Gənc əsgərin böyük vətən sevgisi…

A- A A+

1991-1995-ci illər Azərbaycanın qara günlərlə dolu tarixidir, desək yanılmarıq. Azərbaycan öz dövlət müstəqilliyini bir əsrdə ikinci dəfə itirmək təhlükəsi ilə üz-üzə gəldiyi bir tarixi yaşayırdı. Həmin qarışıqlıqdan istifadə edən bir çox qurumlar ölkəni parçalamaq arzusu ilə qiyamlar qaldırır, dövlət müstəqilliyimizi daha da təhlükə altına atırdılar. Belə bir vəziyyətdə sinəsini önə verən igid oğullarımız vətəni bütöv saxlamaq, dövlətçiliyimizi qorumaq naminə birləşib, müxalif qüvəlləri məğlub etmək üçün rəşadət göstərdilər. Belə oğullardan biri idi, Elnur Nuriyev.

Zəngilan rayonunun Cahangirbəyli kəndində 1975-ci il avqust ayının 22-də dünyaya göz açan Elnur orta təhsilini burada başa vurur. 1993-cü ilin oktyabr ayında hərbi xidmətə çağrılan qəhrəman Milli Ordu sıralarına daxil olaraq hərbi təlimlərə cəlb olunur. Qısa müddətdə hərbi sirləri dərindən öyrənən Elnur ölkəmizə hücuma keçən erməni işğalçılarına qarşı mübarizə aparmaq üçün döyüş bölgəsinə göndərilir. Minaaxtaran batareyanın tərkibində bölmə komandiri olaraq Alxanlı, Kürdmahmudlu kəndləri uğrunda gedən döyüşlərdə iştirak edən qəhrəmanımız döyüş yerini dəyişərək Tərtər bölgəsinə gəlir. Burada düşmənlə ağır mübarizə aparan Elnur Qapanlı, Seysulan kəndlərinin işğaldan azad edilməsində şücaət göstərir.

1994-cü il 4-5 oktyabr hadisələri… Vəziyyətin daha çətin və gərgin bir dövründə Gəncədə dövlət əleyhinə qiyamın qaldırılmasına görə Elnur bölüyü ilə qiyamı yatırtmaq üçün Gəncəyə göndərilir və qiyamın yatırılmasında iştirak edir. Çətin qarşıdurmada igidlik göstərən Elnur Nuriyev ağır yaralanaraq şəhidlik zirvəsinə yüksəlir. Qəhrəmanımız Kürdəmir şəhər Şəhidlər xiyabanında dəfn edilir.

Mili Ordunun əsgəri Elnur Nuriyev hərbi hissə qarşısında qoyulan tapşırıqları yerinə yetirib, Azərbaycan torpaqlarının və müstəqilliyimizin qorunmasınada şəxsi igidlik göstərdiynə görə ölümündən sonra Azərbaycan Respublikası Prezidentinin 5 oktyabr 1994-cü il tarixli fərmanı ilə "Azərbaycanın Milli Qəhrəmanı" adına layiq görülüb.

Qısa ömrünü vətən torpaqlarının və mütəqilliyimizin qorunmasına həsr edən qəhrəman, ruhun şad olsun! Sizin kimi igidlərin şücaəti ilə milli dövlətçiliyimiz qorunaraq güclənib inkişaf etdi. Və qazandığı bu güclə vətənimizi bütövləşdirməyi bacardı. Böyük sevinclə deyirik ki, bizim Vətənimiz bütöv, Dövlətimiz güclü, xalqımız Qalibdir. Bütün bunları sizin kimi qəhrəmanlara borcluyuq.

Səriyyə Salahova

Naxçıvan televiziyasının əməkdaşı

 

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: