Naxçıvan Muxtar Respublikası Gənclər və İdman Nazirliyinin mətbuat xidmətindən NUHÇIXAN-a verilən məlumata görə, Naxçıvan şəhər 3 nömrəli uşaq bağçasında məktəbəqədər hazırlıq qruplarında olan 5-6 yaşlı uşaqlar arasında “Ağıllı uşaq” əyləncəli intellektual oyunu keçirilib.
Əvvəlcə Naxçıvan Muxtar Respublikası Gənclər və İdman Nazirliyinin əməkdaşı İlahə Haqverdiyeva bildirib ki, tədbirin keçirilməsində məqsəd intellektual oyunlara uşaqların marağının artırılması, kiçik yaşlarından başlayaraq onların əqli qabiliyyətlərinin və məntiqi düşüncələrinin inkişaf etdirilməsidir. Sonra Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin əməkdaşı Gülər Əhmədova və Naxçıvan Şəhər İcra Hakimiyyətinin əməkdaşı Orxan Məhərrəmov çıxış edərək muxtar respublikada uşaqlara göstərilən dövlət qayğısından danışıblar.
İki mərhələdən ibarət olan oyunda 4 komanda iştirak edib. Birinci mərhələdə uşaqlar butona basmaqla 25 sualı, ikinci mərhələdə isə onlara təqdim olunan 5 şəkilli sualı cavablandırıblar.
Sonda daha çox suala düzgün cavab verən “Bənövşə” komandası qalib adını qazanıb. “Lalə” komandası ikinci, “Qızılgül” və “Nərgiz” komandaları üçüncü olublar.
Qaliblərə təşkilatçılar tərəfindən diplom, fəxri fərman və rəngli kitablar təqdim olunub.
Qeyd edək ki, intellektual oyun Gənclər və İdman Nazirliyinin, Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin, Naxçıvan Şəhər İcra Hakimiyyətinin və Yeni Azərbaycan Partiyası Naxçıvan Muxtar Respublika Təşkilatının Heydər Əliyev adına Gənclər Birliyinin birgə təşkilatçılığı ilə keçirilib. Oyun Gənclər və İdman Nazirliyinin rəsmi sosial şəbəkə hesablarında canlı olaraq yayımlanıb.