Qazax rayonunun Böyük Cəfərli kəndində Ermənistan tərəfindən atılmış və partlamamış iki raket aşkarlanıb - FOTOLAR
Yanvarın 22-də saat 13:20-də Dövlət Sərhəd Xidmətindən (DSX) Azərbaycan Respublikası Ərazilərinin Minalardan Təmizlənməsi üzrə Milli Agentliyə (ANAMA) Qazax rayonunun Böyük Cəfərli kəndində iki ədəd mərminin tapılması barədə məlumat daxil olub. Bu barədə NUHÇIXAN-a ANAMA-dan bildiriblər.
Məlumata əsasən agentliyin xüsusi mobil çevik əməliyyat qrupu və DSX-nin Sərhəd Qoşunlarının əməkdaşları dərhal həmin əraziyə göndərilib. Qurumun mütəxəssisləri və Sərhəd Qoşunlarının əməkdaşları Azərbaycan-Ermənistan sərhədinə (DSX-nin xidməti ərazisinə) birlikdə baxış keçiriblər. Təhlükəsizliyin təmin edilməsi məqsədilə Sərhəd Qoşunlarının əməkdaşları ərazini əhatəyə alıblar. Agentliyin mütəxəssisləri tərəfindən aparılan təxirəsalınmaz əməliyyat-axtarış tədbirləri nəticəsində 2016-cı il istehsalı olan, düşmən tərəfindən atılmış və partlamamış iki ədəd 40 millimetrlik PQ-7V raketi aşkarlanıb. Raketin daşınması mümkün olmadığına görə agentliyin mütəxəssisləri tərəfindən yerində zərərsizləşdirilib. Raketlərin ətrafında 600 kvadratmetr əraziyə yerüstü baxış keçirilib, əlavə təhlükəli əşya və qurğu aşkarlanmayıb.
Yanvarın 1–dən 22-dək agentlik tərəfindən 16 siqnal (əməliyyat çağırışı) əsasında 11 operativ və təxirəsalınmaz əməliyyat çıxışı olub. Nəticədə Ağstafa, Goranboy, Göygöl, Qazax, Şəmkir, Tovuz rayonlarında, Şəki və Lənkəran şəhərlərində iki ev və həyətyanı sahəyə, bir əkin sahəsinə, yol kənarına, dəniz sahilinə baxış keçirilib. Doqquz partlamamış hərbi sursat və iki tank əleyhinə mina zərərsizləşdirilib. Bu müddətdə 6690 kvadratmetr ərazi yerüstü yoxlanılıb.