Prezidentin fərmanı Naxçıvan teleradiosunun daha sürətli inkişafına stimul kimi dəyərləndirilib - FOTOLAR
NUHÇIXAN xəbər verir ki, avqustun 15-də “Naxçıvan Muxtar Respublikası Televiziya və Radio Verilişləri” Qapalı Səhmdar Cəmiyyətində Prezident İlham Əliyevin “Audiovizual yerüstü yayım həyata keçirən dövlət orqanlarının (qurumlarının) Siyahısı”nda dəyişiklik edilməsi haqqında Fərmanı ilə bağlı tədbir keçirilib.
Naxçıvan Muxtar Respublikasında Azərbaycan Respublikası Prezidentinin səlahiyyətli nümayəndəliyinin əməkdaşı Günay Nəzərova bildirib ki, Prezident İlham Əliyev avqustun 15-də “Audiovizual yerüstü yayım həyata keçirən dövlət orqanlarının (qurumlarının) Siyahısı”nda dəyişiklik edilməsi haqqında Fərman imzalayıb. Fərmana əsasən siyahıya “Naxçıvan Muxtar Respublikası Televiziya və Radio Verilişləri” Qapalı Səhmdar Cəmiyyəti – “Naxçıvan TV” televiziya yayımçısı və “Naxçıvan Radiosu” radio yayımçısı” əlavə edilib.
Günay Nəzərova vurğulayıb ki, dövlət başçımızın bu il media sahəsi ilə bağlı imzaladığı mühüm sənədlər Azərbaycan mediasına olan diqqət və qayğının əyani ifadəsidir. Bu gün imzalanan fərman Naxçıvan teleradiosunun kollektivinə daha uğurlu işlər görmək üçün stimul verəcək. Bu, həm də böyük etimad olmaqla kollektivin məsuliyyətini daha da artırır, fəaliyyətin daha da təkmilləşdirilməsi üçün yeni imkanlar yaradır.
Günay Nəzərova kollektivə Naxçıvan Muxtar Respublikasında Azərbaycan Respublikası Prezidentinin səlahiyyətli nümayəndəsi Fuad Nəcəflinin təbriklərini çatdırıb və fəaliyyətlərində yeni-yeni uğurlar arzulayıb.
“Naxçıvan Muxtar Respublikası Televiziya və Radio Verilişləri” Qapalı Səhmdar Cəmiyyətinin sədri Sahil Tahirli 15 avqustu kollektiv üçün əlamətdar gün kimi dəyərləndirib. Bildirib ki, 100-ə yaxın yaşı olan Naxçıvan teleradiosu ötən dövrdə böyük təşkilatlanma və uğurlu yol keçib. Bu gündən isə teleradio qarşısında yeni mərhələ başlayır.
Naxçıvan teleradiosuna göstərilən yüksək qayğıya və böyük etimada görə Prezident İlham Əliyevə kollektiv adından təşəkkür edən Sahil Tahirli bildirib ki, qarşıda daha böyük hədəflər var: göstərilən etimada cavab olaraq yayım keyfiyyətini yüksəltmək və peyk yayımını təşkil etmək. Bu hədəflərə nail olmaq üçün kollektiv bundan sonra da səylə çalışacaq, etimadları doğruldacaq.
Naxçıvan Muxtar Respublikası Ali Məclisi Aparatının Mətbuat və ictimaiyyətlə əlaqələr sektorunun müdiri Rəmzi İbrahimov Naxçıvan teleradiosunda gənc jurnalistlərin yetişməsi sahəsində görülən işləri yüksək qiymətləndirib. Qeyd edib ki, kollektiv sırasında yetişən gənclər muxtar respublikanın müxtəlif qurumlarında məsul vəzifələrdə fəaliyyətlərini uğurla davam etdirirlər. Dövlət başçımızın bu gün imzaladığı fərman kollektivin əməyinə, xüsusən də Naxçıvan mediasına verilən yüksək və xüsusi qiymətdir. Rəmzi İbrahimov əminliklə ifadə edib ki, Naxçıvan teleradiosu bundan sonra da üzərinə düşən missiyanı daha böyük məsuliyyətlə yerinə yetirəcək.
Tədbirdə Naxçıvan televiziyasının baş redaktorları Röyal Məmiyev, Anar Tağıyev və Nicat Quliyev çıxış edib, səmimi təbriklərə görə təşəkkür edib, göstərilən diqqətə görə dövlətimizə minnətdarlıqlarını bildiriblər.