Son 50 ildəki temperatur artımı insan həyatına nəzərəçarpacaq dərəcədə təsir göstərir. Mütəxəssislərin apardıqları araşdırmalar göstərir ki, qlobal iqlim dəyişikliyi fonunda havaların temperaturu yüksəlir.
NUHÇIXAN xəbər verir ki, Azərbaycan Milli Elmlər Akademiyasının Coğrafiya İnstitutunun direktor müavini Məhərrəm Həsənov bu məsələni şərh edərkən deyib: “Hesablamalar göstərir ki, hətta son 25-30 il ərzində ölkəmizdə havanın orta illik temperaturu 0,6-1,5 dərəcə yüksəlib. Bu, bitkilərin vegetasiya dövrünün artması və onların inkişafının daha yaxşı getməsinə səbəb olur. Fəal temperatur cəminin artması nəticəsində bitkilərin məhsul verməsi daha tez başa gəlir. Lakin havadakı bu dəyişikliyin digər cəhətləri də var. Ölkəmiz dağlıq ərazidə yerləşdiyinə görə yüksəkliyə doğru istilik və rütubət zonaları var və onlar müəyyən sərhədlərə malikdir. Həmin sərhədlərin şaquli istiqamətdə 100-150 metr dəyişməsi böyük ərazilərdə quraqlıqların baş verməsinə aparıb çıxara bilər”.