Təhsilin keyfiyyətinin yüksəldilməsinin diqqətdə saxlanıldığı muxtar respublikada istedadlı şagirdlərlə aparılan iş sahəsində də mühüm tədbirlər həyata keçirilir. Şagirdlərdə özünə inam hissini formalaşdırmaq, ayrı-ayrı fənlər üzrə bilik və bacarıqlarını aşkara çıxarmaq, şagirdlərin ali və orta ixtisas məktəblərinə qəbulunun daha yüksək səviyyədə olmasını təmin etmək, təhsildə sağlam rəqabət yaratmaq məqsədilə istedadlı şagirdlər arasında fənn olimpiadaları keçirilir.
Naxçıvan Muxtar Respublikası Təhsil Nazirliyinin mətbuat xidmətindən NUHÇIXAN-a verilən məlumata görə, bu məqsədlə yanvarın 24-də yuxarı sinif şagirdləri arasında məktəblilərin muxtar respublika fənn olimpiadasının I şəhər və rayon mərhələsi keçiriləcək. 545 şagirdin qatılacağı bu bilik yarışında şagirdlər 8 fənn üzrə öz bilik və bacarıqlarını nümayiş etdirəcəklər.
Azərbaycan dili və ədəbiyyat, riyaziyyat, fizika, kimya, biologiya, informatika, tarix və coğrafiya fənləri üzrə keçiriləcək fənn olimpiadalarında ümumtəhsil məktəblərinin IX, X və XI sinif şagirdləri biliklərini sınayacaqlar. Şagirdlərə hər fənn üzrə fənn kurikulumuna uyğun olaraq qapalı test formasında hazırlanan 20-30 sual təqdim olunacaq. Həmin test tapşırıqlarını cavablandırmaq üçün şagirdlərə maksimum üç saat vaxt ayrılması nəzərdə tutulur.
Şəhər və rayon mərhələsinin nəticələri muxtar respublika təşkilat komitəsi tərəfindən olimpiadaların keçirildiyi vaxtdan 10 gün müddətində elan ediləcəkdir.
Rayon (şəhər) mərhələsinin nəticələrinə əsasən hər fənn üzrə hər sinifdən ən yüksək nəticə toplayan 3 şagird muxtar respublika mərhələsinin yekun turuna vəsiqə qazanacaqdır.
2 mərhələdən ibarət olan fənn olimpiadalarının muxtar respublika mərhələsi isə fevralın 12-də keçiriləcəkdir.
Onu da qeyd edək ki, olimpiadaların muxtar respublika mərhələsinin qalibləri təşkilat komitəsi tərəfindən diplom və qiymətli hədiyyələr ilə təltif olunacaqdır.