“Bu gün Naxçıvanın gələcək inkişafı ilə bağlı əlavə sözlərə ehtiyac yoxdur. Çünki bütün işlər burada ən yüksək səviyyədə görülübdür. Siz bütün məsələləri-quruculuq, abadlıq işlərini, enerji təhlükəsizliyi, hərbi potensial, infrastruktur layihələrinin icrası, ərzaq təhlükəsizliyi məsələlərini həll etmisiniz. Bundan sonra ancaq bu uğurlara yeni uğurlar əlavə etmək lazımdır. Bundan sonra Azərbaycanın, o cümlədən onun ayrılmaz hissəsi olan Naxçıvanın uğurlu, dinamik inkişafı təmin ediləcəkdir”.
Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev bu fikirləri 2014-cü ildə, Naxçıvan Muxtar Respublikasının 90 illik yubileyinə həsr olunmuş təntənəli mərasimdə vurğulamışdı. Naxçıvanın sosial-iqtisadi inkişafı, hərbi potensialının daha da gücləndirilməsi, ərzaq və enerji təhlükəsizliyi, məşğulluq problemlərinin həlli və əhalinin rifah halının daha da yüksəldilməsi məqsədilə qəbul edilmiş ardıcıl dövlət proqramları çərçivəsində həyata keçirilən tədbirlər, bir sözlə ötən dövrdə əldə olunan uğurlar ölkə başçısının 5 il öncə dediyi bu fikirlərin proqmatik xarakter aldığını təsdiq edir.
Böyük fransız maarifçisi Volter qeyd edib ki, “iş ideya üçün yaranmır, ideya iş üçün yaranır”. Bu illərdə Naxçıvan Muxtar Respublikasının keçdiyi hərtərəfli inkişaf yolu da məhz xalq və dövlət üçün formalaşan ideyanın real həyatda təzahürünə çevrilib. Ona görə ki, muxtariyyətinin 95-ci ilində Naxçıvan özünü bütün dünyaya daha möhkəm əsaslarla inkişaf edən, tərəqqinin zirvəsinə yüksələn bir diyar kimi təqdim edir.
Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri Vasif Talıbov 2019-cu il yanvarın 21-də “Naxçıvan Muxtar Respublikasının 95 illik yubileyinə həsr olunmuş Tədbirlər Planı”nın təsdiq edilməsi haqqında sərəncam imzalayıb. Tədbirlər Planına əsasən il ərzində müxtəlif yubiley tədbirləri keçiriləcəkdir.
Dönüb uzaq və yaxın keçmişimizə nəzər yetirəndə Naxçıvanın çox mürəkkəb, çətin və keşməkeşli tarixi inkişaf yolu keçdiyinin şahidi oluruq. Bu şanlı tarixin qızıl hərflərlə yazılmış bir səhifəsi kimi Naxçıvan Muxtar Respublikasının yaradılması Azərbaycanın siyasi tarixinin mühüm əhəmiyyətli hadisəsidir. Bu mənada ki, XX əsrin əvvəllərində sərhəd ərazilərin itirilməsi hesabına coğrafi cəhətdən Azərbaycandan ayrı düşmüş, ölkəmizin qərbə açılan qapısı qapanmaq təhlükəsi ilə üzləşmişdi. “Şərqin qapısı” Naxçıvanın Azərbaycanın tərkib hissəsi kimi statusunu itirməsi eyni zamanda türk dünyasının bir-biri ilə əlaqəsini kəsmək xarakteri də daşıyırdı.
Naxçıvanlılar o dövrdə böyük əzmkarlıq nümayiş etdirərək 1918-ci il noyabrın 3-də Araz-Türk Respublikası adlı cümhuriyyət yaratdılar və bu əzəli diyarın Azərbaycanın ayrılmaz tərkib hissəsi kimi qorunub saxlanılmasına nail oldular. 1921-ci ilin yanvarında Azərbaycan, Ermənistan və Rusiya nümayəndələrinin keçirdikləri rəy sorğusunda Naxçıvanın 90 faiz əhalisi mahalın muxtar respublika hüququnda Azərbaycanın tərkibində qalmasına səs verdi. Beləliklə, 1924-cü il fevralın 9-da Azərbaycan MİK-in Rəyasət Heyəti Naxçıvan diyarının Naxçıvan MSSR-ə çevrilməsi haqqında dekret qəbul etdi. Naxçıvanın statusunu qoruyub saxlanmasında 1921-ci ildə imzalanmış beynəlxalq Moskva və Qars müqavilələrinin böyük əhəmiyyəti vardır.
Ötən əsrin 80-ci illərinin sonlarında Azərbaycanın Dağlıq Qarabağ və Naxçıvan ərazilərinə erməni iddiaları baş qaldırdı, mərkəzin ikiüzlü siyasəti bu hadisələri daha da qızışdırdı. 1990-cı ilin iyul ayında görkəmli dövlət xadimi Heydər Əliyevin Naxçıvana gəlməsi, burada siyasi fəaliyyət göstərməsi muxtar respublika ərazisini erməni işğalından və muxtariyyət statusunu ləğv olunmaq təhlükəsindən xilas etdi. “Naxçıvanın muxtariyyəti tarixi nailiyyətdir. Biz bunu qoruyub saxlamalıyıq. Naxçıvanın muxtariyyəti Naxçıvanın əldən getmiş başqa torpaqlarının qaytarılması üçün ona xidmət edən çox böyük bir amildir. Biz bu amili qoruyub saxlamalıyıq”, - deyən ümummilli lider Heydər Əliyevin Azərbaycana rəhbərlik etdiyi dövrdə Naxçıvanla bağlı verdiyi sərəncamlar, bu diyara tarixi səfərləri, ərazi bütövlüyü və təhlükəsizliyi üçün gördüyü tədbirlər, muxtariyyət statusunun hüquqi cəhətdən möhkəmləndirilməsi və həlli vacib olan digər məsələlərin həyata keçirilməsi muxtar respublikanın hərtərəfli inkişafını təmin etdi, Naxçıvan blokada məngənəsində çiçəklənən bir diyar kimi dünyaya səs saldı.
Ümummilli lider Heydər Əliyevin böyük uzaqgörənliklə hazırladığı inkişaf konsepsiyasına sadiq qalan Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri Vasif Talıbovun rəhbərliyi ilə Naxçıvan hərtərəfli inkişaf edir, muxtariyyətinin inkişaf zirvəsini yaşayır.
Naxçıvan Muxtar Respublikası uğurla sosial-iqtisadi inkişaf yolu ilə irəli gedir. Son illər həyata keçirilən istər geniş coğrafiyaya malik quruculuq işləri, istər iqtisadiyyatın şaxələndirilməsi, istərsə də əhalinin həyat səviyyəsinin yüksəldilməsi istiqamətində həyata keçirilən sosialyönümlü tədbirlərin miqyası 95 illik muxtariyyət dövrünün heç bir dövründə bu qədər yüksək olmayıb. İcrası uğurla reallaşdırılan ardıcıl dövlət proqramları sayəsində Naxçıvan artıq enerji və keyfiyyətli məhsul ixracatçısı, beynəlxalq tədbirlərə ev sahibliyi edən və Şərqlə Qərbi bir-birinə qovuşduran mühüm coğrafi məkan olaraq dünya turizminə öz töhfəsini verən inkişaf etmiş diyar kimi tanınır.
Bütün bunları təkcə geridə qoyduğumuz 2018-ci ilin uğurlarına nəzər yetirməklə də təsdiq edə bilərik. Naxçıvan ötən il Azərbaycan Respublikası Prezidentinin sədri olduğu “Caspian European Club”un ölkənin iqtisadi regionları üzrə hazırladığı investisiya reytinqinə ardıcıl olaraq ikinci dəfə liderlik edib. İslam Mədəniyyətinin Paytaxtı kimi mötəbər statusu daşıyaraq İslam dünyasına layiqli töhfəsini verdi. Ölkəmizin Gənclər Paytaxtı olan qədim diyarımızda bir il ərzində keçirilən müxtəlif layihələr, festivallar, idman yarışları muxtariyyətimizin bəhrələridir.
Naxçıvanın muxtar respublika statusu bu bölgənin 95 illik tarixi taleyində, onun ərazisinin qorunub saxlanılmasında və təhlükəsizliyinin təmin edilməsində mühüm rola malikdir. Bu illərdə Naxçıvan Muxtar Respublikası Azərbaycanın iqtisadi qüdrətinin yüksəlməsinə və hərtərəfli inkişafına da öz layiqli töhfəsini verib və aparılan məqsədyönlü tədbirlərin ardıcıl xarakter alması bu inkişafı daha yüksək zirvələrə daşıyacaqdır.
Röyal Məmiyev