NUHÇIXAN xəbər verir ki, Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Ordubad və Culfa Rayon Şöbələrində gənclərin hərbi xidmətə yolasalınması mərasimləri keçirilib.
Ordubad rayonunda keçirilən tədbirdə əvvəlcə Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib.
Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Ordubad Rayon Şöbəsinin rəisi, mayor Vüqar Rəhimli çıxış edərək gəncləri hərbi xidmətə yola düşmələri münasibətilə təbrik edib.
Tədbirdə çıxış edənlər Azərbaycan Ordusunun müasir inkişafından söhbət açıb, gəncləri təbrik edib, xidmətlərində uğurlar arzulayıblar.
Tədbirdə valideynlər adından Mehman Mirzəyev çıxış edərək övladının hərbi xidmətə yola salınmasından qürur hissi keçirdiyini deyib.
Çağırışçılar adından Sunay Məmmədli çıxış edərək bildirib ki, biz də xidməti borcumuzu layiqincə yerinə yetirəcək, torpaqlarımızı göz bəbəyimiz kimi qoruyacağıq.
Həmin gün Naxçıvan Muxtar Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış Üzrə Dövlət Xidmətinin Culfa Rayon Şöbəsində keçirilən mərasimi şöbənin rəisi, polkovnik-leytenant Vüsal Məmmədov açdıqdan sonra Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib
Tədbirdə çıxış edənlər gəncləri hərbi xidmətə yola düşmələri münasibətilə təbrik edib, torpaqlarımızın keşiyində ayıq-sayıq dayanmağı tövsiyə ediblər.
Çağırışçılar adından çıxış edən Hakan Nəcəfov bundan sonra ordu sıralarında Vətənə xidmət edəcəkləri ilə qürur duyduqlarını və ən böyük arzularının işğal altında olan torpaqlarımızı düşmən tapdağından azad etmək olduğunu bildirib.
Övladını hərbi xidmətə yola salan valideyn Çərkəz Hacıyev bu günün qəlbində qürur hissi oyatdığını deyərək çağırışçı gənclərə xoş arzularını çatdırıb.
Sonda Vüsal Məmmədov gəncləri təbrik edib, məsuliyyətli və şərəfli yolda onlara uğurlar arzulayıb.
Turab Hacızadə