İkinci Qarabağ savaşı dünyaya sübut etdi ki, Azərbaycan xalqının Vətən sevgisi heç nə ilə ölçülə bilməz. 2020-ci il 27 sentyabrda başlayan 44 günlük Vətən müharibəsində düşmənə qarşı əks-cavab əməliyyatında ordumuz erməni quldurlarına layiqli cavabı döyüş meydanında verdi. Bu cavabla 30 ilə yaxın işğal altında qalan əzəli torpaqlarımız azad edilərək xalqımıza böyük qələbə sevinci yaşadıldı. Əlbəttə, bu Zəfər Vətənimizin igid oğullarının qəhrəmanlığı və fədakarlığı bahasına qazanıldı. Vətən torpaqları üçün canlarından keçən oğullar adlarını tarixə qızıl hərflərlə yazaraq şəhadət şərbətini içdilər. Həmin qəhrəmanlarımızdan Nicat Məmmədli, Amin Gülməmmədov və Pərviz Məmmədzadənin bu gün doğum günüdür. Bugünkü yazıda Vətənin igid oğullarının həyat yolundan bəhs edəcəyik.
Culfa şəhərinin yetirməsi olan Nicat Rizvan oğlu Məmmədli 1999-cu il iyulun 31-də dünyaya göz açıb. Orta təhsilini əvvəlcə Culfa şəhər 2 nömrəli tam orta məktəbdə alan Nicat 8-ci sinifdən təhsilinə Heydər Əliyev adına Hərbi Liseydə davam edir. Ən böyük arzusu peşəkar hərbçi olub Vətənin keşiyində durmaq olan Vətənin igid oğlu 2016-cı ildə Heydər Əliyev adına Azərbaycan Ali Hərbi Məktəbinə qəbul olaraq Motoatıcı ixtisası üzrə ali hərbi təhsil alır. Sakit təbiətli, təmkinli, mənəvi keyfiyyətlərinə görə yoldaşlarından seçilən Nicat hər söhbətində Vətənə sevgisini hər şeydən üstün bildiyini, “Vətən uğrunda canımdan belə keçərəm”,-deyir. Bu sevgisini müzəffər Ordumuzun işğal altında olan torpaqlarımızın azadlığı uğrunda 2020-ci il 27 sentyabrda başlatdığı əks-hücum əməliyyatlarında iştirak edərək sübut edən Nicat Məmmədli Ağdam, Ağdərə, Füzuli bölgələri uğrunda döyüşlərə qatılaraq düşmən həmlələrini uğurla dəf edir. Gənc leytenant oktyabr ayının 8-də Suqovuşan istiqamətində gedən ağır döyüşlər zamanı düşmənin atdığı əl qumbarasının partlaması nəticəsində ağır yaralanaraq ali məqama ucalır. Vətən üçün canından keçən qəhrəmanımız Culfa şəhərində dəfn edilir.
Şəhidimiz leytenant Nicat Məmmədli Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin müvafiq sərəncamları ilə ölümündən sonra “Vətən uğrunda”, “Suqovuşanın azad olunmasına görə”, “Cəsur döyüşçü” medalları və 3-cü dərəcəli “Rəşadət” ordeni ilə təltif edilib.
Torpaq həsrəti Vətənə olan sevgimizi artırdı, gücümüzə güc qataraq düşmənlə mübarizə aparmağa sövq etdi, ruhumuzu oyatdı. Vətən müharibəsində silaha sarılaraq Vətən torpağını işğalçılardan azad etməyə tələsən mərd oğullardan biri də Amin Gülməmmədov idi.
Amin 1995-ci il iyul ayının 31-də Culfa rayonunun Saltaq kəndində anadan olub. O, böyüyüb boya-başa çatdığı doğma kəndində ilk təhsilini alaraq 2010-cu ildən isə maraq göstərdiyi hərb sənətini öyrənmək üçün Naxçıvan şəhərindəki Heydər Əliyev adına Hərbi Liseyə daxil olur. Liseyi bitirən qəhrəmanımız ali hərbi təhsilinə Bakı şəhərindəki Heydər Əliyev adına Azərbaycan Ali Hərbi Məktəbinə qəbul olaraq davam edir. Təhsilini başa vuran Amin Gülməmmədov leytenant rütbəsi alaraq Füzuli rayonunda Vətənə xidmətə başlayır. Yüksək hərbi biliklərə yiyələnən qəhrəmanımız qüsursuz xidməti ilə əsgərlərinə nümunə olur. 44 günlük Vətən müharibəsi başlayanda cəbhədə ön sırada yer alan baş leytenant Amin Gülməmmədov torpaqlarımızın düşmən işğalından azad edilməsi uğrunda gedən döyüşlərdə böyük rəşadət göstərir. Vətənin igid oğlu Füzuli, Xocavənd, Cəbrayıl, Hadrut və Daşaltının düşməndən təmizlənməsində qəhrəmanlıq edir. Noyabrın 2-si Aminin son döyüşü olur. Daşaltı istiqamətində gedən döyüşlərdə yaralanan qəhrəmanımız şəhidlik zirvəsinə ucalır. Şəhidimiz dekabrın 28-i Saltaq kənd qəbiristanlığında dəfn edilir.
Baş leytenant Amin Gülməmmədov Vətən müharibəsində göstərdiyi şücaətə görə ölümündən sonra Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin müvafiq sərəncamları ilə “Cəsur döyüşçü”, “Vətən uğrunda” və “Xocavəndin azad olunmasına görə” medalları ilə təltif edilib.
Vətən müharibəsində igidlik göstərib, şəhidliyə ucalan qəhrəmanlarımızdan biri də Pərviz Zahid oğlu Məmmədzadədir. 2001-ci il iyulun 31-də Babək rayonunun Qaraxanbəyli kəndində anadan olan Zahid orta təhsilini Qaraçuq kəndində yerləşən Vilayət Mahmudov adına 9 nömrəli tam orta məktəbdə alır. 2015-ci ildə hərbi təhsil almaq üçün sənədlərini Naxçıvan şəhərindəki Heydər Əliyev adına Hərbi Liseyə verən qəhrəmanımız liseyi müvəffəqiyyətlə başa vurub Heydər Əliyev adına Azərbaycan Ali Hərbi Məktəbində hərb təhsilinə davam edir.
İkinci Qarabağ savaşı başlayan zaman hərbi təhsilini yarım qoyub döyüşlərə qatılıb, düşmən üzərinə hücuma keçənlərdən biri də Pərviz olur. Bir çox uğurlu əməliyyatlarda iştirak edən qəhrəmanımız noyabrın 6-da Xocavəndin azad olunması uğrunda gedən döyüşdə qəhrəmanlq göstərək ali məqama yüksəlir. Şəhidimiz noyabrın 19-da Qaraçuq kənd qəbiristanlığında dəfn olunur.
Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi uğrunda döyüş əməliyyatlarına qatılan və hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirdiyi üçün ölkə Prezidenti İlham Əliyevin müvafiq sərəncamlarına əsasən Pərviz Məmmədzadə ölümündən sonra “Vətən uğrunda”, “Xocavəndin azad olunmasına görə” medalları və 3-cü dərəcəli "Vətənə xidmətə görə" ordeni ilə təltif edilib.
Səriyyə Salahova
Naxçıvan Televiziyasının əməkdaşı