Azərbaycan-Özbəkistan müttəfiqliyi: Öncəki dönəmin ən yaxşı yekunu, yeni dönəmin ən parlaq nümunəsi

A- A A+

Prezident İlham Əliyevin avqustun 22-də Özbəkistana səfəri çox yaddaqalan və əlamətdar oldu. Tam bir il sonra eyni gündə baş tutdu iki liderin  görüşü. Səfər zamanı qarşılıqlı ticarətin artırılması, yeni əməkdaşlıq layihələri portfelinin formalaşdırılması, işgüzar əlaqələrin, o cümlədən regionlararası mübadilənin inkişafı, nəqliyyat-kommunikasiya potensialının reallaşdırılması, mədəni-humanitar əlaqələrin aktivləşdirilməsi və digər məsələlər diqqət mərkəzində oldu. Artıq yeni sənədlər əsasında rəsmən müttəfiq olmaqla dosta qürur, düşmənə kədər oldu bu ikili münasibətlər.

Təsadüfi deyil ki, iki ölkə arasında ikitərəfli münasibətlərin tarixi əsrlərə dayanır. Bütövlükdə, Türküstan adlanan dövrdən formalaşan bu əlaqələr yeni mahiyyət və məzmun alaraq ikitərəfli əməkdaşlığa qədəm qoydu. Bu münasibətin əsasını isə 160-dan artıq dövlətlərarası, hökumətlərarası və idarələrarası razılaşmaları əhatə edən böyükmiqyaslı hüquqi müqavilə çərçivəsi təşkil edir.  Ötən illərdə Prezident İlham Əliyevin Özbəkistana ardıcıl səfərləri siyasi əməkdaşlıq, təhlükəsizlik, müdafiə əlaqələrini daha da sıx hala gətirib.  

Ümummilli Lider Heydər Əliyev siyasətini uğurla davam etdirən Prezident İlham Əliyev Özbəkistan ilə münasibətlərin bütün sahələrdə inkişafına xüsusi önəm verir.  Orta Asiyada ilk səfirliyini Özbəkistanda açan Azərbaycan daim bu ölkə ilə tərəfdaş olmağı bacarıb. Belə ki, Özbəkistan Qarabağ münaqişəsində Azərbaycanın ədalətli mövqeyini hər zaman dəstəkləyən və BMT Baş Assambleyasında “Azərbaycanın işğal olunmuş ərazilərindəki vəziyyət” adlı qətnamənin lehinə səs verən yeganə Mərkəzi Asiya ölkəsidir. Hazırda Özbəkistanda Ermənistan səfirliyi və Ermənistanda da Özbəkistan səfirliyi fəaliyyət göstərmir.

Vətən müharibəsindən sonra Füzuli şəhərinə köç edən bu şəhərin ilk sakinləri öz övladlarını Özbəkistanın hədiyyəsi olan məktəbdə davam etdirirlər. Ötən il avqustun 23-də açılışı olan Mirzə Uluqbəy adına 960 şagird yerlik orta məktəbin tikilməsini Prezident İlham Əliyev belə ifadə etmişdi: “...bu, təkcə təhsil ocağı deyil, eləcə də bizim dost və qardaşlığımızın daha bir mərkəzi olacaq”.

Ölkələrimiz arasında əlaqələr təkcə siyasi-iqtisadi yöndə deyil, mədəniyyət sahəsində də uğurla davam etdirilir. Özbəkistanın Daşkənd, Buxara, Nəvai və Səmərqənd şəhərlərində “Azərbaycan mədəniyyəti və ədəbiyyatı günləri” keçirilir. Burada Heydər Əliyev adına Azərbaycan Mədəniyyət Mərkəzi fəaliyyət göstərir. Mərkəzdə Heydər Əliyev, Azərbaycanın dövlətçilik tarixi, Azərbaycan və Özbəkistanın müştərək tarixi muzeyləri ilə yanaşı, Azərbaycanın musiqi, rəqs və folklor ansamblları, Azərbaycan məktəbi və kitabxanası fəaliyyət göstərir.

Dövlət başçılarının diqqət göstərdiyi mədəniyyət sahəsində əməkdaşlığın inkişaf etdirilməsi istiqamətində  Azərbaycanın və Özbəkistanın mədəniyyət xadimlərinin bir qrupu dövlət başçılarının sərəncamları ilə yüksək fəxri adlar, orden və medallarla təltif edildi. 2022-ci ilin avqustun 30-da mədəni əlaqələrin inkişafında xidmətlərinə görə məşhur Azərbaycan əsilli özbək müğənnisi Nəsibə Abdullayeva Azərbaycanın “Xalq artisti” fəxri adı, eləcə də Haşimjon İsmayılov, Əli Heydər Nəsirli və Kamoliddin Urinbayevə “Dostluq” ordeni ilə təltif olundu. Habelə Özbəkistan Prezidentinin müvafiq Sərəncamı ilə Gülyanaq Məmmədova Özbəkistanın “Xalq artisti” fəxri adı, Şahin Mustafayev, Ramiz Əskərov və Almas Binnətova isə “Dostluq” ordeni ilə təltif edildi.

Dövlət başçımızın Özbəkistana səfərləri zamanı əldə edilmiş razılaşmalar əlaqələrimizin yeni mərhələdə əsas konturlarını müəyyənləşdirib. Özbəkistan Azərbaycanla ticarət-iqtisadi, tranzit-nəqliyyat sahəsində əməkdaşlıqda maraqlıdır. Çünki bununla bağlı yaxşı perspektivlər var. Özbəkistana Bakıdan keçən nəqliyyat koridorları, Azərbaycana isə Özbəkistanın Cənub-Şərqi Asiyaya çıxışı maraqlıdır. Son illərdə Avrasiyanın Şərq-Qərb və Şimal-Cənub nəqliyyat dəhlizləri üzərində yerləşən nəqliyyat və logistika mərkəzlərindən birinə çevrilən Azərbaycan özünün nəqliyyat infrastrukturuna milyardlarla ABŞ dolları həcmində sərmayə qoyub. Və hər iki dəhlizin Azərbaycandan keçən hissəsi tam hazırdır.

Özbəkistan Azərbaycanla həm siyasi, həm də iqtisadi əlaqələrin inkişafında maraqlıdır. Son illər iki ölkə arasında münasibətlər daha dinamik xarakter alıb. Bu dost və qardaş ölkələr qarşılarına qoyduğu bütün hədəflərə çatmaq üçün gələcəyə hesablanmış uğurlu daxili və xarici siyasət yürüdür.  Bütün dövlətlərlə sülh və əmin-amanlıq şəraitində yaşamaq istədiyini bəyan edən ölkələrimiz beynəlxalq təşkilatlarda təmsil olunaraq bu münasibətlərin çoxşaxəli əməkdaşlığa çevrilməsi istiqamətində fəal iş aparır, dünyada və regionda təhlükəsizliyin təmin olunmasına layiqli töhfələr verirlər.

Prezident İlham Əliyevin çevik siyasəti nəticəsində ölkəmizdə bir sıra mühüm nəqliyyat-logistika infrastrukturu yaradılaraq Azərbaycan beynəlxalq nəqliyyat şəbəkələrinə inteqrasiya olunub. Bu inteqrasiyası Azərbaycan vasitəsilə Mərkəzi Asiya ölkələrindən, o cümlədən Özbəkistandan yükdaşımaların həcminin daha da artmasına təkan verəcək. Xatırladaq ki, “Azərbaycan Respublikası Hökuməti ilə Özbəkistan Respublikası Hökuməti arasında beynəlxalq avtomobil əlaqələri haqqında Saziş” bu baxımdan mühüm əhəmiyyət kəsb edir.

Azərbaycanın Özbəkistan, eləcə də digər Orta Asiya ölkələri ilə gündən-günə daha da möhkəmlənən əməkdaşlığı Türk dünyasının inkişafına əhəmiyyətli töhfələr verir. 2024-cü ildə Daşkənddə birinci Özbəkistan-Azərbaycan regionlararası forumunda tərəflər investisiya, regionlararası əməkdaşlığın inkişafı, sahibkarlıq, dağ-mədən sənayesi və şərabçılıq sahələrində 11 sənəd imzalayıb. Onların arasında 500 milyon dollarlıq birgə investisiya fondunun yaradılması haqqında hökumətlərarası saziş də mühüm yer tutur. Bundan əlavə, Daşkənd və Bakı arasında əməkdaşlığa dair Yol Xəritəsi, həmçinin Buxara ilə Lənkəran, Xivə və Şuşa, Kokand və Şəki, Səmərqənd və Gəncə şəhərləri arasında da qardaşlaşma əlaqələri yaranıb. İki ölkə arasında qarşılıqlı ticarət dövriyyəsi son beş ildə üç dəfə artıb. 2019-cu ildə dövriyyənin həcmi 81,9 milyon dollar təşkil edibsə, 2022-ci ildə bu rəqəm 183,3 milyon, 2023-cü ildə isə 232 milyon dollar təşkil edib. Yaxın gələcəkdə hər iki dövlət qarşılıqlı ticarəti 1 milyard dollara çatdırmağı hədəfləyib. Özbəkistanda Azərbaycan kapitallı 236 müəssisə, o cümlədən 62 müştərək müəssisə, respublikamızda isə qardaş ölkənin 70 şirkəti fəaliyyət göstərir. Prezidentlərin görüşü zamanı bildirildi ki, ümumi dəyəri 520 milyon dollar olan 7 layihə həyata keçirilməyə hazırdır. Həmin layihələr arasında Yevlax rayonunda tekstil klasterinin, Füzuli rayonunda Özbəkistan-Azərbaycan dostluq bağının yaradılması ilə yanaşı, Xankəndi şəhərində toxuculuq fabrikinin tikintisinin də yer alması ölkəmiz üçün Böyük Qayıdış proqramının icrası baxımından xüsusi əhəmiyyət daşıyır. Xatırladaq ki Özbəkistanın sərmayəsi ilə yaxın gələcəkdə erməni işğalından azad olunmuş Xankəndidə minə qədər yeni iş yerinin açılmasını vəd edən tikiş fabrikinin inşasının nəzərdə tutulması məhz qardaş ölkənin qardaşa göstərdiyi dəstəyinin göstəricisidir.

 Mətbuata bəyanatı zamanı Prezident İlham Əliyev Özbəkistanın atdığı bu addımı qardaşlıq və dostluq rəmzi kimi dəyərləndirərərək bildirdi: “Bizim bu gün müzakirə etdiyimiz məsələlər arasında yalnız bir layihəni ayrıca qeyd etmək istərdim, çünki o, əlamətdardır – bu, işğaldan azad olunmuş Xankəndi şəhərində yeni yüngül sənaye müəssisəsinin yaradılmasıdır. Bu, xalqlarımızın qardaşlığının və dostluğunun daha bir rəmzidir. Biz həmişə – istər işğal, istərsə də İkinci Qarabağ müharibəsi illərində və sonra da özbək xalqının qardaş dəstəyini hiss etmişik”.

 2024-cü ilin birinci rübünün yekunlarına görə, Özbəkistandan Azərbaycan ərazisindən keçən 1 milyon ton yükün daşınması artıqlaması ilə həyata keçirilib. Son 5 ildə Azərbaycanın Özbəkistan və Mərkəzi Asiya ölkələri ilə ticarət və nəqliyyat dövriyyəsinin dinamikası istənilən digər coğrafi regionun dinamikasını üstələyib.

Şuşada keçirilən Türk Dövlətləri Təşkilatının (TDT) Dövlət başçılarının qeyri-rəsmi Zirvə görüşündə bu ilin noyabrında Bakıda keçiriləcək BMT-nin İqlim Dəyişikliyi üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyasının – COP29-un bütün TDT ölkələri üçün əlamətdar tarixi hadisəyə çevriləcəyi vurğulandı. Şuşa sammitində Prezident Şavkat Mirziyoyev qərargahı ekoloji fəlakətdən ən çox əziyyət çəkən bölgə olan, Aral dənizi regionunun böyük şəhəri olan Nukusda olmaqla Türk Ətraf Mühit Şurasının yaradılmasını təklif edib. Hər iki ölkənin əməkdaşlıq gündəliyində iqlim məsələləri də var. İqlim dəyişikliyi və su problemləri arasında sıx əlaqəni nəzərə alsaq, Mərkəzi Asiya və Yaxın Şərq ən həssas bölgədir.

ŞƏT-da da Özbəkistan və Azərbaycanın çoxlu oxşar maraqları var, bir sıra aktual məsələlər, o cümlədən ŞƏT-in səlahiyyətlərinə aid olan məsələlər üzrə mövqelərimiz çox yaxındır. Bu baxımdan Özbəkistan Azərbaycanın ŞƏT-in işində daha fəal iştirakında maraqlıdır. Şərq-Qərb və Şimal-Cənub nəqliyyat dəhlizləri üzrə qarşılıqlı fəaliyyət Azərbaycan ilə ŞƏT-ə üzv dövlətlər arasında mühüm əməkdaşlıq sahəsidir. Azərbaycanın belə mühüm beynəlxalq tədbirin təşkilinə nail olmasının özü artıq diplomatik qələbədir.  Bu tədbirin uğurla keçirilməsi Azərbaycanın dünya ictimaiyyəti qarşısında nüfuzunu daha da artırır. Daşkənd isə Bakının bu istiqamətdə səylərini tam dəstəkləyir.

Özbəkistan və Azərbaycan “yaşıl enerji”nin inkişafı çərçivəsində də əməkdaşlığı gücləndirir. Bu sahədə perspektivli istiqamətlər arasında Özbəkistan, Azərbaycan və Qazaxıstanın Avropaya “yaşıl enerji” ixracı layihəsinin həyata keçirilməsi üzrə birgə planı var. Bir çox beynəlxalq sammitlərdə, o cümlədən NATO, MDB, GUAM və Türkdilli Dövlətlər Başçılarının IV Forumunda da iki ölkə lideri arasındakı görüşlər Özbəkistanla Azərbaycanın münasibətlərinin daha da inkişaf etdirilməsinə səbəb olub.

Bu gün Bakıdan Daşkəndə uzanan yüksək səviyyəli əməkdaşlıq hər iki dövlətin, hər iki xalqın ümumi maraqlarına xidmət edir. İnanırıq ki, bu rəsmi müttəfiqlik Azərbaycan-Özbəkistan münasibətlərində öncəki dönəmin ən gözəl yekunu, yeni dönəmin ən parlaq nümunəsi olacaq.

 

Fariz Əhmədov

Naxçıvan televiziyasının baş redaktoru

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: