Gəzək, görək, tanıyaq… - FOTOLAR
Bu gün Naxçıvanı tanımaq və tanıtmaq istəyimizlə yenə üz tuturuq şəhərin mərkəzinə. Səkidə addım-addım irəliləyərkən rəngi diqqəti çəkən qırmızı bir binanın qarşısında dururam. Binadan asılan lövhəni oxuyuram “Azərbaycan xalqının Ümummilli Lideri Möhtərəm Heydər Əliyev 1938-1939-cu illərdə bu binada yerləşən Naxçıvan Pedaqoji Texnikomunda təhsil almışdır”. Ətrafına göz gəzdirdikdə binanın qarşısında Bəhruz Kəngərli Muzeyi yazısını görürəm. Lap maraq doğuran bu binayla tanış olmaq üçün həyətyanı sahəyə daxil oluram. Binanın həyətində məni qarşılayan bələdçi ilə salamlaşıb, bu gün Bəhruz Kəngərlinin qonağı olmaq niyyətindəyəm, deyirəm. Məni içəri buyur edən bələdçi ilə binaya daxil oluruq. Burada ilk olaraq Ulu Öndərin böyük bir portreti ilə qarşılaşıram. Bildirim ki, qədim tarixi olan bu bina sovetlər dönəmindən əvvəl yaranmışdır. İlk öncə Qızlar Məktəbi olan bina sonra isə Pedaqoji Texnikom və Tibbi Məktəb kimi fəaliyyət göstərmişdir. Ulu Öndər Heydər Əliyevin Pedaqoji Texnikomda təhsil almasına görə binaya xatirə lövhəsi vurulmuş və Heydər Əliyev xatirə otağı yaradılmışdır. Xatirə otağında görkəmli şəxsiyyətin təhsil aldığı dövrə aid arxiv sənədləri, qiymət cədvəlləri və fotoşəkillərlə tanış oluram.
Qeyd edim ki, bina Bəhruz Kəngərli adına muzey kimi 2002-ci il iyun ayının 18-dən fəaliyyət göstərməyə başlamışdır. Muzeyin açılış mərasimində Ümummilli Lider Heydər Əliyev də iştirak etmiş və çıxışında bildirmişdir ki, “Bəhruz Kəngərlinin əsərləri Azərbaycanın rəssamlıq sənətinin, mədəniyyətinin ən görkəmli nümunələrindəndir”.
Azərbaycan mədəniyyətinin inkişafında mühüm xidmətləri olan görkəmli rəssam Bəhruz Kəngərli yaradıcılığına Ulu Öndərin layiqli davamçısı, Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev də xüsusi diqqət göstərmişdir. Ölkə rəhbərinin 2012-ci ildə Bəhruz Kəngərlinin 120 illik yubileyinin keçirilməsi haqqında imzaladığı Sərəncamla, rəssamın Azərbaycan Milli İncəsənət Muzeyinin fondunda saxlanan 191 əsərinin surəti çıxarılaraq Bəhruz Kəngərli Muzeyinə verilmiş, ilk dəfə olaraq rəssamın əsərlərinin tam külliyatı albom-kataloq şəklində buraxılmışdır. Eyni zamanda, muxtar respublikada yubiley münasibətilə poçt markası buraxılmış, Bəhruz Kəngərliyə aid sənədli film hazırlanmış və Bəhruz Kəngərli Muzeyinin yerləşdiyi bina yenidən qurulmuşdur.
İki mərtəbəli muzey binası ilə tanış oluram. Birinci mərtəbəsində dörd ekspozisiya, ikinci mərtəbəsində isə beş ekspozisiya zalları vardır ki, burada 1300-dən atıq əsər qorunub saxlanır. Bunların 400-ü muzey ekpozisiyanında sərgilənir və görkəmli rəssamın 61 orijinal əsəri bu sərgilərə daxil edilmişdir.
Binanın girişində sol tərəfdə görkəmli heykəltaraş Rahib Eldar oğlunun qipsdən hazırladığı rəssamın heykəli ilə qarşılaşıram. Məlumat alıram ki, heykəlin digər nümunəsi Bəhruz Kəngərli adını daşıyan rəssamlar parkında nümayiş olunur. Daxil olduğum birinci otaqda Bəhruz Kəngərlinin ailə üzvləri ilə tanış olmaqla bərabər, rəssamın həyat və yaradıcılığı ilə də maraqlı, geniş məlumatlar öyrənirəm.
Bildirim ki, Bəhruz Kəngərli 1892-ci il yanvar ayının 22-də Naxçıvanda dünyaya göz açıb. Görkəmli rəssam çox qısa ömür yaşasa da, çox ilklərə imza atan fırça ustası, Azərbaycanın sulu boya ilə işləyən ilk rəngkarı, ilk realist boyakarı və Naxçıvanın ilk teatr rəssamı olub. O, həm də ilk ali təhsilli rəssam kimi də adını Azərbaycan tarixinə yazıb. Tiflisdəki boyakarlıq-heykəltəraşlıq məktəbində ilk azərbaycanlı tələbə kimi təhsil alan Bəhruz Kəngərli istedadı ilə hər kəsi təəccübləndirməyi bacarıb. Yaradıcılığı ilə əsr-əsr yaşayacaq tarixi əsərlər yaradan görkəmli rəssamın sənətinin püxtələşib inkişaf etməsində böyük ədibimiz Cəlil Məmmədquluzadə və onun redaktorluq etdiyi “Molla Nəsrəddin” jurnalının böyük rolu olub.
Muzeyi gəzdikcə rəssamın yaratdığı əsərləri ilə tanış oluram. Bəzən rənglər dünyasında gözəl təbiət mənzərəsi olan bir məkanda olduğumu, əsərlərin sehrinə dalıb, sanki həzin bir musiqi dinləyirmiş kimi hissini yaşayıram. Bəhruz Kəngərlinin yaratdığı "İlanlı dağ ay işığında", "Günəş batarkən", "Bahar mənzərələri", "Qaçqınlar" silsiləsinə daxil olan yurdsuz insan portretləri, "Elçilik", "Toy" kimi məişət kompozisiyaları, Naxçıvan teatrında tamaşaya qoyulmuş Cəlil Məmmədquluzadənin "Ölülər", Mirzə Fətəli Axundzadənin "Hacı Qara", Əbdürrəhim bəy Haqverdiyevin "Pəri-cadu" əsərlərinə verdiyi bədii tərtibat və geyim eskizləri Azərbaycan boyakarlıq rəssamlığının dəyərli örnəklərindəndir. Rəssamın "Qaçqınlar" silsiləsinə daxil olan yurdsuz insan portretlərinə baxarkən tarixin 1918-1919-cu illərinə səyahət edib, rəssamın o dövrdə yaratdığı qaçqın insanların vəziyyəti ilə tanış oluram. Yadıma həmin illərdə yurdundan köç etməyə məcbur edilən nənəm və babamın ailəsi düşür. Əslən Sisian rayonunun Arıqlı kəndindən olan babamın ailəsi və Qafan rayonunun Gığı kəndindən olan nənəmin ailəsi erməni vəhşiliyininə məruz qalaraq canlarını qurtarmaq üçün Culfa rayonun indi xarabalığa çevrilən Korəhməd kəndinə köçüb yurd salırlar. Şəraitsiz və yaşama uyğun olmayan yerdən yenidən köç etməyə məcbur olan babamın ailəsi Ərəfsə kəndində, nənəmin ailəsi isə Teyvaz kəndində məskən salır. Bu köçlərdə çətinliklər qarşısında qalan nənəmin ailəsi çoxuşaqlı olmalarına baxmayaraq bacı-qardaşlarını vaxtsız itirir.
Bu məqamda Ulu Öndər Heydər Əliyevin daha bir müdrik fikrini xatırlayıram: "Bəhruz Kəngərlinin əsərləri həddindən artıq qiymətlidir. Birincisi, onun rəssamlıq ustadlığına görə, ikincisi, onun yaratdığı obrazlara görə - mən insan obrazlarını deyirəm. Xüsusən, o, ağır dövrün, 1918, 1919, 1920-ci illərin çətin dövründə xalqımızın ağır vəziyyətdə olmasını… öz əsərlərində əks etdiribdir".
Rəssamın "Minarəsi dağılmış məscid" əsərində də minarənin yanında durub əzan oxuyan mollanın rəsmi isə dövrün erməni vəhşiliyinin daha bir bariz nümunəsidir. Rəssam ermənilərin Naxçıvana hücumları zamanı Naxçıvanı darmadağın etdiklərini əsərində əks etdirmişdir.
Bəhruz Kəngərli rəsm əsərlərində Naxçıvanın tarixi abidələrinə xüsusi yer verib. O, Nuhun türbəsinə 6, Mömünə Xatun türbəsi və İmamzadəyə 4 əsər həsr etmiş, Köhnə qala və Yusif Küseyroğlu kimi tarixi abidələrimizi böyük ustalıqla çəkmişdir. Əsərlərə diqqətlə baxdıqda zaman-zaman abidələrimizə biganəliyin olduğunu və uçulub dağılma vəziyyətində qaldığını görmək mümkündür.
Böyük bir tarixi dönəmi rəsm əsərlərində səyyahət edib başa vururam. Düşüncəmdə daha əmin oluram ki, milli rəssamlıq nümunəsi olan Bəhruz Kəngərli yaradıcılığı öz dövrü üçün Azərbaycan xalqına böyük xidmətlər göstərmişdir. Bu xidmətləri qiymətləndirən xalqımız və dövlətimiz görkəmli rəssamın xatirəsini əziz tutmuşdur. Ölkəmiz müstəqilliyini bərpa etdikdən sonra Bəhruz Kəngərli yaradıcılığına böyük qayğı və diqqət göstərilmiş və onun əsərləri toplanaraq, qorunmuşdur. Gəzdiyim bu muzey isə bu qayğının əyani göstəricisidir.
Səriyyə Salahova
Naxçıvan televiziyasının əməkdaşı