“Vətəni darda qoya bilmərik”

A- A A+

Torpaqlarımızı düşmən hücumundan qoruyub, işğal olunmasına qarşı mübarizə aparan, Azərbaycanın Milli Qəhrəmanı adını qazanan oğullardan biri də Sadıq Hüseynovdur.

Doğum günü olan qəhrəmanımızın qısa ömür yoluna nəzər salaq.

Ölkəmizin ərazi bütövlüyü, Şuşa şəhəri və ətraf kəndləri uğrunda döyüşlərə qatılıb, rəşadət göstərən Sadıq Dayandur oğlu Hüseynov 1961-ci il iyul ayının 29-da Ağcabədi rayonunun Xocavənd kəndində anadan olub. Orta təhsilini doğulduğu kənddə başa vuran Sadıq ali təhsil almaq üçün Xankəndi Pedaqoji İnstitutunun fizika-riyaziyyat ixtisasına qəbul olur. İnstitutu fərqlənmə diplomu ilə bitirən Vətənin igid oğlu Xocavənd kənd məktəbində fizika-riyaziyyat fənnindən dərs tədris edərək əmək fəaliyyətinə başlayır. Bir müddət sonra Qarabağ bölgəsində vəziyyətin çətinləşməsini müşahidə edən qəhrəmanımız vətənə xidmət etmək üçün Şuşa Rayon Polis Şöbəsinə müraciət edərək işlə təmin edilir. Sahə müvəkkili vəzifəsində işləyən Sadıq 1992-ci ildən Şuşa şəhəri və kəndləri uğrunda düşmənə qarşı aparılan mübarizəyə qatılır. Zarıslı, Malıbəyli, Turşsu və başqa kəndlər uğrunda gedən döyüşlərdə iştirak edən Vətənin igid oğlu başçılıq etdiyi bölmə ilə birlikdə cəsarət və igidlik göstərərək düşmənə ağır zərbələr endirir, xeyli sayda canlı qüvvəsini məhv edib və silah-sursat ələ keçirir. Mart ayında ağır döyüşdə düşmənlə vuruşan Sadıq Hüseynov yaralansa da, döyüşə davam edir. “Biz vətəni belə anda tək qoyub gedə bilmərik”,- deyib vətən yarasını, öz yarasından üstün bilərək aprel ayının əvvəllərinə kimi cəbhədə döyüşür. Quldur ermənilər bu qarşıdurmanı yatırtmaq üçün raket atəşi ilə Şuşaya hücuma keçirlər. “Nə olur-olsun biz düşmənə layiqli cavab verəcəyik”-deyən vətənin igid oğlu qeyri-bərabər döyüşdə qəhrəmancasına şəhid olur. Vətənin igid oğlu Xocavənd kənd qəbiristanlığında dəfn olunur.

Ölümündən sonra Sadıq Hüseynov Şuşa şəhərinin qorunmasında göstərdiyi igidlik ölkə Prezidenti tərəfindən yüksək qiymətləndirilərək “Azərbaycanın Milli Qəhrəmanı” adına layiq görülür. Xatirəsi əziz tutulan qəhrəmanımızın adı Ağcabədi rayonundakı küçələrdən birinə və Xocavənd kənd 1 saylı tam orta məktəbinə verilərək, məktəbin qarşısında Sadıq Hüseynovun büstü qoyulur.

Şuşa uğrunda canını fəda edən qəhrəmanımız, ruhun şad olsun! Uğruna mübarizə apardığın Azərbaycanın mədəniyyət beşiyi olan Şuşa şəhəri və kəndləri düşməndən azad edildi. “Vətəni darda qoya bilmərik” şüarına Müzəffər Ordumuz səs verərək vətəni yağılardan təmizləyib, öz doğmalarına qaytardı. Məzarınızda rahat uyuyun! Düşməndən qisasınız alınaraq Sizin əmanət qoyduğunuz Vətənimiz göz bəbəyi kimi qorunur.

Səriyyə Salahova

Naxçıvan televiziyasının əməkdaşı

 

 

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: