Gəzək, görək, tanıyaq… - FOTOLAR
Düşüncə və fikirlərimi toplayıb qərar verirəm ki, öncə qədim diyarımız Naxçıvan şəhərini gəzib, görüb, bildiklərimi oxucularımla paylaşım. Burada məqsədim, sadəcə, Naxçıvan şəhəri deyil, eyni zamanda rayon və kəndlərə də üz tutmaqdır. Elə bu istəklə redaksiyanın otağını tərk edib, yola düşürəm. İlk ziyarət edəcəyim ünvanı yolda düşünməyi qərara alıram. Burada, necə deyərlər, “Yolçu yolunda gərək!”
Çalışdığım Naxçıvan Televiziyası binasının sol tərəfində yerləşən Naxçıvan Dövlət Tarix Muzeyini ziyarət edirəm. Bildirim ki, bu il muxtariyyətin yaranması ilə eyni ildə yaranan muzey də 100 illiyini qeyd edir. 100 yaşlı muzeylə tanış olarkən sanki bu qədim diyarın keçmişinə səyahətə çıxıram.
İlk daxil olduğum otaqda qədimliyi ilə qarşımda canlanan ilk insan məskəni Qazma mağarasında insanların sığınıb yaşam tərzini xəyalən gözlərim önündə canlandırıram. Düşünürəm, insan oğlu necə dövrlərdən keçərək ən müasir dövrə gəlib çıxıb. Bu dövrdə yaşamı gələcək yaxşı həyat tərzinə çevrilməsi üçün neçə-neçə minilliklər keçib. Bu insanların davamçısı olaraq onların gələcək nəsil üçün verdikləri mübarizəni biz də gələcəyimiz üçün etməliyik ki, onlar da daha gözəl həyat yaşasınlar. Addım-addım irəlilədikcə əcdadlarımızın əl əməyinin inkişafının şahidi oluram. Ov ovlamaqdan daha rahat həyat tərzinə keçən qədim insanımızın əl əməyi ilə yaratdıqlarına möcüzə ilə baxıram. Düşünürəm, insan beyninin məhsulunu heç nə ilə əvəzləmək olmaz. Mərhələ-mərhələ daşdan düzədilib istifadə edilən əşyalar tunca, dəmirə, saxı və taxtaya çevrilir. Qarşıya irəlilədikcə qədim dövrdə qadınlarımızın əl işlərindən toxuduğu al-əlvan, güllü-çiçəkli xalçalar və onları hazırlamaq üçün istifadə olunan əşyalar diqqətimi çəkir. Bu alətlərdən istifadə etmək nə qədər çətin, uzun vaxtla və böyük əməklə əmələ gəldiyini görürəm. Ulularımızın əzm və səbrinə heyran qalıram. Muzeyi gəzdikcə muxtar respublikanı yaxşı tanımağın ilk ünvanı elə bu məkanın olduğunu düşünürəm. Diyarımızda yerləşən və onun tarixiliyini təsdiq edən abidələrlə tanış oluram. Burada Ulu Öndər Heydər Əliyevin Naxçıvan haqqında dediyi müdrik kəlamlardan birini xatırlayıram: “Naxçıvan qədim diyardır. Arxeoloji tapıntıların təhlilinə görə, demək olar ki, Azərbaycanın ən qədim diyarlarından biri Naxçıvandır”.
Qeyd edim ki, 1924-cü ildən əsası qoyulan muzey iki mərtəbə və beş ekspozisiya zalından ibarətdir. Muzeydə hazırda 50000-ə yaxın eksponat var ki, bu eksponatların 3000-i ekspozisiya zallarında nümayiş olunub.
Muzey otaqlarında əsr-əsr Naxçıvanın yaşayış tərzini əks etdirən rəsm əsərləri və əcdadlarımızın geyim və əmək fəaliyyətini canlı görüntü verən maketlər sərgilənmişdir. İkinci mərtəbədə isə XIX-XX əsrlərə aid Naxçıvanın və Azərbaycanımızın inkişafı yolunda xidmətlər göstərən şəxsiyyətlərlə tanış oluram. Cümhuriyyətin yaranmasından müstəqil Azərbaycan dövlətinin yaranmasına qədər baş verən tarixi dönəmləri bir kino lenti kimi izləyərək bu gün 100 yaşını qeyd edən Naxçıvan Muxtar Respublikasının yaranmasında xidmətlər göstərən Ulu Öndər Heydər Əliyevin və onun davamçısı, xalqın Müzəffər Sərkərdəsi, ölkə Prezidenti cənab İlham Əliyevin portretləri qarşısında duraraq uzun bir tarixi səfəri qalib hissi ilə başa vururam. Bütün bu səyahət bircə o hissi oyatdı məndə, nə yaxşı ki bu diyarın insanıyam. Böyük qürur hissi ilə bələdçi ilə sağollaşıb, diyarımla tanışlığımı qələmə almaq üçün redaksiyama tələsirəm. Yolboyu da bu nəticəyə gəlirəm ki, hər daşı bir möcüzəvi tarix olan bu diyarın haqqında hələ çox gəzib, çox yazmalıyam. Növbəti “Gəzək, görək, tanıyaq” yazımla oxucularla görüşənədək.
Səriyyə Salahova
Naxçıvan Televiziyasının əməkdaşı