Bu gün Naxçıvan Televiziyasının səsi Şuşadan gəlirsə bu zəhmətin bəhrəsidir

A- A A+

Qələm sahibi ifadəsi o qədər müqəddəs bir kəlmədir ki, o, əkinçi, usta, həkim, müəllim, bəzən torpaq olur, Vətənə çevrilir, şəhid olub onun dili ilə danışır, bir sözlə, o hər getdiyi yerdə həmsöhbət olacağı insana çevrilir. Onun qəlbinə girir, söyləyəcəyi sözləri ölçüb-biçir yaddaşa çevirir. Mən deyərdim ki, bizim son 34 ilin mətbuat işçilərinin bəxti daha çox gətirib. Çünki biz gələn yollardan Həsən bəy Zərdabi, Mirzə Ələkbər Sabir, Cəlil Məmmədquluzadə keçmişdi artıq. Biz gələndə repressiya bitmiş, Azərbaycan müstəqillik qazanmışdı. Biz əlimizə qələm alanda Ulu Öndərin kölgəsi başımızın üstündə idi. Və biz "Şuşa, sən azadsan!","Qarabağ Azərbaycandır!"sərlövhəli yazılar yaza bildik. Biz Zəfər, Qələbə sözləri ilə efirə çıxıb "Gözün aydın, Azərbaycan!" deyə səslənə bildik xalqımıza. Xalqının xoş gününü yaddaşa köçürən qəzet, qələbə xəbərini efirdən tamaşaçıya çatdıran televiziya, radio işçisindən xoşbəxt kimsə yoxdur, məncə, bu dünyada.

Biz həm də ona görə xoşbəxtik ki, dövlət başçısının qayğıkeş əlini hər zaman öz çiynimizdə hiss edirik. Ulu Öndərin biz media əməkdaşlarına olan qayğısı cənab İlham Əliyev tərəfindən davam etdirilir. Bu qayğını Azərbaycanın hər bir yerində Vətəni üçün çalışan jurnalist görür. Qədim torpağın qəhrəman yurdu Naxçıvanın media nümayəndələri də hər zaman bu qayğını hiss edirlər. "Şərq qapısı" qəzetinin rəsmi təsisçilik hüququ bir neçə ay öncə "Media haqqında" Qanuna edilən dəyişikliklə təsdiqləndi. Dünən daha bir sevindirci xəbər aldıq. Prezident İlham Əliyevin “Audiovizual yerüstü yayım həyata keçirən dövlət orqanlarının (qurumlarının) Siyahısı”nda dəyişiklik edilməsi haqqında Fərmanına əsasən siyahıya “Naxçıvan Muxtar Respublikası Televiziya və Radio Verilişləri” Qapalı Səhmdar Cəmiyyəti – “Naxçıvan TV” televiziya yayımçısı və “Naxçıvan Radiosu” radio yayımçısı” əlavə edilib. Bu xəbəri eşidəndə gözümün qarşısına 1990-cı ilin soyuq qış günləri gəldi:

Ağ-qara televizor olan otağa qaçırdı hamı. Qonum-qonşu bir yerə yığılmışdı, hər kəs mühüm xəbəri eşitmək üçün sakitcə dayanmışdı. Səssizliyin içindən televiziya müxbirinin səsi eşidildi: "Hörmətli tamaşaçılar, Naxçıvan Muxtar Respublikasının SSRİ-nin tərkibindən çıxması haqqında Naxçıvan Muxtar Respublikası Ali Sovetinin qərarını sizə çatdırırıq." Bu sözlər eşidiləndə hamı sevinclə bir-birinə baxdı. Həmin xəbər bir neçə dildə oxundu. Həmin gün 5-6 dildə oxunan qərarı, sadəcə, biz dinlədik. Çünki bizim televiziyaya ancaq biz baxa bilirdik. Özü də həyətə yerləşdirilən bir neçə metrlik ötürücü ilə.

Sonra daha çətin günlər də oldu. Haqq səsimizi dünyaya çatdırmaq istəyən jurnalistlər Sədərəkdə güllə yağışı altında qalsa da, həmin anları yaddaşa köçürdülər. Televiziyanın və qəzetin əməkdaşları çətin şəraitdə də olsa, haqq səsini dünyaya çatdıra bildilər naxçıvanlıların. Onlar gecə-gündüz çalışıb Ulu Öndərin Naxçıvan üçün gördüyü işləri dünyaya yetirdi. Bu gün fəxrlə deyirik ki, Azərbaycanın dahi oğlunun ən çətin günlərdə, xalqın yanında olduğu, mübarizə apardığı günlərdə onun yanında "Şərq qapısı" qəzetinin və Naxçıvan Televiziyasının əməkdaşları var idi. Neft çıraqlarının işığında imzalanan sərəncamları da elə ilk çap edən və efirdə səsləndirən onlar idilər. Həmin çətin və keşməkeşli yollardan keçib müasir mətbuat orqanına çevrildi Naxçıvan mediası.

Bu gün Naxçıvan Televiziyasının səsi Şuşadan, Xankəndidən, Xocalıdan gəlirsə bu zəhmətin bəhrəsidir.

Ramiyə Əkbərova

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: