“Mənim canım bu torpağa, qurbandır”

A- A A+

Bir ailənin böyütdüyü dörd igid oğuldan birincisi idi, Asif Məhərrəmov. O, vətənpərvərliyi, qorxmaz və mərdliyi ilə həm qardaşlarına, həm də rayonun bütün gənc yeniyetməsinə nümunə olur. Vətənə dərin məhəbbət bəsləyən qəhrəman torpaqlarımızı işğaldan azad edə bilmək üçün əlindən gələni əsirgəməyib, düşmənə aman verməyən igid olur. Bu gün doğum günü olan qəhrəmanımız Asif Məhərrəmovun ömür və döyüş yoluna nəzər salaq.

1952-ci il  iyul ayının 26-da Ağdam rayonunda anadan olan Asif orta təhsilini burada 1 saylı məktəbdə başa vurur. Əmək fəaliyyəti ilə məşğul olan igidimiz 1988-ci ildən torpaqlarımıza göz dikən ermənilərdən vətəni qorumaq üçün Ağdamın Abdal-Gülablı, Xıdırlı, Əmirallar, Sırxavənd, Bağbanlar, Əhmədavar kəndlərində düşmənə qarşı müdafiə dəstələrinə, 1990-cı ildə isə Ağdam özünümüdafiə dəstəsinə rəhbərlik edir. Onun qorxmazlığı və cəsarəti rəhbərlik etdiyi batalyona böyük ruh verərək döyüşə sövq edir. Xramort, Aranzəmin, Pircamal, Dəhraz, Naxçıvanik və digər kəndlərin düşməndən təmizləyərkən Asif cəsur komandir kimi igidcəsinə vuruşur. 

1991-ci ilin 15 noyabrında "Haqq Cəbhəsi" batalyonunu yaradan Asif öz qardaşlarını da batalyona daxil edib döyüşlərə qatılır. Dekabırın 31-də  Xramort kəndinin düşməndən azad olunmasında batalyon böyük rəşadət göstərir. Həmin zaman Ağdamın Muradbəyli kəndində yerləşən hərbi hissəni bir sıra qiyamçının dağıtması xəbərini alan Asif batalyonu ilə birlikdə qiyamın qarşısını alaraq öz batalyonunu hərbi hissəyə yerləşdirib buradaki hərbi silah-sursatı torpaqlarımızın qorunması üçün istifadə edir. Bu uğurlu əməliyyata görə Müdafiə Nazirinin əmri ilə Asif Məhərrəmova polkovnik-leytenant hərbi rütbəsi verilir. 

Hücumları səngiməyən ermənilər daha da artıq qüvvə toplayıb azğınlaşmış şəkildə dinc əhalini, rayon və kəndləri atəşə tutub, oda verir. Xocalının ətrafını mühasirəyə alan düşmənlə mübarizəyə Asif batalyonu ilə birgə qatılır. Onlar Ağdam-Əsgəran istiqamətində dəhlizin açılmasında iştirak edirlər. Sonra Füzuli şəhəri uğrunda mübarizə aparan batalyon "Qrad" atəşi ilə 1992-ci ilin martında düşməni şəhərdən qovub çıxara bilir. İki gün düşmənlə vuruşan batalyon  Aranzəmin, Pircamal, Dəhrəz kəndlərini düşməndən azad edir. Həmin hadisə zamanı döyüş taktikası işlədən Asif avtomobili ilə kəndə girmək üçün artilleriya atəşi altında irəliləyir. Düşmən diqqətini yayındıraraq arxasınca batalyonu da kəndə itkisiz gətirməyi bacarır. Bütün bunları kənardan müşahidə edən qəhrəmanımız Şirin Mirzəyev Asifin bu cəsarətini qiymətləndirərək  "bu hərəkəti ancaq fanat edə bilərdi"-deyir.

İyun ayının 24-də Naxçıvanlı kəndi uğrunda mübarizəyə qatılan vətənin igid oğlu döyüşdə ağır yaralanır. Bir müddət müalicə olunan Asif yenidən cəbhəyə qayıdır. 

Azərbaycan Respublikası Prezidentinin 7 dekabr 1992-ci il tarixli fərmanı ilə Asif Yusif oğlu Məhərrəmova "Azərbaycanın Milli Qəhrəmanı" adı verilir. Ancaq o, bu addan imtina edir. Asifin cavabı belə olur: "Azərbaycanın böyük bir ərazisi işğal olunub. Mən sinəmə medal vurub, qəhrəmanam deyə öyünə bilmərəm. Müharibəni qələbə ilə başa vuraq, bayrağımızı sancaq, ondan sonra qəhrəmanlıq məsələsinə baxarıq".

1993-cü il oktyabrın 27-də Asif rəhbərlik etdiyi batalyonla Şelli uğrunda döyüşlərə qatılır. Həmin vaxt səhhəti pisləşən qəhrəmanımız hərbi hissəni təhvil verib müalicə olunmaq üçün Yalta şəhərinə gedir. Doqquz ay sonra ağır xəstəlikdən vəfat edən qəhrəmanımız Bakı şəhəri II Şəhidlər xiyabanında dəfn edilir. Xatirəsi əziz tutulan vətənin igid oğlunun adı Bakının 3-cü mikrorayon dairəsi yaxınlığındakı küçələrindən birinə verilir.

Asif Məhərrəmovun ölümündən dörd il sonra ölkə Prezidentinin müvafiq sərəncamı ilə “Azərbaycanın Milli Qəhrəmanı” adı bərpa edilərək ailəsinə vəsiqəsi və ulduzu təhvil verilir.

“Torpaqlar azad olmayanacan mənə qəhrəman adı verilməsinə razı deyiləm”,- deyən Vətən oğlu, ruhun şad olsun! Uzun müddət keçsə də, Azərbaycanın igid oğulları torpaqlarımızın yağılarda qalmasına göz yummadılar. Düşməni döyüş meydanında məğlub edərək yurdunu quldurlardan təmizlədilər. Məzarında rahat uyu, daha sənin yurdun öz doğlarına qovuşub. Dörd ildir ki, Qarabağ torpaqlarına Azərbaycanın üçrəngli bayrağı sancılıb, qürurla dalğalanır.

Səriyyə Salahova
Naxçıvan televiziyasının əməkdaşı

  
   
 

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: