Dünən gecədən illərdir, əziyyət çəkən, göz nurunu tökən, dünənin şagirdi, bu günün isə tələbələri olan gənclərin sevincinin həddi-hüdudu yoxdur. Bir də bütün məsuliyyətini hiss edərək onlara dəstək olan valideynlərin. Statuslar təbrik yağışına tutulub. Hüquq, informasiya təhlükəsizliyi, tibb, mühəndislik, jurnalistika, maliyyə, filologiya, memarlıq və sair ixtisasların qəbulunun nə qədər çətin olmasına baxmayaraq, bir çox gənc artıq bu adı qazandı. Bu adı qazanan hər kəs həyəcanın, stresin, nəticəni gözləməyin, bacarmağın, ən çox da sevinci paylaşmağın nə olduğunu bütün varlığı ilə dərk edir. Digər illərə nisbətən bu ilin qəbul səviyyəsi orta olsa da, keçid çətin oldu, ballar qalxdı, yerlər məhdudlaşdı, və daha nələr-nələr oldu. Bəzi valideynlər illərcə özünə yeni libas almadan övladını repetitor yanına qoydu. Bəziləri müəllim ailəsində dünyaya gəldiyi üçün oxumaq asan oldu. Bəziləri isə ucqar kəntlərdə mal-heyvan arxasında oxuyaraq tələbə adını qazandı. Bütün bu təbəqələrin hamısını birləşdirən ad tələbə adı oldu. Artıq başlayır onların müstəqil həyatı. Özlərinin şəxsi qərar vermə bacarığı. “Bu mənim qrup yoldaşımdır” ,– demə imkanı.
Hər yolun bir sonu olduğu kimi, məktəb həyatının da bir sonu başlayır. Bu yolun sonu bizi ya ailə qurmağa, ya hərbi xidmətə, ya da hamımızın ən ümdə arzusu olan ali məktəblərə aparır. Həmin gün çalınan o zəng bizi həyatımızda təmin olunduğumuz bütün maddi və mənəvi məsuliyyətdən azad edərək daha böyük məsuliyyətlərə, üfüqlərə yollayır. Artıq nə məktəb həyəti, nə də intizarını gözünüzü yummadan səhərə qədər gözlədiyiniz sinif yoldaşlarınız var. Nə o üstü cızılmış, bozarmış partalar, nə də əli təbaşirli müəllimlərimizin səmimi çöhrəsi.
Başlayacaq universitet həyatınız. Daha dolğun, daha iddialı. Yenə qaynar, yenə izdihamlı, yenə kimsə dərsə qaçacaq, kimsə kitablarını sinəsinə sıxıb oturacağı yeri, qrup yoldaşlarını, müəllimlərini həsrətlə gözləyəcək, alacağı bilikləri dərk edib həyatına tətbiq etmək haqqında düşünəcək. Özünü dərk edən cəmiyyətin hər bir fərdi dövlətinə güvənir, inkişafa atılır, yeniliyə, gələcəyə ümidlə baxır, təhsilinə bel bağlayır. Təhsilə bel bağlayan hər kəs əmin olsun ki, təhsil onu yeni günə aparır.
Çox insan ali məktəbə qəbul olmasının sevincini yaşayarkən bəziləri isə qəbul ola bilməməyin məyusluğunu yaşayırlar. Təbii ki, təhsil bütün zamanlar üçün vacibdir, lakin uğursuzluqlar insan həyatında daim bir imtahan rolundadır və hər uğursuzluq ondan dərs çıxarılması üçün bir səbəbdir. Uşaqlar kəsilmisiniz, ya qəbul olmusunuz fərq etmir, əsas odur ki, siz cəhd etmisiniz. Əsas odur ki, gözə görünməyən Tanrı sizin çəkdiyiniz əziyyətləri görür. Əsas vicdanınızı təmiz tutun, xarakterli olun. Sahiblənəcəyiniz peşəni canla-başla mənimsəyin, qəbul olmaq və ya olmamaq sizin gələcəyiniz üçün təməl olsa belə diplom sizi xilas etməyəcək. Öyrənməyə, təcrübə yığmağa köklənin. Seçimlərinizin arxasında durmağı və uğursuzluqlarınızdan dərs çıxarmağı bacarıb faydalı cəmiyyət inşa edin. Bir daha tələbə adınızı təbrik edir, qəbul olmayanlara isə ruhdan düşməməyi təmənni edirik.
Fariz Əhmədov
Naxçıvan televiziyasının baş redaktoru