Xorvatiya saytı Naxçıvan haqqında: “Buranın bazarlarında satılan meyvə və tərəvəz dünyada ən təbii qidalardır”
NUHÇIXAN xəbər verir ki, Xorvatiyanın “Chasinqthedonkey” turizm saytında Naxçıvanla bağlı geniş yazı yer alıb. Daha çox Balkan ölkələrinin və qonşu Avropa dövlətlərinin turizmini təbliğ edən saytda verilən məqalədə Naxçıvanın turizm imkanları, buradakı 4-5 ulduzlu hotellər, gəzmək və istirahət etmək üçün marşrutlar barədə ətraflı bəhs edilir. 4 gün ərzində Naxçıvanı turist kimi gəzən yazı müəllifi hər günün maraqlı və yaddaqalan olduğunu bildirir. Möminə xatın, Qarabağlar, Nuh peyğəmbərin məzarüstü türbələri, Batabatın gözəlliyi, dağ zirvəsində qərar tutan Cənubi Amerikadakı Maçu-Piçunun ekizi olan qədim qala Əlincəqalanın məğrurluğu, Ordubad şəhərinin qədim məhəllələri və qonaqpərvərliyi yazıda xüsusi olaraq vurğulanıb. Naxçıvanı görmək istəyən avropalı turistlərə burada nəqliyyat infrastrukturu və marşrutlar haqda da məlumat verilir. Qeyd olunur ki, daha çox taksi xidmətlərindən istifadə etsinlər. Çünki bu xidmət həm ucuz, həm də sərfəlidir. Naxçıvan bazarlarındakı meyvə və tərəvəz isə dünyanın ən təmiz və təbii qidası kimi qiymətləndirlir. Naxçıvanın 2018-ci ildə İslam Mədəniyyətinin Paytaxtı elan olunması və buradakı məscidlərin memarlıq üslubu, abidələrin gözəlliyi də diqqətdən yayınmayıb. Müəllif onu da qeyd edir ki, şəhərin sakitliyi, səliqəsi və təmizliyi indiyə qədər gəzdiyi Asiya ölkələrinin heç birində qarşısına çıxmayıb.
Səyahət həvəskarları olan avropalılara müraciət edən məqalə müəllifi,-“bu regionun özəlliyi ondadır ki, çox da böyük olmayan ərazinin hər yerində sürprizlərlə qarşılaşırsan”-deyə öz fikrilərini tamamlayır.