“Ölərəm, əldən əgər getsə vətən”

A- A A+

Hər sözü, hər kəlməsi vətən olan igidlərimizdən biri idi Əlabbas. O, yurduna sevgi bəsləyən, qorxmaz, mərdliyi ilə seçilən oğul olub. Kənd camaatı onun adı gələndə “belə qəhrəman, birdə bu dünyaya çətin gələr”- deyirdi. Birinci Qarabağ müharibəsində vətəninə, xalqına sadiq olub, düşmən önündə özünü sipər edən Milli qəhrəmanlarımızdan biri də Əlabbas İsgəndərovdur.

O, 1958-ci il iyul ayının 25-də Ağdam rayonunun Kürdlər kəndində anadan olub. Orta təhsilini kənddə başa vuran Əlabbas ordu sıralarına çağrılaraq vətənə xidmət borcunu yerinə yetirir. Əsgəri xidmətini bitirən vətənin igid oğlu doğma kəndinə qayıdaraq əmək fəaliyyəti ilə məşğul olur. 1991-ci ilin sonları Qarabağda vəziyyətin pisləşməsi, ermənilərin torpaq iddalarına etiraz edənlərdən biri də Əlabbas İsgəndərov olur. O, noyabr ayında yeni yaradılan özünümüdafiə dəstələrinə ilk yazılanlardan biri olub ən çətin döyüşlərdə iştirak edir. 1992-ci ildə mühasirəyə alınan Umudlu kəndinin əhslisini hərbi vertolyotların köməyi ilə kənddən çıxararkən, həmin vaxt Əlabbas igidlik göstərərək düşmən mühasirəsinə düşən 40 nəfər hərbçini mühasirədən çıxarmağı bacarır. Mart ayının 4-də Qazançı kəndi uğrunda gedən döyüşlərdə iştirak edən qəhrəmanımız düşmən hücumunun qarşısını alarkən ağır yaralanaraq şəhidlik zirvəsinə yüksəlir. Vətənin igid oğlu Ağdam rayonu şəhidlər xiyabanında dəfn olunur. Ailəli olan qəhrəmanımızdan üç övladı yadigar qalıb.

Ölkəmizin ərazi bütövlüyünün qorunmasında şəxsi igidlik göstərib, bu uğurda canını fəda edən Əlabbas İsgəndərov ölümündən sonra Azərbaycan Respublikası Prezidentinin 13 avqust 1992-ci il tarixli 135 saylı Fərmanı ilə “Azərbaycanın Milli Qəhrəmanı” adına layiq görülüb.

Səriyyə Salahova

Naxçıvan televiziyasının əməkdaşı

 

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: