Naxçıvan Muxtar Respublikası ilə İran İslam Respublikasının Şərqi və Qərbi Azərbaycan vilayətləri arasındakı qarşılıqlı faydalı əməkdaşlıq gömrük münasibətlərinin inkişafında da özünü göstərir. 2017-ci ilin dekabr ayında Ali Məclis Sədrinin İran İslam Respublikasına rəsmi səfəri iqtisadi münasibətlərin və ticarət əlaqələrinin genişləndirilməsi baxımından da əhəmiyyətli olub. Səfər çərçivəsində aparılan müzakirələrdən sonra Poldəşt gömrüyünə müstəqil idarə statusu verilib, Şahtaxtı-Poldəşt sərhəd keçid məntəqəsinin iş saatının artırılması qərara alınıb.
NUHÇIXAN xəbər verir ki, yanvar ayının 21-dən Şahtaxtı-Poldəşt gömrük sərhəd keçid məntəqəsinin gündəlik iş saatı 12 saatdan 16 saata çatdırılıb.
Qeyd edək ki, artıq bu gömrük orqanları Bakı vaxtı ilə səhər saat 08:30-dan gecə saat 00:30-dək fəaliyyət göstərəcək.
İş vaxtının uzadılması vətəndaşların bu sərhəd-keçid məntəqəsindən istifadəsinin daha da yaxşılaşmasına, xarici ticarət dövriyyəsinin artmasına və tranzit imkanlardan daha geniş istifadəyə şərait yaradacaq.
Şahtaxtı gömrük sərhəd buraxılış məntəqəsi beynəlxalq statusa malik gömrük orqanlarımızdan biridir. Burada müasir gömrük infrastrukturunun yaradılması, möhkəm maddi-texniki bazanın, o cümlədən X-Rey tipli rentgen nəzarət qurğusunun mövcud olması mallara və nəqliyyat vasitələrinə gömrük nəzarətinin çevik və effektiv şəkildə həyata keçirilməsinə imkan verir. Minik, tranzit və yüklü nəqliyyat vasitələrinin, eləcə də Azərbaycanın digər bölgələrinə gedən və əks istiqamətdə yük daşıyan nəqliyyat vasitələrinin buraxılışının təmin olunması bu gömrük orqanının muxtar respublikamızın xarici ticarət əlaqələrində rolunu və əhəmiyyətini artırır.
Qeyd edək ki, 2007-ci ildə Araz çayı üzərində yeni Şahtaxtı-Poldəşt körpüsünün, 2009-cu ildə Şahtaxtı gömrük idarəsi üçün müasir kompleksin tikilib istifadəyə verilməsi 190 ilə yaxın tarixi olan bu gömrük orqanının fəaliyyətinin artırılmasına və günün tələbləri səviyyəsində qurulmasına hesablanmış addımlar idi. Naxçıvan Muxtar Respublikası ilə İran İslam Respublikasının yaxın vilayətləri arasında bütün sahələrdə qarşılıqlı münasibətlərin ilbəil möhkəmlənməsi fonunda gömrük əlaqələrinin də inkişafı onu deməyə əsas verir ki, gələcəkdə Şahtaxtı-Poldəşt sərhəd keçid məntəqəsi maksimum gücü ilə fəaliyyət göstərəcək.
Rəmzi İbrahimov