Səhiyyə Nazirliyində kollegiya iclası keçirilib - FOTOLAR
NUHÇIXAN xəbər verir ki, Naxçıvan Muxtar Respublikası Səhiyyə Nazirliyində 2018-ci ildə görülmüş işlər və beşinci çağırış Naxçıvan Muxtar Respublikası Ali Məclisinin doqquzuncu sessiyasından irəli gələn vəzifələrlə bağlı kollegiya iclası keçirilib.
İclasda səhiyyə naziri Niyazi Novruzov çıxış edərək qeyd edib ki, əvvəlki illərdə olduğu kimi 2018-ci ildə də muxtar respublikamızda əhalinin sağlamlığının qorunması və tibbi xidmətin səviyyəsinin yüksəldilməsi istiqamətində işlər davam etdirilib. Tibbi xidmətin müasir standartlar səviyyəsinə yüksəldilməsi və vətəndaşların sağlamlığının etibarlı təminatı bu gün qarşıda duran əsas vəzifələrdəndir. Səhiyyə xidmətlərinin səviyyəsini müasir tələblərə çatdırmaq, keyfiyyətini daha da yaxşılaşdırmaq məqsədilə 2018-ci ildən Sədərək rayonunda icbari tibbi sığortanın tətbiqinə başlanılıb. Əziz Əliyev adına Naxçıvan Muxtar Respublikası Mərkəzi Uşaq Xəstəxanasının binası yenidən qurulub, Şərur rayonunun Ərəbyengicə və İbadulla, Babək rayonunun Aşağı Buzqov, Culfa rayonunun Qazançı kəndlərində həkim ambulatoriyaları, Şərur rayonunun Kosacan, Babək rayonunun Yuxarı Buzqov, Culfa rayonunun Dizə kəndlərində feldşer-mama məntəqələri üçün yeni binalar istifadəyə verilib. Ötən il Naxçıvan Muxtar Respublikasının səhiyyə müəssisələrinə 15 təcili tibbi yardım avtomobilinin təqdim olunması xidmətin təşkilində keyfiyyətcə yeni mərhələ açıb.
Naxçıvan Muxtar Respublikasında uşaqların sağlamlığının qorunması sahəsində işlərin həcminin və keyfiyyətinin artırılması məqsədilə Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin 2018-ci il 9 oktyabr tarixli “Uşaqların icbari dispanserizasiyadan keçirilməsinə dair 2018-2022-ci illər üçün Dövlət Proqramı”nın icrasına başlanılıb.
Nazir qeyd edib ki, ötən il şəhər və rayon xəstəxanalarında 34 hemodializ aparatı qurulub. Yaradılmış təminat hesabına hazırda Naxçıvan şəhəri ilə yanaşı, rayon mərkəzi xəstəxanalarında 123 xəstə hemodializ seansı alır. Həyata keçirilən tədbirlər nəticəsində şəkərli diabet xəstələrinin dərman və özünə nəzarət vasitələri ilə təminatı xeyli yaxşılaşıb. Son illər qan xidmətinin inkişafına da xüsusi diqqət yetirilir. Hazırda Naxçıvan Muxtar Respublika Xəstəxanasında mövcud şərait Mərkəzi Qan Bankının fəaliyyətinə geniş imkanlar açıb. Görülən işlərin nəticəsi olaraq muxtar respublikada talassemiya və hemofiliyalı xəstələrə göstərilən tibbi xidmətin səviyyəsi yüksəlib.
Nazir səhiyyə turizminin də diqqətdə saxlanıldığını, bu sahədə müəyyən işlərin görüldüyünü önə çəkərək vurğulayıb ki, muxtar respublikada 2018-ci ildən sanator-kurort müalicələrinə başlanılıb və ilk olaraq Azərbaycanın digər rayonlarından 198 əlilliyi olan şəxsin müalicə kursu keçməsi təşkil edilib. Fizioterapevtik müalicələrin rayon və kənd səhiyyə müəssisələrində də aparılmasına şərait yaradılıb. Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin tapşırığı ilə fizioterapevtik avadanlıqlar alınaraq 51 kənd həkim ambulatoriyasında qurulub, həmin cihazlarla işləmək üçün kadrlar hazırlanıb.
Diqqətə çatdırılıb ki, hesabat dövründə tibb işçilərinin ixtisas səviyyəsini artırmaq məqsədilə çox saylı seminar və konfranslar keçirilib, bu müddət ərzində müxtəlif klinikalardan yüksək ixtisaslı həkimlər muxtar respublikaya dəvət olunub və Naxçıvan həkimləri ilə birgə fəaliyyət göstərərək xeyli sayda əməliyyatlar aparıblar. Naxçıvan Muxtar Respublika ərazisində Hepatit B və C virus infeksiyalarının qarşısının alınması tədbirlərinin genişləndirilməsi məqsədilə işlər bu gün də aparılır.
Niyazi Novruzov Naxçıvan Muxtar Respublikasında fəaliyyət göstərən səhiyyə ocaqlarının 2018-ci ildə gördüyü işləri ətraflı təhlil edərək aidiyyəti qurumlara bir sıra tapşırıqlar verib. Qeyd olunub ki, səhiyyə müəssisələrinin fəaliyyətində bəzi nöqsan və çatışmazlıqlar hələ də qalmaqdadır. Qısa müddətdə nöqsanlar aradan qaldırılmalı, əldə olunmuş müsbət nəticələrin inkişaf etdirilməsi ciddi nəzarətdə saxlanılmalı, həkimlərin peşəkarlığının artırılması istiqamətində tədbirlər davam etdirilməlidir.
Məruzə ətrafında çıxışlar edilib.
İclasda nazirliyin 2019-cu il üçün iş planı təsdiq edilib.
Turab Hacızadə