Naxçıvanda qazilərlə mətbuat işçilərinin görüşü olub - VİDEO
NUHÇIXAN xəbər verir ki, “Naxçıvan Qaziləri” İctimai Birliyi tərəfindən 22 iyul - Milli Mətbuat Günü münasibətilə tədbir təşkil edib.
Tədbirdə “Naxçıvan Qaziləri” İctimai Birliyinin sədr müavini Əli Əlisoy çıxış edərək 22 iyul - Milli Mətbuat Günü münasibətilə media nümayəndələrini təbrik edib. Qeyd edib ki, bu günə qədər fasiləsiz davam edən informasiya müharibəsində mətbuat işçiləri öz peşəkarlığı və vətənpərvərliyi ilə daim fərqləniblər. Jurnalistlər 44 günlük Vətən müharibəsində cəbhə xəttində həm xəbər istehsalçısı, həm də səfərbərlik proqramı çərçivəsində əməliyyatlara cəlb olunublar. Qarabağ uğrunda döyüşlərdə fərqlənən və müxtəlif medallarla təltif edilənlər arasında jurnalistlərin də olması ölkəmizdə bu sahədə çalışanlara göstərilən böyük etimadın və diqqətin təzahürüdür.
Digər çıxış edənlər qeyd ediblər ki, Azərbaycan mediası həm Birinci, həm də İkinci Qarabağ müharibələrində üzərinə düşən vəzifəni layiqincə yerinə yetirib, Azərbaycanın böyük Zəfərinin müjdəçisi olub. Hər zaman Azərbaycan həqiqətlərinin təbliği missiyasını uğurla həyata keçirən mətbuatımızın 44 günlük Vətən müharibəsinin gedişində ölkəmizin düşmən təbliğatına qarşı informasiya mübarizəsinə töhfələrini verdiyi kimi, postmüharibə dövründə də bu işi davam etdirməkdədir.
Sonda media nümayəndələrinə birliyin fəxri fərmanları və hədiyyələr təqdim olunub.