, media əllərində oyuncaq olub, bütün işlərini media vasitəsilə görürlər, axı media onların “aynasıdır”. Ən çirkin və qərəzli müsahibələri, məlumatları yayır və sonra biz təmiz, “Süddən çıxmış ağ qaşığıq”,– deyirlər. Görəsən, o südü qarışdıran qaşığı əlində tutub Qafqaza soxulmaq istəyən kimdir? 

Keçmişi ləkəli olan, indisi biabırçılıq, gələcəyi isə məhv olan bir dövlətin hələ də müharibə alovu yandırmaq istəyi, sadəcə, insanları qırmaq və özünü sakitcə üzə çıxarmaqdır. Burada da istifadə etdikləri ən yaxşı vasitə mediadır, Fransa mediası dünya media sistemində öz sözünü deyir, daha doğrusu, öz sözünü yox, “Makronun yalanlarını”. 

Ehhh Fransa, siyasətin çox uzundur, amma əyri yollarla...

Şuşada keçirilən ll Media Global Forumu bu gün də öz işini uğurla davam etdirir. Ümid edirəm ki, dezinformasiya və yalanlar həyatımızda az, mediamızda heç olmasın!

Əli Yarıyev

Naxçıvan televiziyasının əməkdaşı

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: