Təranə Arifqızının 7-ci kitabının təqdimatı keçirilib - VİDEO
NUHÇIXAN xəbər verir ki, Naxçıvan Muxtar Respublika Kitabxanasında yazıçı, şairə və jurnalist Təranə Arifqızının “Payızın zəfər rəngi” kitabının təqdimatı keçirilib.
Təqdimatda M.S.Ordubadi adına Naxçıvan Muxtar Respublika Kitabxanasının direktoru Tamella Əsgərova, Azərbaycan Yazıçılar Birliyinin üzvü, Naxçıvan Muxtar Respublikasının əməkdar müəllimi Xanəli Kərimli, Naxçıvan Muxtar Respublikasının əməkdar müəllimi, filologiya üzrə elmlər doktoru, professor Sədaqət Həsənova, AMEA Naxçıvan Bölməsinin Ədəbiyyatşünaslıq şöbəsinin aparıcı elmi işçisi Aygün Orucova və digər çıxış edənlər Təranə Arifqızının həyat və yaradıcılığı barədə ətraflı məlumat veriblər. Bildirilib ki, onun "Mən şair olsaydım", "Nə qədər ki, insan var", "Sözün bayatı rəngi", "İçimdəki səs", "Qarabağda 44 gün" “Qələbəyə tələsən şəhid” kimi kitabları böyük oxucu kütləsinin sevgisini qazanıb.
Diqqətə çatdırılıb ki, Təranə Arifqızının şeirlərində zamanın axarı, ictimai mühitin dəyişkənliyi, şair və dünya kimi bəşəri mövzular aparcı rol oynayır. “Payızın zəfər rəngi” kitabındakı vətən, zaman, sevgi və bu kimi digər mövzulu şeirlər şairin vətəndaşlıq duyğularının və məsuliyyətinin təzahürü kimi diqqəti çəkir.
Bildirilib ki, "Payızın zəfər rəngi" kitabında şairin "Qar ətri", "Qış nağılı", "Mən zərif bir çobanyastığı” kimi şeirləri toplanıb. Bu şeirlərin özünəməxsusluğu ondadır ki, burada təbiət elementləri ictimai ağrıları, sosial qayğıları oxucularla bölüşmək amalına xidmət edir.
Çıxış edənlər sayca 7-ci kitabı işıq üzü görən müəllifi təbrik edib, ona yaradıcılıq uğurları arzulayıblar.