Bəhruz Kəngərlinin 127-ci ildönümü münasibətilə tədbir olub - FOTOLAR
Bəhruz Kəngərli Muzeyində realist fırça ustasının anadan olmasının 127-ci ildönümü münasibətilə tədbir keçirilib.
NUHÇIXAN xəbər verir ki, tədbirdə muzeyin direktoru Səbinə Əlincəli görkəmli rəssamın keçdiyi ömür yolu, təsviri sənətimizdəki tutduğu mövqedən danışıb. Bildirib ki, Azərbaycanda realist rəssamlığın əsasını qoyan Bəhruz Kəngərli cəmi 7 il yaradıcılıqla məşğul olub. Amma buna baxmayaraq o, 2000-dən çox dəyərli sənət əsəri yaradıb. Bunlardan da 500-ə qədəri günümüzə gəlib çatıb.
Vurğulanıb ki, görkəmli sənətkarın sənət dünyasına, əbədiyaşar yaradıcılığına onun doğulub boya-başa çatdığı doğma vətənində də daim yüksək diqqət və qayğı göstərilir. Realist rəssamın 2012-ci ildə 120 illik yubileyi ilə əlaqədar Azərbaycan Milli İncəsənət Muzeyinin fondunda saxlanılan bir çox əsərlərinin surəti çıxarılaraq Bəhruz Kəngərli Muzeyinə gətirilib. İlk dəfə olaraq rəssamın əsərlərinin tam külliyyatı albom-kataloq şəklində nəşr olunub. Eyni zamanda muxtar respublikada yubiley münasibətilə poçt markası buraxılıb. Naxçıvan Dövlət Teleradiosunda görkəmli rəssamın həyat və fəaliyyətinə həsr olunmuş sənədli film hazırlanıb və Bəhruz Kəngərli Muzeyinin yerləşdiyi bina yenidən qurularaq 2013-cü ildə istifadəyə verilib. Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin 2015-ci il 14 noyabr tarixli Sərəncamı ilə Naxçıvan şəhərində Bəhruz Kəngərli adına Rəssamlar Parkı yaradılıb və rəssamın heykəli qoyulub.
Sonra Naxçıvan Muxtar Respublikasının Əməkdar rəssamı Həmzə Sadiqov “Bəhruz Kəngərli ənənələri naxçıvanlı rəssamların yaradıcılığında”, Naxçıvan Dövlət Rəsm Qalereyasının direktoru Hökümə Məmmədli “Bəhruz bəy Kəngərli irsinin təbliği” mövzularında çıxış ediblər. Çıxışlarda bildirilib ki, böyük rəssamın mövzuları Naxçıvan rəssamlarının əsərlərində də öz əksini tapıb, son illər rəssam haqqında nəşr olunan kitablar və həyata keçirilən tədbirlər rəssamın zəngin irsinin təbliği üçün geniş imkanlar açıb. Diqqətə çatdırılıb ki, görkəmli rəssam “Möminə Xatın”, “Atabəylər türbəsi”, “Türbə”, “İmamzadə türbəsi”, Nuh Peyğəmbər türbəsi və onlarla digər əsərlərində memarlıq abidələrini təsvir etməklə sadəcə rəsm əsəri yaratmayıb, eyni zamanda bir xalqın tarixini, mədəniyyətini, sənətkarlıq istedadını vəsf edib.
Tədbirdə Bəhruz Kəngərlinin həyat və yaradıcılığından ibarət film nümayiş olunub.
Sonda muzeydə realist rəssamın əsərlərindən ibarət ekspozisiyaya baxış olub.
Mədinə Rəhimli