Vətən igid oğulları ilə var olur!

A- A A+

Vətən torpaqları uğrunda vuruşub bu yolda şəhadətə yüksəlmək böyük şərəfdir. Bu şərəfli ölüm hər kəsə nəsib olmur. Ancaq təmiz qəlibi ilə vətənini, xalqını sevən qəhrəmanlar bu adı qazanırlar. Bu gün xatirəsini əziz tutub, yad etdiyimiz milli qəhrəmanlarımız da, məhz, vətənini canından çox sevən igidlərimizdən olublar. Birinci Qarabağ savaşında mərdliklə vuruşuan vətən oğullarından İsgəndər Aznaurov və Aslan Atakişiyevin həyat yollarına nəzər salaq.

1991-ci ilin sonlarından Ermənistanın Azərbaycan torpaqlarına təcavüzkar hücumları zamanı vətənimizin müdafiəsinə qalxanlardan biri də İsgəndər Aznaurovdur. 1956-ci ildə Özbəkistan Respublikasının Buxara Vilayəti Qala-Asiya kənd sovetliyinin 22 saylı sovxozunda anadan olub. Daşkənd vilayətinin Akkurqan rayonunda yerləşən Lomonosov adına 1 saylı tam orta məktəbdə orta təhsilini başa vuran İsgəndər bir müddət əmək fəaliyyəti ilə məşğul olur. 1975-ci ildə Akkurqan rayon Hərbi Komissarlığı tərəfindən hərbi xidmətə çağrılan qəhrəmanımız əsgəri xidmətini yerinə yetirir. Xidmətini bitirdikdən sonra ali təhsil almaq arzusunda olan İsgəndər həmin ili Daşkənd İrriqasiya İnstitutuna qəbul olur. Ali təhsilini başa vurduqdan sonra əmək fəaliyyətinə başlayan qəhrəmanımız ailəsi ilə birlikdə ölkəmizə köçərək Şəmkir rayonunun Kür qəsəbəsində yaşamış və burada Cihazqayırma Zavadunda əmək fəaliyyətinə davam etmişdir. Kür qəsəbəsində yaşadığı müddətdə ermənilərin Azərbaycan torpaqlarına hücum edərək, dinc əhaliyə olmazın vəşiliklər etməsi İsgəndərin qəlbini çox narahat edir. Bu ədalətsizliyə etiraz edən qəhrəmanımız 1992-ci ildə könüllü Milli Ordu sıralarına yazılır. “N” hərbi hissənin artilleriya üzrə komandir müavini təyin olunan İsgəndər düşmənə gözdağı olan igidlərdən biri olur. Baş leytenant rütbəsinə yüksələn qəhrəmanımız Gədəbəy rayonunun Şınıx bölgəsində peşəkar hərbçi kimi düşmənin hərbi bazalarının darmadağın edilməsində iştirak edir. O, qatıldığı ağır döyüşlərin birində düşmənin dörd topunu sıradan çıxarmış və onlarla düşmənin canlı qüvvəsinin məhv edilməsində qəhrəmanlıq göstərmişdir. İsgəndər Aznaurov Nazdıxanyal istiqamətində uğurlu döyüş tapşırığını yerinə yetirir. Çətin və olduqca ağır döyüşdə mərdlik, igidlik göstərən baş leytenant düşmənə qarşı apardığı hərbi əməliyyat uğurla nəticələnir. Erməni quldurlarının silah-sursat anbarı dağıdılaraq xeyli sayda düşmənin canlı qüvvəsi və hərbi texnikaları ələ keçirilir.

1993-cü il 18 aprel… Cəbhə bölgəsində gedən güclü döyüşlərdə igidlik göstərən qəhrəmanımız ağır yaralanaraq şəhadətə yüksəlir. Şəhidimiz Bakı şəhər Şəhidlər Xiyabanında dəfn edilir.

Azərbaycan torpaqlarının qorunmasında rəşadət göstərib, vəzifə borcunu yerinə yetirən baş leytenant İsgəndər Aznaurov ölümündən sonra Azərbaycan Respublikası Prezidentinin 15 yanvar 1995-ci il tarixli 262 saylı Fərmanı ilə “Azərbaycanın Milli Qəhrəmanı” fəxri adına layiq görülüb. Bundan əlavə, qəhrəmanımızın xatirəsi əziz tutularaq Şınıx bölgəsində qalaya və Kür qəsəbəsindəki 1 saylı məktəbə adı verilib. Məktəbin girişində qəhrəmanımızın büstü qoyulub və 2 saylı tam orta məktəbdə isə “Xatirə guşəsi” yaradılıbdır.

Torpaqlarımızın müdafiə olunmasında qəhrəmancasına vuruşan vətən oğullarından biri də Aslan Atakişiyevdir. O, 1953-cü ildə Qubadlı rayonunun Muradxanlı kəndində anadan olub. Aslan orta təhsilini doğulduğu kənddə alır. Sonra ordu sıralarına çağrılan igidimiz vətənə xidmət borcunu yerinə yetirir. Əsgəri xidmətini bitirən Aslan 1977-ci ildə  Azərbaycan Dövlət Universitetinin Filologiya fakültəsinə daxil olur. Ali təhsilini başa vurub Muradxanlı kənd tam orta məktəbində müəllim olaraq əmək fəaliyyətinə başlayır. 1991-ci ildən başlayaraq ermənilərin əsassız torpaq iddiaları və Vətənin dar anda olması Aslanı doğma peşəsindən ayrıb döyüş bölgəsinə gətirir. O, milli ordunun tərkibində leytenant rütbəsi alaraq komandir müavini təyin olunur. Laçın rayonu və ətraf kəndlərin azadlığı uğrunda gedən döyüşlərdə iştirak edən qəhrəmanımız Səfiyan, Mazutlu, Türklər, Yuxarı və Aşağı Fərəcan, Suarası və başqa kəndləri düşmən hücumundan azad edərək, düşmənin xeyli hərbi texnikasını və canlı qüvvəsini məhv edir. 1992-ci il avqustun 7-də əsgərlərimiz Laçın dəhlizi ərazisində və Susuzdağ yüksəkliyində gedən döyüşlərdə düşmənin mövqelərini atəşə tutaraq onların irəli gəlməsinin qarşısını almağa çalışırlar. Bu döyüşdə son nəfəsinəcən vuruşan Aslan Atakişiyev düşmən əlinə keçməmək üçün axırıncı gülləsini sinəsinə sıxaraq şəhidlik zirvəsinə yüksəlir. Şəhidimiz Bakı şəhəri Şəhidlər Xiyabanında dəfn olunur.

Vətən torpaqlarının düşməndən təmizlənməsində şücaətlər göstərib şəhid adını qazanan Atakişiyev Aslan Qabil oğlu ölümündən sonra Azərbayan Respublikası prezidentinin 7 dekabr 1992-ci il tarixli 350 saylı Fərmanına əsasən “Azərbaycanın Milli Qəhrəmanı” adına layiq görülür. Qəhrəmanımızın adı əbədiləşdirilərək Qubadlı rayon Muradxanlı kənd orta məktəbinə verilir.

Səriyyə Salahova

Naxçıvan televiziyasının əməkdaşı

 

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: