Ordubadın qədim körpüləri - FOTOLAR

A- A A+

Naxçıvan ərazisindəki tarixi körpülər içərisində aşırımlarının sayına görə ən böyüyü olan Aza körpüsü Ordubad rayonunun Aza kəndində Gilançayın üzərində XVII əsrdə salınmış memarlıq abidəsidir. Aza kəndi ilə Darkəndi birləşdirən bu körpünün eni 3,5 metr, uzunluğu isə 46 paqonometrdir. Körpü beşaşırımlıdır. Qırmızımtıl rəngli yonulmuş yerli dağ daşından inşa edilib. Körpü inşa edilərkən ərazi nəzərə alınıb, tağlar arasındakı məsafə müxtəlif ölçülərdə qoyulub. Tağların dördündə dalğakəsən vardır.

Hindistanı və Çini Qara dəniz sahilləri və Avropa ölkələri ilə birləşdirən mühüm ticarət-karvan yolu üzərində yerləşən Aza körpüsü Böyük İpək Yolu ilə Şərqdən Qərbə və əksinə hərəkət edən ticarət karvanlarının işini asanlaşdırmaq üçün Səfəvi hökmdarı I Şah Abbasın zamanında (1587-1629) inşa edilib. Buradan keçən ticarət karvanları ilə yerli məhsullar, o cümlədən quru meyvələr, sənətkarlıq məhsulları, ipək ixrac olunurdu. Körpü baş verən təbii fəlakətlər və bəzi tarixi hadisələr nəticəsində dəfələrlə dağılıb, sonralar təmir edilib. Güclü sel suları körpünün bir hissəsini yuyub dağıtdığından bu abidə 1997-ci ildə əsaslı şəkildə bərpa olunub.

Gilançayın üzərində salınmış digər körpü isə Biləv körpüsüdür. Bu körpü beşaşırımlı olsa da, yalnız bir qisminin qalıqları dövrümüzədək gəlib çatıb. XVIII əsrə aid olan bu körpünün aşırımları arasındakı məsafələr müxtəlifdir. Tağabənzər aşırımlar dördkünc formalı dayaq sütunlar üzərində inşa olunub. Körpünün eni 3,3 metr, uzunluğu isə 55 metrdir. Körpü əhəng məhlulu ilə irihəcmli çay daşları və qaya parçalarından hörülüb, yonulmuş daşlarla üzlənib.

Ordubad rayonunun Bist kəndinin qərb tərəfindən axan Ələhi çayı üzərində salınmış ikitağlı birinci Bist körpüsünün tikintisində həm daş, həm də kərpicdən istifadə olunub. Körpünün I Şah Abbas dövründə inşa edilməsi ehtimalı var.

İkinci Bist körpüsü isə kəndin cənub-şərqində Nəsirvaz çayı üzərində salınmış tarixi-memarlıq abidəsidir. Birtağlı olan bu körpünün uzunluğu, təqribən, 23, hündürlüyü 10, eni isə 4 metrə yaxındır. Körpünün salınmasında məqsəd kəndə gediş-gəlişi təmin etməklə yanaşı, ticarət karvanlarının hərəkətini asanlaşdırmaq olub. Cənub tərəfdə, daşın üzərində 1869-cu il tarixi yazılıb. Tikinti texnikasına görə o, birinci Bist körpüsü ilə oxşarlıq təşkil etsə də, ondan sonrakı dövrdə inşa edilib. Naxçıvan Abidələri Ensiklopediyasında qeyd olunur ki, böyük ehtimalla körpü 1869-cu ildə təmir olunub. Körpü XVII-XVIII əsrlərə aid edilir.

Ordubad rayonunda daha bir tarixi körpü isə Ələhi kəndinin yuxarı hissəsində, Ələhi çayı üzərindəki tarixi-memarlıq abidəsidir. Körpü ikiaşırımlı və çatmatağlıdır. Kobud şəkildə yonulmuş boz dağ daşından inşa edilib. Tikilinin uzunluğu 30, eni 3, hündürlüyü isə 6,5 metrdir. Körpünün qərb oturacağı qaya üzərində hörülüb. XVIII-XIX əsrlərə aid edilən bu körpü hazırda kənd əhalisinin istifadəsindədir.

                

“El həyatı” qəzeti

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: