Naxçıvan Qarnizonunda 20 Yanvar ümumxalq hüzn gününə həsr olunmuş silsilə tədbirlər keçirilib - FOTOLAR
Əlahiddə Ümumqoşun Ordunun mətbuat xidmətindən NUHÇIXAN-a verilən məlumata görə, Təlim-Tədris Mərkəzində keçirilən tədbirdə Əlahiddə Ümumqoşun Ordunun zabiti polkovnik-leytenant Zaur Həmidov və Naxçıvan Qarnizonu tam orta məktəbinin direktoru, Azərbaycan Respublikasının əməkdar müəllimi Natiq Əhmədov çıxış ediblər. Çıxışlar zamanı 1990-cı il yanvarın 19-dan 20-nə keçən gecə Sovet ordusu tərəfindən törədilən faciənin əsas səbəbləri şəxsi heyətə çatdırılıb və bildirilib ki, bu faciəyə ilk siyasi qiymət ümummilli liderimiz Heydər Əliyev tərəfindən verilib. Çıxışların ardından videoçarx nümayiş olunub. Naxçıvan Qarnizonu tam orta məktəbinin şagirdləri və Heydər Əliyev adına Hərbi Liseyin kursantları ədəbi-bədii kompozisiya ilə çıxış ediblər.