Qaraxanbəyli kənd mərkəzində tədbir keçirilib - FOTOLAR
NUHÇIXAN xəbər verir ki, Naxçıvan şəhərində “Ailə təsərrüfatlarının inkişaf etdirilməsində əkinçilik və heyvandarlıq təsərrüfatlarının əhəmiyyəti və müasir texnikaların rolu” mövzusunda tədbir keçirilib.
Qaraxanbəyli kənd mərkəzində keçirilən tədbirdə Naxçıvan şəhərində, qəsəbə və kəndlərdə ailə təsərrüfatı ilə məşğul olan sahibkarlar iştirak edib.
Tədbiri Naxçıvan Şəhər İcra Hakimiyyətinin şöbə müdiri İsmayıl Gülməmmədov açaraq ailə təsərrüfatlarının inkişafına göstərilən qayğıdan danışıb.
Naxçıvan Muxtar Respublikası Kənd Təsərrüfatı Nazirliyinin baş məsləhətçisi Xaliq Abbasov 2018-ci ildə aqrar sahədə qazanılan uğurlardan danışıb, bu sahədə ailə təsərrüfatlarının rolundan ətraflı bəhs edib.
Vurğulanıb ki, beşinci çağırış Naxçıvan Muxtar Respublikası Ali Məclisinin doqquzuncu sessiyasında 2019-cu il muxtar respublikada “Ailə təsərrüfatları” ili kimi qəbul olunub. Bu da ailə təsərrüfatlarının daha da inkişafına əlverişli şərait yaradacaq.
Kənd Təsərrüfatı Nazirliyinin sektor müdiri Valeh Mehdiyev, aparıcı məsləhətçi Lalə Məmmədli, bitkilərin mühafizəsi və toxumçuluq idarəsinin müdiri Niyamət İsayev ailə təsərrüfatlarının inkişaf etdirilməsində müasir kənd təsərrüfatı texnikalarının, heyvandarlıq və toxumçuluq təsərrüfatlarının rolu məsələlərindən danışıblar.
Sonda ailə təsərrüfatlarının sahibkarlarını maraqlandıran suallara aydınlıq gətirilib.
Əbülfəz Dünyamalıyev