Gənclər hərbi xidmətə yola salınıb - FOTOLAR
NUHÇIXAN xəbər verir ki, Şərur və Kəngərli rayonlarında çağırışçı gənclərin həqiqi hərbi xidmətə yola salənması münasibətilə tədbirlər keçirilib.
Şərur rayonunda keçirilən tədbirdə əvvəlcə Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib.
Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Şərur Rayon İdarəsinin rəisi, mayor Həsən Məmmədov gəncləri hərbi xidmətə yola düşmələri münasibətilə təbrik edib.
Tədbirdə çıxış edənlər Azərbaycan Silahlı Qüvvələrinin gücündən və ordumuzun son illər həyata keçirdiyi uğurlu hərbi əməliyyatlardan söhbət açıb, gəncləri təbrik edib, xidmətlərində uğurlar arzulayıblar.
Kəngərli rayonunda keçirilən tədbiri isə Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Kəngərli Rayon Şöbəsinin rəisi, polkovnik-leytenant Məftun Xəlilov açdıqdan sonra Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib.
Çıxış edənlər gənclərə tövsiyyələrini çatdırıb. Bildirib ki, Azərbaycan Silahlı Qüvvələri sıralarında xidmət etmək şərəfdir. Çünki bu ordu müstəqil Azərbaycan dövlətinin torpaqlarını qoruyur. Biz fəxr edirik ki, ordumuz regionun ən güclü silahlı qüvvələridir.
Çağırışçı Aslan Əhmədov isə ordu sıralarında layiqincə xidmət edəcəyini, döyüş əlaçısı olacağını, lazım gəlsə ölkəmizin ərazi bütövlüyünün təmin olunması üçün silaha sarılaraq düşmənə qarşı mübarizə aparacağını bildirib.
Əbülfəz Dünyamalıyev