Böyük filosof şair İmadəddin Nəsimi Azərbaycan ədəbiyyatı tarixində bədii- fəlsəfi şeirin özülünü qoymuş, bədii söz sənətimizi forma və məzmunca zənginləşdirmiş söz ustadıdır. Nəsimi yaradıcılığın nəinki Azərbaycan ədəbi mühitinin formalaşmasına, eləcə də ümumbəşəri dəyərləri, insanın fövqəlbəşəri varlıq olmasını tərənnüm etməklə dünya ədəbiyyatına böyük təsiri olub. Çünki, Nəsimi bütün bəşəriyyəti öz yaradıcılığı ilə əsərlərində ifadə etməyi bacaran dahi şair və mütəfəkkirdir. 2017-ci ilin may ayında Parisdə UNESCO-nun baş qərargahında İmadəddin Nəsiminin vəfatının 600-cü ildönümü ilə əlaqədar təntənəli tədbirin keçirilməsi Nəsimi yaradıcılığının ümumbəşəri dəyərinin, onun bəşəriyyət üçün gərəkli şəxsiyyət olmasının ifadəsidir.
Nəsimi insanların qəlbini, onların iç dünyasını ilahi ustalıqla özünəməxsus zəngin söz yaradıçılığı ilə tərənnüm edən müəllimdir, ustaddır. Şeirlərini təhlil edərkən onun bütün yaradıcılığı boyu gələcək nəsillərə verdiyi töhfələr göz önündə dayanır. Nəsiminin insanlıq, kamil şəxsiyyət haqqında təsəvvürləri olduqca yüksəkdir. “Bulunmaz” rədifli qəzəlində kişilik, igidlik, xalqa əməllə xidmət etmək kimi ideyaları aşılayır:
Hər bihünər insafı yox, uş mənsəbi tutdu,
Sahib hünərə mənsəbü idrar bulunmaz,
Xəlqin əməli azdı, könül yıxıcı ögüş,
Bir xəstə könül yapıcı memar bulunmaz.
Nəsimi belə hesab edirdi ki, nəfsi öldürmək kamil insana məxsus ən böyük bir mənəvi qəhrəmanlıqdır. “Nəfsə qalib gəlmək Xeybər qalasını almaqdan çətindir.” Nəfs düşgünü olan insan adi bir heyvandan seçilmir. Eşq yolunu tutan isə ruhuna qida verən, öz könlündə ilahi nuru gəzdirən, öz idealını arayıb axtaran insandır. İkilik pərdəsini aradan qaldıran insan gizli sirləri duya bilər, gizli sirləri duymaq isə haqqa qovuşmaqdır.
Nəsimi öz şəxsində insanın bəşəri keyfiyyətlərini açır, onu mənalandırır, poetik səviyyəyə yüksəlir. Nəsimiyə görə, “mən” həyatdır, elə bir gözəllikdir ki, əgər özünü dərk edərsə, ülvi bir varlığa çevrilib ilahiləşir. Şairin fikrincə insan bütöv bir aləmdir, insan kainatdır. Nəsimi əsərlərində insanın ən gözəl xüsusiyyəti özünü dərk etməsidir. O, bir sıra şeirlərində insanı özünü dərk etməyə çağırır. Nəsimin “Bəhrüləsrar” adlı fəlsəfi qəsidəsi bu baxımdan xüsusilə təqdirəlayiqdir. Bu əsər dərin fəlsəfi məzmuna malik olması ilə bərabər, həm də böyük tərbiyəvi əhəmiyyətli nəsihət və fikirlərlə zəngindir.
Əsərdə şair insanı özünü dərk etməyə, həyat və ölüm haqqında düşünməyə, Xəyyamyana bir ruh ilə dünyanın başdan-başa acı və şirinliklərlə dolu olduğunu dərk etməyə çağırır və göstərir ki, bütün həyatını ancaq sərvət qazanmaq uğrunda sərf edən insan əzab və əziyyətdən başqa heç bir şeyə sahib ola bilməz.
Bir ovuc tozdur küləklər qarşısında bu bədən
Ömrümüz qor tək ərir hər an günəşdən, şölədən
İnsan üçün mərifətdən özgə yoxdur bir bəzək
Aqil insan zər üçün öz ömrünü verməz hədər.
Nəsimi yaradıcılığının böyük tərbiyəvi və maarifçi əhəmiyyəti vardır. Bu gün gənc nəslin əxlaq tərbiyəsində Nəsimi yaradıcılığı kamil insan düsturunu öz misralarında oxucuya aşılayır. Bu kamillik, insan qüdrəti heyranedici bir himn kimi səslənir. Və bu gözəllik, bu qüdrət dünyada bütün insanlara deyil, yalnız özünü tanımış, dərk etmiş kamil insanlara xasdır. Nəsiminin əsərlərində hər kəsə özünü tanımaq yollarını göstərmək, kamil insan yetişdirmək, insanlardakı bacarıqları üzə çıxarmaq və onlara istiqamət vermək kimi ideyalar müasir pedaqoji fikrin əsas ideyaları ilə uzlaşır.
Böyük sələfi Nizami Gəncəvidən sonra ədəbiyyatımızda humanizm, insansevərlik ideyalarının alovlu təbliğatçılarından, carçılarından biri kimi tanınmış Nəsimi sənətindəki dərin humanizm ideyaları əxlaq tərbiyəsinin ən bariz nümunələrindən biridir. Şairin dərin humanizmi qlobal-bəşəri mahiyyət daşıyırsa, onun yüksək poetik sənətkarlığı, dilinin şirinliyi və axıcılığı, heyrətamiz poetik ritmi öz doğma xalqına xidmət edir, onun estetik zövqünün kamilləşməsində əhəmiyyətli rol oynayır. Xüsusən xalq dilinin üslub-qrammatik imkanlarından yaradıcı şəkildə bəhrələnməkdə Nəsimi şeiri misilsizdir. Nəsimi şeirində rəqibin üzünə cəsarətlə fikrini sübut etmək bacarığı var.
Rəqib məndən sorur: nəndir sənin yar?
Rəfiqimdir, həbibimdir - nəm olsun!
Rəqibinin istehzalı, kinayəli, tikanlı sualına bu cür sərras, səlis və şirin cavabı, ancaq Nəsimin lirik qəhrəmanı verə bilərdi. Nəsimi yaradışılığında dini-fəlsəfi əsərlərlə yanaşı, dünyəvi şeirlər də vardır. Onun bu şeirlərində səmimiyyət və təbilik daha qabarıqdır, hər şeiri xəlqiliyi, dil-ifadə və üslub gözəlliyi ilə fərqlənir. Şair burda insan səadətini, onun könül sərbəstliyini və könül azadlığını irəli çəkir. Pedaqoji tərbiyədə doğruculluq, söz bütövlüyü, yalansız, haqqı tanıyan kamil şəxsiyyət anlayışını Nəsimi bu cür ifadə edir:
Qanı bir əhdi peyman bütün yar,
Qanı bir qövlü gerçək, doğru dildir.
Qanı, həqqi bilən bir gercək ər kim,
Ola doğru anın dilində göftar?
Nəsimi öz əsərlərini Yaxın və Orta Şərqdə geniş yayılmış üç dildə: ərəb, fars və Azərbaycan dillərində yaradan ilk böyük söz ustadıdır. O, öz divanlarını da bu dillərdə ərsəyə gətirib. Müxtəlif dillərdə yazıb-yaratmaq qabiliyyəti şairə öz mütərəqqi fikirlərini geniş təbliğ etmək imkanı yaradıb, xalqlar arasında mədəni əlaqələrin və ədəbi mühitin inkişafında mühüm rol oynayıb.
Nəsimi irsinin qorunması və təbliğinə dövlət səviyyəsində çox böyük diqqət yetirilir. Azərbaycan Respublikası Prezidentinin “Böyük Azərbaycan şairi İmadəddin Nəsiminin 650 illik yubileyinin qeyd edilməsi haqqında” 15 noyabr 2018-ci il tarixli Sərəncamı görkəmli şairin Azərbaycan ədəbiyyatı tarixində özünəməxsus rola malik olduğunu bir daha təsdiq edir. Bundan başqa Ölkə Prezidenti cənab İlham Əliyevin 11 yanvar 2019-cu il tarixli Sərəncamı ilə 2019-cu ilin görkəmli Azərbaycan şairi və mütəfəkkiri, Azərbaycan dilini ədəbi-bədii dil səviyyəsinə yüksəldən böyük ustad İmadəddin Nəsiminin 650 illik yubileyi ilə əlaqədar “Nəsimi ili” elan edilməsi şairə dövlət səviyyəsində verilən dəyərin, hörmət və ehtiramın ən yüksək ifadəsidir. Eyni zamanda, bu Sərəncam Azərbaycan mədəniyyətinin, zəngin tarixi-mədəni irsinin təbliğinə də çox böyük töhfədir.
Ruhəngiz Əliyeva
Naxçıvan Müəllimlər İnstitutunun müəllimi