Naxçıvan Dövlət Universitetində Gənclər günü qeyd olunub - FOTOLAR
Naxçıvan Dövlət Universitetinin Televiziya, mətbuat və ictimaiyyətlə əlaqələr bölməsindən NUHÇIXAN-a verilən xəbərə görə, ali təhsil ocağında “2 Fevral - Gənclər Günü”nə həsr olunmuş istedadlı tələbələrin əl işlərindən ibarət sərgi keçirilib. İncəsənət fakültəsinin sərgi salonunda 30–a yaxın rəsm əsəri nümayiş olunub. Universitetin rektoru, AMEA-nın müxbir üzvü Saleh Məhərrəmov bildirib ki, Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin “Naxçıvan Muxtar Respublikasında gənc istedadlara dövlət qayğısının artırılması haqqında” 2012-ci il 31 yanvar tarixli Fərmanı muxtar respublikamızda gənclərə göstərilən yüksək diqqət və qayğının daha bir ifadəsidir.
Sərgidən sonra Universitetin Beynəlxalq münasibətlər və xarici dillər fakültəsində təşkil edilən konfransda çıxış edən rektor qeyd edib ki, bu gün Azərbaycan gəncləri ictimai-siyasi, sosial-mədəni və digər sahələrdə fəal iştirak edirlər. Rektor gəncləri bayram günü münasibətilə təbrik edib, onlara xoşbəxt gənclik, sağlamlıq və uğurlu gələcək arzulayıb.
Tələbə Gənclər Təşkilatının sədri, İnformatika kafedrasının müəllimi Zümrüd Səfərova və Bədən tərbiyəsi və idman ixtisasının qiyabi şöbə üzrə V kurs tələbəsi Əhməd Əhmədov tələbə -gənclərə göstərilən dövlət dəstəyindən danışıb.
Sonda əlamətdar tarixi gün münasibətilə universitetin ictimai həyatında, müxtəlif bilik yarışmalarında, idman sahəsində fərqlənən bir qrup tələbə mükafatlandırılıb.