İş həyatımda bir çox sahələrdə çalışdıqdan sonra taleyimi bağladığım Naxçıvan televiziyası mənim üçün doğma ocağa, ailəyə, evə çevrilib. Mənə elə Naxçıvan qədər doğma olan Ntv, demək olar ki, elə son bir əsrdə Naxçıvanın da ağrılı-acılı taleyini yaşayıb, onun xoş və işıqlı günlərinin güzgüsü olub. Xüsusilə, ötən əsrin 90-cı illərində televiziyanın əməkdaşları körpələri şəhid edən, yurdumuzu dağıdan erməni quldurlarının qarşısında necə dayandığımızdan, Azərbaycan bayrağını göylərə qaldıran oğullardan, SSRİ-ni dağıdan, əliyalın, ac-susuz işıqsız-qazsız qalsa da, qışın şaxtasında düşmənə canını sipər edən, çörəksiz qalsa da, mətanətini itirməyən mərd və mübariz oğul və qızlarımızın yanında olublar. Onların böyük Vətən, torpaq sevgisini tarixin yaddaşına yazıblar.
Həmin vaxt sanki heç kim bizi duymurdu, heç kim haqq səsimizi dünyaya çatdırmaq istəmirdi. Ümid və inam yalnız Ulu Öndər Heydər Əliyevə idi. Və Naxçıvanın haqq səsini duyuran cəmi iki media qurumuna - "Şərq qapısı" qəzeti və Naxçıvan televiziyasına. Həmin ağır və böhranlı günlərdən 34 il keçib. İndi də tarixi bir film çəkiləndə hər kəs Naxçıvan televiziyasının arxivinə üz tutur. Çünki o kadrlarda oğul və qızlarımızın qəhrəmanlığı, yalın əllə Vətən torpaqlarının müdafiəsinə qalxması, körpə Malik və Elvin qardaşlarının şəhidliyi, qəhrəman qazi Nəzifə Qaybalıyevanın onlarla yaralı igidimizi döyüş meydanından necə çıxarması, minlərlə naxçıvanlının mərkəzi meydana toplaşaraq Heydər Əliyevin Ali Məclisə sədr seçilməsini tələb etməsi, ilk hərbi paradın keçirilməsi, rus qoşunlarının Naxçıvandan çıxarılması, üçrəngli bayrağın yüksəlişi, Araz sahilində sərhəd dirəklərinin sökülməsi var!
Əlbəttə, zaman, dövr dəyişilib, müstəqilliyimiz əbədi və dönməz olub, suveren ölkəmiz inkişaf edir, çiçəklənir, Qarabağ adlı yaramız qapanıb, bu dilbər guşəmiz böyük qayıdış və quruculuq proqramlarına ev sahibliyi edir. Ölkəmiz dünyada öz maraqlarını diktə edir, böyük layihə və tədbirlərə qucaq açır. Bütün bu möhtəşəm işlərin fonunda Naxçıvan televiziyası da sürətlə dəyişilir, ölkənin hər yerindən öz izləyicilərinə xoş xəbərlər verir. Bir-birindən maraqlı filmlər, reportajlar, ədəbi-mədəni layihələr, yüksək vətənpərvərlik ruhunda veriliş və proqramlar hər gün efirlərimizi bəzəyir. Ölkəmizdə şəhid və qazilərimizin döyüş yolu və qəhrəmanlığından bu qədər maraqlı və çox sayda videomateriallar hazırlayan ikinci bir kanal da yoxdur. Ntv bu gün bir mədəniyyət beşiyi, dəyər ocağı, adət-ənənə qucağı, yenilik və quruculuğun aynası, elm-təhsil tribunasıdır. Ulu Öndər Heydər Əliyevlə başlayıb Müzəffər Ali Baş Komandan cənab İlham Əliyevlə davam edən dövlətçilik yolunun və milli maraqların daşıyıcısı və carçısıdır. Dosta da, düşmənə də öz sözünü deməyi bacaran peşəkar bir diplomatdır…
Bu barədə çox yazmaq, çox danışmaq olar. Naxçıvan Muxtar Respublikasının 100 illik yubileyində Ntv barədə danışmağı, hisslərimi ifadə etməyi özümə borc bildim. Çünki bu kanal da muxtariyyət kimi dəyərli və əzizdir, onun yaşıdı və yaddaşıdır.
Yaxşı ki, bizim yolumuz bu məkanda kəsişib…
Nailə Əliyeva
Naxçıvan televiziyasının əməkdaşı