İslam Dünyası Təhsil, Elm və Mədəniyyət Təşkilatı (ICESCO) Paris Olimpiadasında öz dövlət bayraqlarını qürurla qaldıran İslam dünyasının medalçılarına ürəkdən təbriklərini çatdırmaqdan məmnundur.
NUHÇIXAN xəbər verir ki, bu sözlər təşkilatın bəyanatında yer alıb. “ICESCO üzv dövlətlərin idmançılarının tarixi nailiyyətlərini təqdir edir, onların müxtəlif idman növləri üzrə çoxsaylı dünya rekordlarını alqışlayır və bu qlobal miqyasda tanınan idman tədbirində çətinliklərin öhdəsindən gəlməkdə göstərdikləri əzmkarlıq və qətiyyətlə fəxr edir. Təşkilat, həmçinin İslam dünyasının sağlam, firavan və möhkəm cəmiyyətlərin yetişdirilməsində rolunu vurğulayaraq, idmanın təşviqində göstərilən səyləri yüksək qiymətləndirir”, - deyə təbrik mesajında qeyd olunur.
Təşkilat vurğulayır: “ICESCO bu münasibətlə idmandan sülh quruculuğu, birgəyaşayış və mədəniyyətlərarası dialoq dəyərlərinin təşviqi üçün güclü vasitə kimi istifadə edilməsinə dair strateji baxışını bir daha təsdiqləyir. Təşkilat həyatın yaxşılaşdırılması üçün idmanın gücündən istifadə edən müxtəlif təşəbbüslərin, proqramların və layihələrin həyata keçirilməsində müvafiq orqanlarla əməkdaşlıq vasitəsilə, xüsusilə də gənc nəsillər arasında idman iştirakçılığını artırmaq üçün üzv dövlətlərinin səylərini dəstəkləməyə davam edir”.
ICESCO bəyan edib ki, təşkilat beynəlxalq ictimaiyyəti ekstremist ideologiyalara və zorakılıq meyillərinə qarşı çıxmaq, humanitar və sivilizasiya dəyərlərini təbliğ etmək üçün bu cür qlobal idman tədbirlərinin təqdim etdiyi fürsətdən istifadə etməyə çağırır. Yumşaq gücün bir forması olan idman, həmçinin müxtəlif cəmiyyətlərdən və mədəniyyətlərdən olan fərdlər arasında birgəyaşayış və tolerantlığın təşviqində mühüm rol oynayır.