Ürəyi Vətən üçün döyünən qəhrəman…

A- A A+

Ölkəmizin elə bir bölgəsi yoxdur ki, orada qəhrəman, igid oğullar böyüyüb boy atmasın. Hər igid böyüyüb boya-başa çatdığı torpağı canından artıq sevərək onu gözü kimi qoruyub. Elə Laçın rayonunun yetirməsi olan Fazil Mehdiyevdə məhz belə qəhrəmanlardan biri olub. O, ana torpağının yağıların əlinə keçməməsi üçün igidlik göstərib, bu uğurda canını qurban verib.

Qəhrəmanımız Fazil Umud oğlu Mehdiyev 1966-cı il avqust ayının 20-də Laçın rayonunun Ələçi kəndində anadan olub. Körpə yaşlarında ailəsi ilə Ağdam rayonunun Abdal-Gülablı kəndinə köçən Fazil bu kəndə böyüyüb boya-başa çatır. Orta təhsilini bitirən qəhrəman hərbi xidmətini Sverdlovsk şəhərində iki il müddətinə yerinə yetirir. Əsgəri xidmətini başa vurduqdan sonra yaşadığı Abdal-Gülablı kəndinə geri qayıdır. Bir müddət İş üçün Rusiyada qalan Fazil geri qayıdaraq sanatoriyada sürücü kimi fəaliyyətə başlayır.

1990-cı ilin əvvəllərindən ermənilər məkirli niyyətlərinə çatmaq üçün Şuşaya, Laçına, Kərkicahana gedən avtobusları gülləbarana tutur, bölgənin kəndlərinə hücumlar edərək kənd sakinlərini yurd-yuvasından köçməyə məcbur qoyurlar. Bütün bu hadisələrə etirazını bildirən Fazil Ağdam Rayon Daxili İşlər Şöbəsində yaradılmış polis batalyonuna yazılaraq ön cəbhədə döyüşlərə qatılır. Qəhrəmancasına Ağdərənin Canyataq, Mehmanə, Qazançı, Sırxavənd kəndlərinin azadlığı uğrunda gedən döyüşlərdə iştirak edir. O, döyüşlərin birində ayağından ağır yaralanır. Ancaq yarasının sağalmasını gözləmədən yenidən döyüşə qatılır. Ermənilərə güclü zərbələr endirən Fazil düşmənin "Niva" markalı bir maşınını ələ keçirib Ağdam Rayon Polis Şöbəsinə təhvil verir. Bir çox uğurlu əməliyyatlarda iştirak edən Fazil düşmənin gecə böyük qüvvə ilə doğma kəndi Abdal-Gülablıya hücuma keçdiyi xəbərini alır. Yurdunu qorumağa tələsən Fazil dostu Salehlə birlikdə idarə etdiyi avtomobildə düşmən pusqusuna düşür. Ağbulaq kəndi yaxınlığında yolda qəfil hücuma məruz qalan Fazil qəhrəmancasına həlak olur. O, Ağdam rayonunun Qarağacı qəbiristanlığında dəfn olunur.

Vətən torpaqlarının qorunmasında igidlik göstərib qəhrəmancasına şəhid olan Fazil Mehdiyev ölümündən sonra Azərbaycan Respublikası Prezidentinin 1992-ci il 8 oktyabr tarixli Fərmanı ilə “Azərbaycanın Milli Qəhrəmanı” adına layiq görülür. Xatirəsi əziz tutulan Milli Qəhrəmanın Bakı şəhər Nəsimi rayonunda büstü qoyulub, Səbail rayonunda isə adına küçə verilib.

Vətən torpaqlarının qorunmasında rəşadət göstərən qəhrəman! ruhun şad olsun! Qısa və şərəfli ömür yolunla bütün Azərbaycan gəncinə nümunə oldun. Sənin kimi qəhrəmanlarımızın döyüş yolunu özünə örnək bilən gənclərimiz qanınızı yerdə qoymadılar. Düşmənin başını əzib, qisasınızı alaraq doğma torpaqlarımızı azad etdilər. İndi sənin yurdun Laçın rayonu, Abdal-Gülablı kəndi öz doğma insanına qovuşub. Qarabağ bölgəsinin hər zirvəsində Azərbaycanın Dövlət Bayrağı dalğalanır. Məzarınızda rahat uyuyun, Vətən torpaqları əbədi bütövləşib və göz bəbəyi kimi qorunur.

Səriyyə Salahova

Naxçıvan Televiziyasının əməkdaşı

 

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: