NUHÇIXAN xəbər verir ki, bu ay BMT-nin Təhlükəsizlik Şurasında (TŞ) sədrlik edən Dominikan Respublikasının təşəbbüsü ilə TŞ-də iqlim dəyişmələri və təhlükəsizlik məsələlərinə həsr olunmuş iclas keçirilib.
Təbiət kataklizmləri – güclü istilər, leysan yağışlar, daşqınlar, okeanın səviyyəsinin artması getdikcə daha tez-tez baş verir və təhlükəsizliklə bağlı vəziyyətə əhəmiyyətli təsir göstərir. İqlim dəyişmələri aclığa, insanların kütləvi köç etməsinə, resurslar və torpaq uğrunda mübarizəyə və münaqişələrə gətirib çıxarır.
Dominikan Respublikası bir ada dövləti kimi, təbii fəlakətlər qarşısında xüsusilə müdafiəsizdir və böyük ziyan çəkir. Dünya Bankının məlumatına görə, təkcə 2017-ci ildə “Mariya” qasırğası ölkəyə 1,3 milyard dollar ziyan vurub. Bu, onun iqtisadiyyatının həcminin 224 faizini təşkil edir.
BMT Baş katibinin siyasi məsələlər üzrə müavini Rozmari Dikarlo TŞ-də çıxışında BMT-nin çətinlikləri dəf etməkdə və təhlükəsizliyə təhdidi azaltmaqda ölkələrə kömək etmək üçün gördüyü tədbirlərdən danışıb. Məsələn, Sudanda iqlim dəyişmələri torpaq uğrunda mübarizənin şiddətlənməsinə gətirib çıxarıb; Çad gölü hövzəsində daşqınlar nəticəsində yoxsul vəziyyətinə düşmüş yerli sakinlər silahlı qruplara daxil olurlar; Somalidə quraqlıq 2,6 milyondan çox insanı evindən-eşiyindən didərgin salıb, bu da insan alveri və uşaqların istismarı hallarının çoxalmasına gətirib çıxarıb.
BMT-nin konkret regionun problemlərindən asılı olaraq bu və ya digər hadisənin qarşısını almaq üçün tədbirlər gördüyünü qeyd edən R.Dikarlo deyib: “Mərkəzi Asiyada regional əməkdaşlıq, region ölkələri arasında daimi məsləhətləşmələr, su ehtiyatlarının idarə olunmasına dair transsərhəd fəaliyyətində uğur qazanmağa kömək edir. BMT-nin Qabaqlayıcı Diplomatiya üzrə Regional Mərkəzi bu tədbirləri dəstəkləyir”.
Onun sözlərinə görə, BMT-nin bir neçə qurumu müxtəlif ölkələrin ekspertləri birlikdə təhlükəsizliyə iqlim dəyişmələri ilə bağlı təhdidin səviyyəsinin qiymətləndirilməsi üzrə tövsiyələr işləyib hazırlayır. Bu sahədə beynəlxalq əməkdaşlıq da möhkəmlənir. R.Dikarlo Təhlükəsizlik Şurasının üzvlərinə xəbərdarlıq edərək deyib: “İqlim dəyişmələrinin təhlükəsizliklə bağlı vəziyyətə təsiri problemi bütün ölkələrə aiddir, bu səbəbdən ona qarşı mübarizə tədbirləri də kollektiv olmalıdır”.
BMT Təhlükəsizlik Şurasında çıxış edənlər beynəlxalq birliyin bu mövzuya marağını əyani nümayiş etdiriblər. Dünya Meteorologiya Təşkilatının (DMT) baş elmi əməkdaşı, professor Pavel Kabat vurğulayıb ki, TŞ iqlimin vəziyyəti barədə rəsmi hesabat üçün ilk dəfə DMT nümayəndəsini dəvət edib. O, elmi məlumatlara istinad edərək bildirib ki, dünya okeanı səviyyəsinin və qütblərdə buzlaqların əriməsinin artması sürətlənir. P.Kabat deyib: “Bu, ada dövlətlərinin mövcudluğuna təhlükə yaradır”. Onun sözlərinə görə, Arktikanın buz örtüyünün kiçilməsi Şimalda yaşayan azsaylı xalqların həyat tərzini nəinki pozur, həm də dünyanın əhalinin ən sıx yaşadığı hissələrində iqlim dəyişmələrinə gətirib çıxarır. Tədbirlər görülməsə, yaxın gələcəkdə bizi böyük daşqınlar gözləyir, uzaq gələcəkdə isə milyonlarla insan su qıtlığı ilə üzləşə bilər”.
Okean səthinin temperaturunun artması rekord göstəricilərə çatıb. Bu, dəniz faunasının və mərcan riflərinin məhv olmasına gətirib çıxarır və sahilyanı ölkələrin sakinlərinə qida mənbəyindən məhrum olmaq təhlükəsi yaradır.