Cəhri kəndində torpaq sahələrinin geodeziya alətləri ilə ölçülməsinə başlanılıb

A- A A+

NUHÇIXAN xəbər verir ki, Babək Rayon İcra Hakimiyyətinin və Naxçıvan Muxtar Respublikası Daşınmaz Əmlak və Torpaq Məsələləri üzrə Dövlət Komitəsinin birgə təşkilatçılığı ilə Cəhri kəndində torpaqların elektron kadastr uçotunun aparılması istiqamətində görülmüş işlər və qarşıda duran vəzifələrə həsr olunmuş tədbir keçirilib.

Kənd mərkəzində keçirilən tədbiri Babək Rayon İcra Hakimiyyəti başçısının müavini Nihal Məmmədov açıb.

Sonra Naxçıvan Muxtar Respublikası Daşınmaz Əmlak və Torpaq Məsələləri üzrə Dövlət Komitəsi sədrinin müavini Nəcəfalı Nəcəfalıyev Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin “Naxçıvan Muxtar Respublikasında torpaq münasibətlərinin tənzimlənməsi sahəsində əlavə tədbirlər haqqında” 2016-cı il 2 aprel tarixli Fərmanı barədə tədbir iştirakçılarına geniş məlumat verib.

Qeyd edilib ki, Fərmana əsasən 2020-ci ilədək muxtar respublikada dövlət və bələdiyyə mülkiyyətində, habelə xüsusi mülkiyyətdə olan bütün kateqoriyalı torpaqların elektron uçotunun aparılması və xəritələşdirilməsi yolu ilə torpaqların elektron kadastr uçotu informasiya sistemi yaradılacaq və rəqəmsal kadastr xəritəsi tərtib ediləcək.

Sonra Nəcəfalı Nəcəfalıyev bu sahədə indiyədək görülən  işlər barədə geniş məlumat verib və Cəhri kəndində də bu sahədə aparılacaq işin əhəmiyyətindən danışıb.

Tədbirdə  torpaqların qanuna uyğun istifadəsi və mühafizəsi məsələlərindən danışılıb. 

Dövlət Yer quruluşu, Geodeziya və Xəritəçəkmə Layihə İnstitutunun direktoru Cəfər Əliyev bildirib ki, artıq bu gündən Cəhri kəndində planaalma işlərinə başlanılır. Bu işləri həyata keçirmək üçün təcrübəli mütəxəssislərdən və ən yüksək dəqiqlikli alətlərdən istifadə olunur.

Sonda tədbir iştirakçılarını maraqlandıran suallara aydınlıq gətirilib.

Sonra yaşayış məntəqəsində olan bütün torpaq sahələrinin geodeziya alətləri ilə ölçülməsinə başlanılıb.

 

Əbülfəz  Dünyamalıyev

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: