Yanvarın 18-də Almaniya Federativ Respublikasının paytaxtı Berlində qida, kənd təsərrüfatı və bağçılıq sahəsində ənənəvi “Beynəlxalq Yaşıl Həftə” sərgisi və kənd təsərrüfatı nazirlərinin 10-cu Qlobal Ərzaq və Kənd Təsərrüfatı Forumu keçirilib. Dünyanın ən mötəbər beynəlxalq sərgilərindən biri olan və illik əsasda keçirilən “Beynəlxalq Yaşıl Həftə” sərgisində Azərbaycan ayrıca stendlə təmsil olunur. Milli stenddə ölkəmizin 14 şirkətinin məhsulları nümayiş etdirilir.
Naxçıvan Muxtar Respublikası İqtisadiyyat Nazirliyinin mətbuat xidmətindən NUHÇIXAN-a verilən məlumata görə, Azərbaycan pavilyonunda Naxçıvan Muxtar Respublikasına ayrılmış guşədə Naxçıvanda fəaliyyət göstərən şirkətlərin məhsulları nümayiş etdirilib. Kənd təsərrüfatı və yeyinti məhsullarının nümayişi, satışı, müəssisələrin imicinin formalaşdırılması, brendlərinin reklamı və eyni zamanda iştirak edən müəssisələrin kooperasiya əlaqələrinin genişləndirilməsi, yeni tərəfdaşların tapılması məqsədilə təşkil olunmuş “Beynəlxalq Yaşıl Həftə” sərgisinə muxtar respublikanın 8 istehsalçı şirkətinin 12 növdə, 36 çeşiddə məhsulu çıxarılıb.
Qeyd edək ki, gün ərzində milli stendimizə çoxlu sayda qonaqlar və bir sıra ölkələrin yüksək vəzifəli rəsmiləri baş çəkiblər. Naxçıvan məhsulları sərgi iştirakçılarında böyük maraq doğurub.
“Beynəlxalq Yaşıl Həftə”də “Gəmiqaya Mineral Sular” MMC-nin və Babək “Sirab” ASC-nin mineral suları, “Gəmiqaya Qida Məhsulları Sənaye Kompleksi” MMC-nin şərabı, meyvə suları, halvası, “Şərur-3” MMC-nin spirtli içkiləri və likörü, “Ləzzət Biskvit və Şokolad Fabriki” MMC-nin lokumu, “Naxçıvan Duz İstehsalı” MMC-nin duzu, “F.H Oğulları” MMC-nin mürəbbələri, “Naxçıvan Məhsulları” MMC-nin müasir şəkildə qablaşdırılan meyvə quruları, alma sirkəsi nümayiş olunub.
Yanvarın 27-nə qədər davam edəcək sərgi çərçivəsində iştirakçılara Naxçıvan haqqında müxtəlif çap məhsulları və kataloqlar, şirkətlərə aid təbliğat materialları təqdim edilib.