Bəhruz Kəngərli muzeyində interaktiv dərs təşkil edilib - FOTOLAR
NUHÇIXAN xəbər verir ki, Naxçıvan şəhərindəki Bəhruz Kəngərli muzeyi ilə ümumtəhsil məktəbləri arasında “Bəhruz Kəngərli Azərbaycan xalqının görkəmli rəssamıdır” mövzusunda interaktiv dərs keçirilib. Azərbaycanın milli rəsm sənətinin görkəmli simalarından olan, ilk realist fırça ustası Bəhruz Kəngərlinin anadan olmasının 127-ci ildönümü münasibətilə təşkil edilən interaktiv dərsi muzeyin baş fond mühafizi, elmi işçi Səmanə Rüstəmova aparıb. Dərsdə qeyd edilib ki, Naxçıvan torpağı Azərbaycan xalqına görkəmli şəxsiyyətlər bəxş edib. Belə şəxsiyyətlərdən biri də milli rəssamlığın inkişafında özünəməxsus rol oynayan, Azərbaycan rəssamlıq sənətinə yeni üslub və milli ruh gətirən, ilk realist fırça ustası Bəhruz Kəngərlidir. O, 1892-ci il yanvarın 22-də Naxçıvan şəhərində anadan olub. İlk peşəkar rəssam kimi Tiflisdə oxuyandan sonra Naxçıvana qayıdıb və burada öz dövrünün tarixi abidələrini, insanlarını və onların həyat tərzini əks etdirən əsərlər çəkib.
Səmanə Rüstəmova şagirdlərə Bəhruz Kəngərli muzeyi barədə də ətraflı məlumat verib.
Diqqətə çatdırılıb ki, görkəmli sənətkarın sənət dünyasına, yaradıcılığına onun doğulub boya-başa çatdığı doğma Vətənində daim yüksək diqqət və qayğı göstərilir.
İnteraktiv dərs muxtar respublikanın 200-dən çox ümumtəhsil məktəbinin şagirdləri tərəfindən izlənilib.
Cavid Səfərli