Silahları qoyun yerə-Uşaqların xatirinə!

A- A A+

Bu gün səhər saatlarından jurnalist həmkarlarımızdan birinin sosial media hesabında Rusiya-Ukrayna müharibəsi - daha doğrusu, Ukrayna Silahlı Qüvvələrinin Kursk vilayətini ələ keçirməsi ilə bağlı  paylaşdığı videogörüntünün təsirindən çıxa bilmirəm. Bəlkə də bir çoxumuza normal döyüş təəssüratı bağışlayan bu çəkilişdə ürəkdağlayan bir an var: azyaşlı uşağın bombardman edilmiş sahədən tələm-tələsik velosipedi ilə çıxmağa çalışması, dolayısı ilə ölümdən qaçması...

Bəri başdan deyim ki, yazıda siyasi birtərəflikdən uzaq durmağa çalışacam. Burada kimin haqlı, kimin haqsız olması müəllif kimi məni qətiyyən maraqlandırmır. Haqqı yeyilən, haqsızlığa məruz qalan biri varsa, o da ölümün pəncəsindən qurtulmağa çalışan, başına bomba, raket yağa-yağa velosipedini sağ-salamat döyüş meydanından çıxarmağa çalışan bu uşaq və onun timsalındakı milyonlarla günahsız körpədir. Təsəvvür edə bilirsiniz, XXI əsrin 24-cü ilində Avropanın göbəyində, qatı duman içində insanlar uşaqlığını, bu gününü, gələcəyini itirir və dünya buna səssiz qalır. Təkrar edirəm, tərəflərin kim olduğu, güclü və gücsüz kimdir, bu, tamamilə müzakirəyə açıq bir mövzudur və bunu politoloqların öhdəliyinə buraxıram. Sosial mediadakı məlumatlara görə indiyədək bəhs olunan müharibəyə görə 500-dən çox uşaq həyatını itirib, 2000-ə yaxın azyaşlı isə bu münaqişədən əziyyət çəkib. Başa düşürsünüz, yəni məhv edilmiş 500 tale, torpağa gömülmüş 500 gələcək...

Ey böyük güclər, axı itiriləni geri qaytarmaq mümkün deyil. Heç, uzağa getmirəm. Ötən əsrin 90-cı illərində müharibə cinayətlərinin qurbanı olan xalq kimi bu gün də hafizəmizdə erməni işağlçılarının törətdiyi əməlləri yaşadırıq. Bu, sağalmaz, ömür boyu qanayan yaradır. Siyasi və iqtisadi mənfəətlər, hegomoniya, əzələ nümayişi və sair və ilaxır... Bunların heç biri uşaqların taleyindən, gələcəyindən önəmli deyil. Qələm dostumuz Rahil Tahirlinin şeirindən bir bəndlə yazıya yekun vururam.

Silahları qoyun yerə –
Uşaqların xatirinə!
Bir çiçək götürsün hərə –
Uşaqların xatirinə!

 Muxtar RZAZADƏ

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: