Yuxusuzluğa necə qalib gəlməli: 7 məsləhət

A- A A+

Çox vaxt insanlarda kəskin və ya stresslə bağlı yuxusuzluq müşahidə olunur. Bu, orqanizmin xarici amillərə reaksiyasıdır. İnsan sakitləşəndə və stress vəziyyətindən çıxanda yuxu da normallaşır. M.Seçenov adına Birinci Moskva Dövlət Tibbi Universitetinin yuxu təbabəti bölməsinin müdiri Mixail Poluektov bu barədə fikirlərini bölüşüb. Alim yuxusuzluğa qalib gəlmək üçün bir neçə məsləhət verib.

NUHÇIXAN “MedikForum”a istinadla xəbər verir ki, M.Poluektovun sözlərinə görə, yuxusuzluq xəstəlik deyil, sindromdur. Əsas xəstəliyi müalicə edən kimi, yuxusuzluq da aradan qalxır.

Həkim deyib: “Yuxusuzluğun xroniki forması daha ağırdır. Belə yuxusuzluq aylarla davam edə bilər. Yuxunun uzun müddətə pozulması ciddi fəsadlara gətirib çıxarır: immunitet zəifləyir, ürək-damar xəstəlikləri, diabet və onkoloji xəstəliklər riski artır”.

Bəs mütəxəssis yuxusuzluğa qalib gəlmək üçün hansı məsləhətləri faydalı hesab edir?

Yataqdan qalxmaq. Bəzən yuxunun pozulması üçün ciddi əsas olmur. Lakin insanda yuxusuzluğu gözləmə sindromu formalaşır. O, yuxuya gedə bilməyəcəyindən ehtiyat edir. Psixofizioloji faktor yaranır. Bu halda yataqdan qalxıb başını sakit bir işlə qatmaq lazımdır, onda yuxu öz-özünə gələcək.

Həkimə müraciət etmək. Əgər yuxusuzluq problemi iki-üç həftə davam edirsə və yuxunu müstəqil normallaşdırmaq cəhdləri səmərəsizdirsə, həkimə müraciət etmək lazımdır.

Fiziki fəallıq. Həkimlər yuxusuzluğa qalib gəlmək üçün məşq etməyi məsləhət görürlər. Yatmağa getməzdən 6 saat əvvəl idmanla məşğul olmaq çox faydalıdır. Müntəzəm fiziki fəallıq yuxunun keyfiyyətini yaxşılaşdırır. Bunu elmi tədqiqatlar da təsdiq edir.

Dəqiq vaxt rejimi. Yuxusuzluğa qalib gəlmək üçün eyni vaxtda yuxuya getmək və yuxudan oyanmaq lazımdır. M.Poluektovun sözlərinə görə, dəqiq vaxt rejimi nəinki yuxuya getmə probleminin həllinə, həm də gündüzlər insanın özünü gümrah hiss etməsinə kömək edir.

Stimulyatorlardan imtina etmə. Əgər yatmağa 6 saat qalmış fiziki hərəkətlər faydalıdırsa, yatmazdan əvvəl həm fiziki, həm də əqli fəaliyyəti məhdudlaşdırmaq lazımdır. Bundan əlavə, axşam saatlarında qəhvə, çay və spirtli içki içmək məsləhət görülmür, çünki onlar orqanizmə stumullaşdırıcı təsir göstərir. İşıqlandırma zəif, səslər isə boğuq olmalıdır.

Sakitləşdirici içkilər. Yuxusuzluğa qalib gəlmək üçün çox vaxt xalq təbabəti vasitələri, məsələn, bal qatılmış isti süd, çobanyastığı çayı və digər sedativ bitki komponentlərinin çayları tövsiyə olunur. Alimlərin fikrincə, bu çayların aşkar yuxugətirici təsiri yoxdur. Lakin əgər insan belə çayların ona kömək etdiyini düşünürsə, onlardan imtina etməməlidir.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: