Azərbaycan xalqı əbədiyyətə qovuşan igid oğulları ilə hər zaman qürur duyub, fəxr edibdir. Belə oğullar heç zaman unudulmayıb, onların xatirəsi əziz tutularaq yaşadılıbdır. Bu gün də qürurla anıb, yad etdiyimiz Milli Qəhrəman Valeh Əlizaid oğlu Müslümovdur.
1968-ci il sentyabr ayının 2-də Lerik rayonunda anadan olan Valeh Müslümov gənclik illərini doğma rayonunda yaşayıb, boya-başa çatıb. Orta məktəb illərində çalışqanlığı və nizam-intizamı ilə fərqlənən Valeh maraq göstərdiyi humanitar fənlər üzrə hər zaman olimpiadalar qalibi olur. O, orta təhsilini səkkizinci sinfə kimi oxuyub sonra Sumqayıt şəhər 17 saylı texniki-peşə məktəbində dülgər ixtisasına yiyələnir. Bir il sonra əmək fəaliyyətinə başlayan Valeh 2 saylı Sumqayıt Tikinti Trestinin Mexanikləşdirilmiş səyyar dəstəsində işlə təmin olunur. Qəhrəmanımız iki ilə yaxın burada çalışdıqdan sonra vətənə xidmət borcunu yerinə yetirməsi üçün ordu sıralarına çağrılır. Əsgəri xidmətini 1988-ci ildə başa vuran Valeh Sumqayıt şəhərinə geri qayıdır. Həmin vaxtlar Azərbaycanda vəziyyətin gərginliyindən istifadə edən quldur ermənilər torpaqlarımıza göz dikib, təcavüzkar hücumlar etməyə başlamışdı. Bütün bu hadisələrə biganə qala bilməyən Valeh düşmənə layiqli cavab vermək üçün 1991-ci ilin avqust ayında DİN-in Xüsusi Təyinatlı Milis Dəstəsinə qatılaraq döyüşlərdə iştirak edir. Cəbhədə mərdliklə vuruşan qəhrəman Şuşa, Xocalı, Tovuz və Qubadlıda düşmən hücumunun qarşısının alınmasında aparılan əməliyyatlarda iştirak edir. Füzuli rayonu ərazisində mühasirəyə düşən yerli əhalinin təhlükəsizliyinin təmin edilməsində igidlik göstərən Valeh canını təhlükəyə ataraq bütün yaralı və cəsədlərin bölgədən çıxarılmasına nail olur. Qəhrəmanın düşmənə qarşı son mübarizəsi 1992-ci il avqust ayında Marquşavan kəndi uğrunda olur. Qeyri-bərabər döyüşdə sayca çox olan düşmənlə qarşı-qarşıya duran döyüşçülərimiz son damla qanlarınacan vuruşaraq düşməni geri çəkilməyə məcbur edirlər. Həmin döyüşdə ağır yaralanan Valeh Müslümov yarasına əhəmiyyət verməyib on bir nəfər yaralı döyüşçü yoldaşını ölümün pəncəsindən xilas edir. Ancaq özünü xilas edə bilmir. Çox qan itirən qəhrəman vətənin bütövlüyü uğrunda canını qurban edir. Vətən oğlu doğulduğu Lerik rayon qəbiristanlığında dəfn olunur.
Ölkənin ərazi bütövlüyü uğrunda igidlik göstərib, düşmənə göz açdırmayam Valeh Müslümov ölümündən sonra Azərbaycan Respublikası Prezidentinin 6 iyun 1992-ci il tarixli Fərmanı ilə "Azərbaycanın Milli Qəhrəmanı" fəxri adına layiq görülüb. Xatirəsi əziz tutulan qəhrəmanın adı vaxtı ilə təhsil aldığı Lerik rayon 2 saylı orta məktəb verilib.
Səriyyə Salahova
Naxçıvan televiziyasının əməkdaşı