“Düzünü deyin, düzünü yazın”

A- A A+

İyulun 20-də “Yalan məlumatların ifşası: Dezinformasiyaya qarşı mübarizə” mövzusunda 2-ci Şuşa Qlobal Media Forumunun açılışı mərasimində əllidən artıq ölkəni təmsil edən media nümayəndəsi qarşısında dörd dildə verilən bütün sualları cavablandıran Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin nitqini dinləyərkən Ulu Öndər Heydər Əliyevin jurnalistlərə məşhur xitabını xatırladım: “Düzünü deyin, düzünü yazın”. Ölkə başçısı da nitqində qeyd edirdi: “Biz çox arzu edirik ki, media obyektiv olsun, hər kəs obyektiv olsun. Ancaq medianın xüsusi məsuliyyəti var. Çünki medianın mesajları, məsələni işıqlandırması bir çox insanların həyatına təsir edir”. Necə oxşar və yaxınmənalı fikirlərdir iki dahi, ata və oğul tərəfindən deyilən bu sözlər. Biz çox xoşbəxtik ki, bu yolun layiqli davamçısının şahidləriyik.

Vaxtilə milli dəyərlər yaradanlar indi xalqın milli dəyərinə çevrilib. Bu milli dəyərləri xatırlayarkən səni də unutmadıq Azərbaycan milli mətbuatının ilk qaranquşu, “Əkinçi”nin təsisçisi, Azərbaycan ziyalılarının böyük ordusunu görmək sevincinə nail olmuş, millətin maariflənməsi öz şəxsi həyatından üstün tutan Həsən bəy Zərdabi! Zaman keçdikcə belə böyük şəxsiyyətlərin əzəməti daha aydın görünür, qəlbimizdə qırılmaz bağlarla duaya dönüşür.

70-ci illərdə mətbuatdan sensasiyalı bir hadisə oldu. Gənc şair Firuz Hüseyn qatar altında qalaraq həlak olmuşdu. Ağ köynəkli arıq oğlanın meyidi tapılanda əlində qana bulaşmış “İşıq” qəzeti olub. Həmin gün yerli şəhər qəzetində Firuzun bir şeiri çap olunub. Dəmir yolu üzərində gedərək öz şeirini oxuyurmuş. Şeirinin qəzetdə çap olunmasının verdiyi xoşbəxtlik hissi dünyadakı bütün səsləri eşidilməz edib. Qatarın fiti onun xəyal dünyasının divarlarını dəlib keçə bilməyib. Beləcə, 21 yaşında ilk şeirinin çap olunduğu gün həyatla vidalaşıb Firuz Hüseyn. Mətnin çap olunmağının verdiyi xoşbəxtlik hissi idi bu.

 Mətn müqəddəsdir, mətn and yerimizdir, mətn ruhumuzun dərinliklərindən süzülüb gələn məhrəm hisslərimizdir. Mən də ruhumun dərinliklərindən süzülüb gələn mətnlərimi əbədi, sınmaz, qırılmaz etmək üçün qələmə sığınıb bu peşəni seçmişəm. Zərdabinin sipər olduğu yola davamçı olmaq, Mirzə Cəlilə silahdaş olmaq, Cavidə yeni fikir, Müşfiqə yeni səs olmağın ağır məsuliyyət olduğunu düşünür, bu yolda qələmə pənah aparıram.

Azərbaycan xalqının Ümummilli Lideri Heydər Əliyev jurnalistlərlə görüşlərində həmişə “Düzünü deyin, düzünü yazın” ,– deyə nəsihət verirdi. Barışmadığı, rədd etdiyi yeganə hal bədniyyət, böhtan və dezinformasiya idi. Jurnalistika elə sahədir ki, tənqidlə məşğul olur, nöqsanları aşkar edir, onların aradan qaldırılması üçün çalışır, hadisələrə operativ yanaşır. Jurnalistlər çalışırlar ki, araşdırma edib bütün həqiqətləri cəmiyyətə çatdıra bilsinlər. Bəzən fakt eşidilir, yazılır və bir az da fikir əlavə olunur. Amma faktı araşdıranda, onu təhlil edəndə, informatorlarla görüşəndə anlayırsan ki, bəzən məsələ sənin fikir bildirdiyin kimi deyil, fərqli imiş. Etiraf etmək lazımdır ki, jurnalistika çətin sahədir. Jurnalistin məkanı yoxdur. Harada qaynar xəbər varsa, jurnalist orada. Harada cəmiyyətə çatdırılmalı lazımi informasiya varsa, jurnalist orada. Bir sözlə, harada yeni xəbər, yeni söz varsa, jurnalist orada. Prezident cənab İlham Əliyevin hakimiyyətə gəlişindən sonra ölkəmizdə istənilən şəxs özünə mətbuat orqanı yarada bilər. Azərbaycanda söz və məlumat azadlığının təmin olunması, medianın inkişaf etdirilməsi istiqamətində görülən işlər misilsizdir. Ölkə başçısı üç dəfə “Jurnalistlərin dostu” mükafatına layiq görülüb. O, yeganə liderdir ki, Qarabağ Zəfərində həm hərb, həm siyasi, həm də informasiya işini aparırdı. Qəhrəman hərbçilər lal qayalara dırmanıb Şuşanı azad edərkən jurnalistlər həqiqəti əks etdirən foto və yazılarla, cənab Prezident isə siyasi arenada düşmən və dünya ilə üzbəüz dayanmışdı. O, yeganə liderdir ki, gərgin iş qrafikində 2024-cü il iyulun 20-də “Yalan məlumatların ifşası: Dezinformasiyaya qarşı mübarizə” mövzusunda 2-ci Şuşa Qlobal Media Forumunun açılışı mərasimində əllidən artıq ölkəni təmsil edən media nümayəndəsi qarşısında dörd dildə verilən bütün sualları cavablandırdı. Cənab Prezident təkrar-təkrar Azərbaycan həqiqətlərini dünyaya çatdırdı. Biz jurnalistlərin üzərinə düşən isə həqiqətə ayna kimi işıq tutmaq, dahi lider Heydər Əliyevin dediyi kimi: “Düzünü demək, düzünü yazmaqdır”.

22 iyul – Milli Mətbuat Günündə Həsən bəy Zərdabiyə sipər olan, çıraq olan, qələmə sığınan bütün mətbuat işçilərini ürəkdən təbrik edirəm. Həmçinin ömrü qaçhaqaçlarda keçən jurnalistlərin, yazılarını hərf-hərf oxuyan korrektorları, redaktorları, tərtibatçıları, eləcə də mətbəə işçilərini təbrik edirəm!

Fariz Əhmədov

Naxçıvan televiziyasının baş redaktoru

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: