Bu gün insanlar yığışıb hərf-hərf, söz-söz, cümlə-cümlə dil yaratdı

A- A A+

Bütün ot-ələf, gül-çiçək yığışıb təbiət yaratdı, bütün heyvanlar yığışıb heyvanıstan yaratdı. Bunlardan fərqli olaraq insanlar yığışıb hərf-hərf, söz-söz, cümlə-cümlə ünsiyyət vasitəsi olan dil yaratdı. Ulularımız dilimizi mənəvi vətən saydı, onu torpaqlarımızın hər qarışında sevərək təbliğ etdi, qorudu və saflaşdırdı. Zaman-zaman xalqımızın başına gətirilən bəlalar dilimizdən də yan keçmədi, iztirablı və keşməkeşli yollar keçən xalqımız öz dilini, dilimiz isə onu yaşadan xalqımızı qoruyaraq indiki biçimdə formalaşdırdı. Qobustan qayaüstü rəsmləri, mixi yazıları, Orxon-Yenisey abidələri, ərəb, kiril, latın qrafikalı əlifbalar ulularımızın danışıq və düşüncələrini gələcəyə əxz edərək öz şanlı tarixini silinməz möhürlə damğaladı. Bizim ana dilimiz o dildir ki, analarımız beşik başında ən həzin simfoniya olan “Ana laylası”nı bu dildə demiş, Nizami sözü, Füzuli eşqi, Nəsimi dözümü, Vurğun şirinliyi, Üzeyir dünyası bu dildə ifadə olunmuş, zaman-zaman damarlarımıza hopmuşdur.

Dünyada, təxminən, 7000 dildə danışılır ki, bunun da 2400-ü yox olmaq təhlükəsi ilə üzbəüzdür, bu da hər 14 gündə bir dilin yox olması deməkdir.

Ana dili bizim müqəddəs sərvətimiz, ömrümüzə rəng qatan, onu gözəlləşdirib sözlə bəzəyən əxlaq dərsliyimizdir. Bu dil ilə dünyaya elan etmişik müstəqilliyimizin əbədiliyini, bu dil ilə tanıtmışıq ədəbiyyatımızı. 50 milyonluq soydaşımızın milli kimliyi olan bu dil dünyaya neçə-neçə dahi şəxsiyyət, alim, siyasətçi, şair bəxş edib. “Qılınc həmin qılıncdır, qol o qol deyil”, – deyən dövlət xadimi Şah İsmayıl Xətai Azərbaycan dilini dövlət və poeziya dilinə çevirmiş, ədəbiyyatımızda, klassik poeziyamızın inkişafında, misilsiz xidmətlər göstərmişdir. Hələ repressiya dönəmində yüzlərlə milli düşüncə qaynaqlarımız H.Cavid, Ə.Cavad, A.İldırım, M.Müşfiq rejimin zillətinə düçar oldular. Bu repressiya azərbaycanlı aydınların aradan götürülməsi ilə millətimizə, dilimizə böyük zərbə vurdu. Lakin 60-cı illərdə, ana dilində danışmağın qadağan olunduğu bir dönəmdə milli düşüncəli aydınlarımız M.İbrahimov, Ş.Qurbanov, X.R.Ulutürk, T.Bayram, B.Vahabzadə, Cənubi Azərbaycanda S.Behrəngi, Pərvin Etsami, M.Şəhriyar Azərbaycan dilində ölməz əsərlər yaratdılar. “Bu dil bizim ruhumuz, eşqimiz, canımızdır, bu dil bir-birimizlə əhd-peymanımızdır”, – deyən Bəxtiyar Vahabzadə dilimizin inkişaf etməsi üçün dayanmadan mücadilə etdi.

Dilimiz haqqında yazıçı Mirzə İbrahimov yazırdı: “Azərbaycan dili qanadlı xəyalları, coşqun ehtirasları, dərin fikirləri ifadə edə bilir. Eyni zamanda bu dil gözəldir, cazibədardır, şeirlə, ahənglə, musiqi ilə doludur”. Böyük rus şairi Lermontov Qafqazda olarkən dostu Rayevskiyə yazırdı ki, Avropada fransız dilini bilmək nə qədər vacibdirsə, Qafqazda da Azərbaycan dilini bilmək o qədər zəruridir.

Milli maarifçilik işığını yandıran dahi pedaqoq Firudin bəy Köçərli 1913-cü ildə ana dilinə həsr etdiyi məqalələrin birində yazırdı: “Azərbaycan türklərinin özünəməxsus dili var. Bizim qabil və mahir ədiblərimiz az olubdur. Amma olanlarda ana dillərini seviblər və yazdıqlarını açıq-aydın yazıblar. Abbasqulu ağa Bakıxanovun “Nəsihətnamə”si, Mirzə Fətəli Axundovun komediyaları, Qasım bəy Zakir məktubları, Hacı Seyid Əzim Şirvaninin əşar və kəlamları, Həsən bəy Zərdabinin elm və fünuna dair yazdıqları kitablar və siyasi məqalələr – hər cümləsi açıq-aydın şəkildə yazılmışdır...”

Cəlil Məmmədquluzadə 1913-cü ildə yazdığı “Əlifba” felyetonunda əlifba ilə bağlı oxucu kütləsini maarifləndirir, ən çətin elmi məsələləri sadə dillə anlatmağa çalışaraq deyirdi: “Gərək izin verəsən biz ərəb hürufatı əvəzinə latın hürufatı qəbul edək, ya da ki xəncəri əldən yerə qoymayacağıq”. Onun əsas hədəfi ortaq bir əlifbadan istifadə etməsi məsələsi idi. O bu əlifbanın çətinliklərini anladığı üçün yeni əlifba ilə əvəz edilməsini istəyirdi.

“Millətin mənliyini saxlayan onun dilidir. Dil ədəbiyyatla, mədəniyyətlə, mənəviyyatla bağlıdır, bunlarsız isə vətənpərvərlik formulu yoxdur. Bizim zəngin, böyük söz ehtiyatına malik olan Azərbaycan dilimiz var”, – deyən Ümummilli Lider Heydər Əliyev dilə layiqincə diqqət yetirmiş, hələ sovet dövründə, imperiya qadağalarına baxmayaraq, dilimizin dövlət dili statusu alması, Azərbaycan dilçi alimlərinin yüksək dövlət mükafatına layiq görülməsi və nəticədə, Azərbaycan dilçiliyinin sürətli inkişafı naminə əlindən gələni əsirgəməmişdir.

 1978-ci ildə qəbul olunmuş Konstitusiyada Azərbaycan dilinə dövlət dili statusunun verilməsi Ümummilli Lider Heydər Əliyevin öz xalqı, öz vətəni qarşısında ən böyük tarixi xidmətlərindən biri idi. 1995-ci ildə ümumxalq səsvermə yolu ilə qəbul olunmuş Konstitusiyanın 21-ci maddəsində Azərbaycan Respublikasının dövlət dilinin Azərbaycan dili olması öz əksini tapdı. Ulu Öndər Heydər Əliyev 2001-ci il iyunun 18-də “Dövlət dilinin tətbiqi işinin təkmilləşdirilməsi haqqında” Fərman imzaladı ki, bu da müstəqil Azərbaycan dövlətinin dil siyasətinin müəyyənləşdirilməsi və formalaşdırılması baxımından tarixi fərmandır. Bu sahədə atılan digər ən vacib addım “Azərbaycan Respublikasında dövlət dili haqqında” Azərbaycan Respublikasının Qanununun qəbul edilməsidir.

30 sentyabr 2002-ci ildə qəbul edilmiş Qanuna əsasən Azərbaycan Respublikası Azərbaycan dilinin dövlət dili olaraq işlədilməsini öz müstəqil dövlətçiliyinin başlıca əlamətlərindən biri sayır, onun tətbiqi, qorunması və inkişaf etdirilməsi qayğısına qalır, dünya azərbaycanlılarının Azərbaycan dili ilə bağlı milli-mədəni özünüifadə ehtiyaclarının ödənilməsi üçün zəmin yaradır. Həmin qanun Azərbaycan Respublikası Konstitusiyasına uyğun olaraq ölkədə Azərbaycan dilinin dövlət dili kimi hüquqi statusunu nizamlayır.

Ümummilli Lider Heydər Əliyev gənc nəslin ana dilini düzgün, hərtərəfli və elmi əsaslar zəminində mənimsəməsini tövsiyə edərək deyirdi: “Öz dilini sevməyən adam öz tarixini bilə bilməz. Ana dilini bilməyən gənc Nizamini oxuya bilməz. Füzulini oxuya bilməz. Əgər onları oxuya bilməsə, o, tariximizi bilməyəcək, bizim mədəniyyətimizi bilməyəcək. Onları bilməsə, o, vətənpərvər olmayacaq. Onda vətənpərvərlik duyğuları, hissiyyatı olmayacaq”.

Dahi Öndər Heydər Əliyevin miras qoyduğu “dil” siyasəti bu gün ölkə Prezidenti İlham Əliyev tərəfindən uğurla davam etdirilir. Dövlətimizin başçısının “Azərbaycan dilində latın qrafikası ilə kütləvi nəşrlərin həyata keçirilməsi haqqında”, “Azərbaycan Milli Ensiklopediyasının nəşri haqqında”, “Azərbaycan dilinin qloballaşma şəraitində zamanın tələblərinə uyğun istifadəsinə və ölkədə dilçiliyin inkişafına dair “Dövlət Proqramı”nın təsis edilməsi haqqında”, Azərbaycan Respublikasının Dövlət Dil Komissiyasının yeni tərkibinin təsdiq edilməsi haqqında”, “Azərbaycan dilinin elektron məkanda daha geniş istifadəsinin təmin edilməsi ilə bağlı bir sıra tədbirlər haqqında” sərəncamları, “Azərbaycan dilinin saflığının qorunması və dövlət dilindən istifadəsinin daha da təkmilləşdirilməsi ilə bağlı tədbirlər haqqında” Fərmanı və bu istiqamətdə görülən işlər dilimizin inkişafına böyük qayğının təzahürüdür.

Zəfərlə başa çatmış İkinci Qarabağ savaşında bütün əmrlər ana dilində verilərək qəhrəmanlarımız kimi döyüşdü, milli kimliyimizə qarşı yönələn söz savaşında qəsbkar hücumlara sipər oldu. İşğal olunduğu gündən öz doğma adının səslənməsinin xiffətini çəkən el-obamız Müzəffər Ali Baş Komandan İlham Əliyevin göstərişi ilə torpaqlarımız iyrənc adlardan sıyrılaraq öz əzəli adları ilə çağırıldı. Şanlı tariximizə öz damğasını vuran “Qarabağ Azərbaycandır” nidası, Azərbaycan dilinin qorunmasına, gələcək nəsillərə qalib dünya dili kimi ərməğan edilməsinə yönələn bir nida oldu.

Bu gün Ana dilimizin qorunub saxlanması sevincini yaşamağı milli düşüncə qaynaqlarımıza borclu olsaq da, unutmamalıyıq ki, Vətən uğrunda torpaq olan bütün şəhidlərimizin “Vətən, sənə canım fəda” sözləri ilə qırılan cümlələrinin bütövləşməsindən yarandı bu dil. Yenidən var olub dünyaya səs saldı. Onların səsləndiyi ana dilində oyandı Xarıbülbül, Xan Şuşinski, Rəşid Behbudov, Xurşidbanu Natəvan. İndi Qarabağda yaşayan, yeriyən, dil açan, ayaq basdığımız əzəli torpaqlara kök salıb həyat olan sizsiniz. Sizsiniz Xudafərinin dilindəki “Xoş gəldin” sədası. Sizsiniz hər gün eyni ruhda doğulub eyni dildə danışanlar. Hərf-hərf, söz-söz, cümlə cümlə dil yaradanlar. Biz də sizdən əmanət aldığımız yurdun hər daşına, hər qayasına səslənirik: “Qarabağ Azərbaycandır” nidalı ana dilimiz, günün mübarək!

Fariz Əhmədov

Naxçıvan televiziyasının baş redaktoru

 

 

 

 

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: