Ölkəmizin ərazi bütövlüyü və dövlət müstəqilliyi uğrunda sinəsini önə verib, canlarını fəda edən vətənin igid oğulları Azərbaycanın hər dövr tarixində olub. Vətəni, doğma yurdu müqəddəs sayan qəhrəmanlar tarixən ulu babalarından əmanət qalan ana torpağa sahib çıxaraq, onu canı bahasına qoruyublar. Azərbaycanın Milli Qəhrəmanı adını qazanan Eldar Məcidov və Əjdər Babayev də belə oğullardan idi.
Yazının ilk qəhrəmanı - Ana Vətənin çətin anında onu qorumaq üçün özünü od-alovun içinə atıb, yurdumuzu düşmən işğalından azad etməyə çalışan Eldar Tofiq oğlu Məcidovdur. O, 1965-ci ildə Bakı şəhərində anadan olub. Burada boya-başa çatan Eldar Yasamal rayon 52 saylı orta məktəbdə təhsilini başa vurur. Əmək fəaliyyətinə Azərbaycan Rəssamlar İttifaqının Bədii Fondunda işə düzəlməklə başlayan qəhrəman bir il işlədikdən sonra əsgəri xidmətə çağrılır. Hərbi xidmətini yerinə yetirib ordudan təxris olunan Eldar əvvəlki iş yerinə qayıdır. Dörd il burada əmək fəaliyyətini davam etdirən Eldar Məcidov 1989-cu ildə “Yaşıl teatr”a baş inzibatçı vəzifəsinə verilir. Bu illər ərzində ali təhsil almaq üçün hazırlaşan qəhrəman Azərbaycan İncəsənət İnstitutuna imtahan verərək mədəni-maarif fakültəsinə qəbul olur. Həmin vaxtlarda ölkədə vəziyyətin pisləşməsi və bundan istifadə edən ermənilərin Qarabağa hücumlar edib, dinc əhaliyə divan tutması Eldarı dərindən sarsıdır. O, bu haqsızlığa göz yummayaraq cəbhəyə könüllü gedənlər sırasına qoşulur. Bir çox hərbi təlimlərdə iştirak edən qəhrəman 1992-ci ilin mart ayında “N” hərbi hissədə PDM-ə komandir təyin olunaraq may ayında od-alov püskürən cəbhəyə yollanır. Ağır döyüşlərdə şücaət göstərən Eldar dinc əhalinin təhlükəsizliyini təmin edir. O, Şuşanın Zarıslı kəndi uğrunda son döyüşə qatılaraq rəşadət göstərir. Yaralı yoldaşlarını döyüş meydanından xilas edərkən ağır yaralanan Eldar şəhidlik zirvəsinə yüksəlir. Şəhidimiz Bakı şəhər Şəhidlər Xiyabanında dəfn olnur.
Vətən torpaqlarının qorunmasında igidlik göstərən Eldar Məcidov ölümündən sonra Azərbaycan Respublikası Prezidentinin 16 sentyabr 1994-cü il tarixli Fərmanı ilə “Azərbaycanın Milli Qəhrəmanı” adına layiq görülüb.
Ölkəmizin müstəqilliyi və ərazi bütövlüyü uğrunda mübarizə aparıb adını tarixə yazan qəhrəmanlardan biri də Əjdər Xaliqverdi oğlu Babayevdir. Gənc yaşlarından vətənpərvər, yurdsevər böyüyən Əjdər gənc ömrünü dövlətimizin suvereniliyinə həsr edərək gələcək müstəqil, güclü Azərbaycanın yaranmasına töhfə verən igidlərdən olub.
1950-ci il Qazax rayonunun Mollacəfərli kəndində dünyaya göz açan Əjdər sonra ailəsi ilə Ağstafa rayonunun Xətai kəndinə köçür. Burada orta məktəbi başa vuran qəhrəman əsgəri xidmətini yerinə yetirmək üçün ordu sıralarına çağrılır. Qüsursuz xidmət edən Əjdər ordudan təxris olunduqdan sonra Bakı şəhər Nərimanov rayonunda Polis Şöbəsində işlə təmin olunur. Polis işçisi kimi nümunəvi xidməti ilə Əjdər Babayev dəfələrlə diplom və fəxri fərmanlarla təltif olunur. 1985-ci ildə xidməti yeri dəyişdirilən qəhrəmanımız Ağstafa Rayon Polis Şöbəsinə təyinat alır. Əjdər burada da, asayişin qorunub, təhlükəsizliyin təmin olunması üçün çalışaraq vətənə xidmətini davam etdirir.
1995-ci ildə, “Mart hadisələri” kimi tarixə düşən, ölkə daxilində mart ayının 13-17-də baş verən qiyamlar Azərbaycanın dövlət müstəqilliyini təhlükə altına salır. Həmin dövrdə özbaşınalıq edən bir qrup silahlı dəstə gecə saatlarında hücuma keçərək Qazax Rayon İcra Hakimiyyətini və polis idarəsini ələ keçirməyə çalışır. Əjdər Babayev polis yoldaşları ilə qaldırılan silahlı qiyamın qarşısını alaraq, az insan itkisi olması üçün igidlik göstərir. Silahlı hücumun qarşısı alınsa da, Əjdərin aldığı güllə yarsından onu ölümün pəncəsindən xilas etmək olmur. Qəhrəmanımız ölkəmizin müstəqilliyi uğrunda canını fəda edib, şəhid adını qazanır. O, Ağstafa rayonunda dəfn edilir.
Azərbaycan Respublikasının dövlət müstəqilliyinin qorunmasında igidlik göstərib, bu uğurda canından keçən Əjdər Babayev ölkə qarşısında xidmətlərinə görə ölümündən sonra Azərbaycan Respublikası Prezidentinin 4 aprel 1995-ci il tarixli Fərmanı ilə “Azərbaycanın Milli Qəhrəmanı” adına layiq görülür.
Vətənin bütövlüyü və dövlətimizin müstəqilliyi uğrunda canını fəda edən igid oğullar, ruhunuz şad olsun. Sizin şücaətləriniz, mübarizəniz haqqa qovuşdu. Dövlət müstəqilliyimiz bərpa olunaraq güclənib, inkişaf etdi. Və öz qüdrətini, gücünü bütün dünyaya nümayiş etdirərək işğal altında olan torpaqlarımızı azad etdi. İndi qalib ölkənin, qalib vətəndaşları olaraq bu zəfəri bizə qazandıran sizin kimi qəhrəmanlarımızla daha da fəxr edir, qürur duyuruq.
Səriyyə Salahova
Naxçıvan televiziyasının əməkdaşı