“Görüş yeri” kafesində kitab müzakirəsi olub

A- A A+

NUHÇIXAN xəbər verir ki,  “Görüş yeri” kafesində Reyhan Mirzəzadənin A.S. Qriboyedov: Şair-diplomat” kitabının müzakirəsi keçirilib.

Naxçıvan Muxtar Respublikası Gənclər Fondunun  əməkdaşı Xanım İbrahimova kitab haqqında ümumi məlumat verərək bildirib ki, əsərdə polyak əsilli tanınmış rus dramaturqu, yazıçı və diplomatı Aleksandr Qriboyedovun həyat və fəaliyyətindən bəhs olunur, onun ikinci Rus-İran müharibəsinin nəticəsi olaraq meydana çıxan Türkmənçay sülh müqaviləsinin hazırlanıb imzalanmasındakı fəaliyyəti diqqətə çatdırılır. Kitabda rus diplomatının Naxçıvan haqqında qeydləri də diqqəti cəlb edir. O, Naxçıvanın tarix və təbiətinə, mədəni mühitinə, zəhmətkeş və vətənpərvər insanlarına heyranlığını dilə gətirir. Kitab həmçinin ermənilərin torpaqlarımıza zorla köçürülməsini və həmin dövrün ictimai-siyasi hadisələrini araşdırmaq üçün də qiymətli mənbədir.

Bu baxımdan  kitabda  Qriboyedovun 1828-ci ilin oktyabrında Culfa şəhərində yazdığı məktub diqqəti çəkən ən əsas məqamlardan biridir. Qafqazın Ali Baş Komandanı general Paskeviçə ünvanlanan məktub işğalçı ermənilərin Cənubi Qafqazın əzəli sakinləri olmaları yönümündəki sayıqlamalarına ən tutarlı cavablardan biridir.

Qeyd edək ki, xalqımızın tarixi üçün əhəmiyyətli olan bir sıra mühüm məqamların göstərilməsi, eləcə də gənc nəsildə vətənpərvərliyin, milli kökə bağlılığın formalaşdırılmasına xidmət göstərən yaradıcılıq nümunəsi olması nəzərə alınaraq “A.S.Qriboyedov: şair-diplomat” kitabı Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin 28 avqust 2017-ci il tarixli Sərəncamı ilə təsdiq edilmiş “Oxunması zəruri olan kitabların siyahısı”na daxil edilib.

 

Mədinə Rəhimli

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: