NUHÇIXAN xəbər verir ki, bu barədə Naxçıvan televiziyasının "Üzbəüz" proqramının qonağı olan Muxtar Respublikanın Ekologiya və Təbii Sərvətlər naziri Xanlar Mustafayev bildirib.
Nazir vurğulayıb ki, bu ilin 6 ayı ərzində muxtar respublikada əldə olunan enerjinin 61,1 faizi günəş elektrik stansiyaları və su elektrik stansiyaları vasitəsilə təmin olunub. Bu, ekoloji baxımdan səmərəli hesab olunur: "Naxçıvanda ilkin mərhələdə elektromobillər üçün 10 elektrik doldurucu stansiyanın alınıb quraşdırılması nəzərdə tutulub. Bu prosesə özəl şirkətlər də cəlb olunacaq.
2025-ci ildə Naxçıvanda təbii fəlakət, dolu, daşqın, sürətli küləklər, leysan xarakterli yağıntılar haqqında 3 saat əvvəlcədən dəqiq məlumat verən Dopler radar sistemi quraşdırılacaq.
Bu il 2 ədəd aqrometeoroloji stansiyanın alınaraq Ordubad və Kəngərli rayonlarında quraşdırılması nəzərdə tutulub".
X.Mustafayev bildirib ki, cari ildə muxtar respublikada 550 hektar ərazidə toxum və tinglər vasitəsilə meşəsalma və meşəbərpa tədbirləri nəzərdə tutulub. Yaz əkini mövsümündə artıq 431,6 hektarda (79%) yaşıllaşdırma işləri görülüb.
Muxtar respublikanın 5 filiz yatağının istismarı üçün investisiya cəlb olunması planlaşdırılır.
Proqramda COP 29-un ölkəmiz və dünya üçün əhəmiyyəti, eləcə də 2023-2027-ci illər üzrə Naxçıvan Muxtar Respublikasının sosial-iqtisadi inkişafına dair dövlət proqramı çərçivəsində görülən işlərə də toxunulub.
Qeyd edək ki, “Üzbəüz” proqramını avqustun 18-də saat 21:00-da Naxçıvan televiziyasında izləyə bilərsiniz.