Gənclər xalçatoxuma emalatxanasında olublar - FOTOLAR
NUHÇIXAN xəbər verir ki, Naxçıvan Muxtar Respublikasının Gənclər Fondunun təşkilatçılığı ilə “Mənim ikinci peşəm” layihəsinin iştirakçıları Naxçıvan şəhərindəki Xalq yaradıcılığı emalatxanasında olublar.
Dörd gün davam edən kursda xalçaçı Həcər Hümbətova əvvəlcə gəncləri xalça toxunan sexlə tanış edib. Onlara xalça toxunan dəzgahlarda necə işləmə qaydasını göstərib. Həmçinin bu sənətin tarixi barədə məlumat verib. Vurğulanıb ki, xalqımızın məişətini, düşüncələrini, adət-ənənələrini, mənəvi və maddi dünya haqqındakı təsəvvürlərini əks etdirdiyi xalçalar mədəniyyətimizin ən dəyərli nümunələrindən biridir. Azərbaycan xalqına məxsus olan xalçaçılığın yaranma tarixi min illərə gedib çıxır. Naxçıvan şəhərinin yaxınlığında yerləşən Kültəpə yaşayış yerində aparılan arxeoloji qazıntılar zamanı tapılan Neolit və Eneolit dövrlərinə aid cəhrə, Tunc dövrünə aid sadə toxuculuq dəzgahı bu sənətin yaşının qədimliyindən xəbər verir. Gənclərimiz də bu qədim xalq sənətini öyrənməli və onu yaşatmalıdır.
Qeyd edək ki, Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin “Naxçıvan şəhərində xalça istehsalı emalatxanasının tikintisi, təchizatı və infrastrukturunun yaradılması ilə bağlı tədbirlər haqqında” Sərəncamı və bu istiqmətdə aparılan işlər bu qədim sənət növünün yüksək səviyyədə inkişafına xidmət edir.