NTV xəbərin əməkdaşları COP29-la bağlı Bakıda keçirilən media seminarında iştirak ediblər - VİDEO
NUHÇIXAN xəbər verir ki, Bakıda media nümayəndələrinin maarifləndirilməsi məqsədilə “COP29 üçün effektiv kommunikasiya strategiyaları” mövzusunda media seminarı keçirilib. Seminarda NTV xəbərin əməkdaşlarıda iştirak ediblər.
Tədbirin yerli media nümayəndələrinin maarifləndirilməsi baxımından mühüm əhəmiyyət daşıdığı bildirilib. Eyni zamanda tədbirin əsas məqsədinin Bakıda keçiriləcək BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Sazişinin Tərəflər Konfrasının 29-cu Sessiyası (COP29) ilə bağlı auditoriyanın maarifləndirilməsi məqsədinə xidmət etdiyi vurğulanıb.
Daha sonra COP29-un qlobal əhəmiyyətini təsvir edən videoçarx nümayiş etdirilib.
BMT-nin İqlim Dəyişmələri Çərçivə Konvensiyasının əməkdaşı Aleksandr Saier bildirib ki, sözü gedən Konvensiyanın əsası 1992-ci ildə qoyulub. Sonradan bu konvensiyaya 197 ölkə və Avropa İttifaqı da qoşuldu. BMT-in İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının ofisi Almaniyanın Bonn şəhərində yerləşir.
Qeyd olunub ki, dövlətlər iqlim dəyişikliyinin qarşısının alınması üzrə Milli Fəaliyyət Planını hazırlamalı və 2025-ci ilin fevralınadək təqdim etməlidirlər.
Daha sonra "Qlobal və Yerli İqlim Gündəliyi" mövzusunda panel keçirilib. COP29-un baş danışıqçısı Yalçın Rəfiyev bildirib ki, bu konfransın məqsədlərindən biri iqlim dəyişikliyi ilə mübarizə üçün 100 milyard dollarlıq yuxarı həddin müəyyənləşdirilməsidir
COP29 Əməliyyat Şirkətinin İdarə Heyətinin sədri və Əməliyyatlar üzrə baş icraçı Nərmin Carçalova bildirib ki, Azərbaycanın əsas məqsədi bu konfransda gözlənilən hədəflərə nail olunmasıdır.
BMT-nin Azərbaycandakı rezident əlaqələndiricisi Vladanka Andeeva bildirib ki, bütün iştirakçılar iqlim dəyişikliyinin mühüm məsələ olduğunu tərəflərə çatdırmalıdır.
Media seminarında həmçinin COP29 üzrə qlobal məqsədlərə nail olunmasının vacibliyinin auditoriyaya çatdırılmasında medianın rolu xüsusilə qeyd edilib.
Qeyd olunub ki, Azərbaycan və BMT-nin müxtəlif qurumlarının birgə ərsəyə gətirdiyi 14 təşəbbüsün təşviqi COP29 başa çatdıqdan sonra da davam etdiriləcək.
Konfranda həmçinin BMT ilə media arasında əməkdaşlığın inkişafının vacibliyinə toxunulub.