Biz Azərbaycanın siyasi arenasından əlavə idman arenasında da gedən möhtəşəm zəfərlərə, qalibiyyətlərə şahidlik edirik. Bəli, yatmadıq bu axşam, hər birimiz Qarabağ üçün yatmadıq, sevinc üçün, zəfər üçün, dəstək üçün yatmadıq. Bolqarıstanın “Ludoqorets” komandası ilə doğma, əziz komandamız “Qarabağ” səfərdə oynadı və nə az, nə çox “7-2” hesabı ilə rəqibini darmadağın edərək hər birimizin qəlbində qurduğu taxta bir mismar daha vurdu. Taxtın sahibi Qarabağ, orada əyləşən isə diqqəti və soyuqqanlılığı ilə balacadan-böyüyə hər kəsi heyrətləndirən Qurban Qurbanovdur.
Əfsanə məşqçi də açıqlamasında:
“Futbolçularıma ancaq əhsən düşür, Azarkeşlərimizi, Azərbaycanımızı təbrik edirəm. Bu cür oyunlar bizi böyüdür, sanki triller idi. Həqiqətən, bu mənim, Azərbaycanın “Qarabağ”ı idi.
Sənə də təşəkkür edirik, Qurbanov !
Futbol oyunlarında bizə olunan haqsızlıqlara baxmayaraq, biz güclənirik, irəli gedirik, qalib oluruq, həm də yüksək hesabla, hakim ədalətsizliklərinə rəğmən, səfər oyunlarına rəğmən biz qalib oluruq. Zəfər çalmış bir ölkəyə də elə daim zəfər yaraşar. Qarabağ futbol liqasında inanılmaz dərəcədə irəliləyir, statistikalarda belə bir çox tanınmış komandaları artıq geridə qoyub. Komanda da daxili intizamı, oyunçuların eyni amalını biz axşam olan oyunda da rahatlıqla gördük. Bir dəqiqə ərzində rəqibin qapısından iki qol keçirmək asan bir iş deyil, bunu biz bacardıq, Qarabağ bacardı...
Axı “Vaqifin, Natəvanın səndə ayaq izləri var”,– deyərək çıxırıq yola, “Qarabağ, can Qarabağ”,– deyərək çıxırıq yola, dualarla, inamla, həyəcanla çıxırıq yola və “7-2” hesabı ilə qalib gəlirik.
Axşam olan həyəcanın əvəzini, bəlkə də, milyonlar doldurmaz, heç bir hiss əvəz edə bilməz. Qalibiyyətimiz mübarək olsun, Qarabağ!
Var ol, yaşa, çox yaşa, Qarabağ !
Hər şey üçün təşəkkür edirik!
Əli Yarıyev
Naxçıvan televiziyasının əməkdaşı