Bakı şəhər Mərkəzi Klinik Xəstəxanasının həkimləri Doğum Mərkəzində olublar - FOTOLAR

A- A A+

NUHÇIXAN xəbər verir ki, Naxçıvan Muxtar Respublikası Doğum Mərkəzində Bakı şəhər Mərkəzi Klinik Xəstəxanasının həkimlərinin iştirakı ilə “Sonsuzluğun müalicəsində müasir texnologiyaların rolu” mövzusunda elmi-praktik konfrans keçirilib.

Konfransda Naxçıvan Muxtar Respublikası Səhiyyə Nazirliyinin Tibbi yardımın təşkili şöbəsinin müdiri Süleyman Cəfərov bildirib ki, ölkəmizdə ana və uşaqlara göstərilən tibbi xidmətin keyfiyyətinin yaxşılaşdırılması dövlətin sosialyönümlü siyasətinin prioritet istiqamətlərindən biridir. Son illər bu sahədə mühüm tədbirlər həyata keçirilib. “Ana və uşaqların sağlamlığının qorunması üzrə Dövlət Proqramı”nın icrası ilə bağlı onlara tibbi xidmət göstərən müəssisələrin maddi-texniki bazası möhkəmləndirilib, dərman preparatları və tibbi avadanlıqlarla təminatı yaxşılaşdırılıb.

Qeyd olunub ki, hazırda reproduktiv sağlamlığa və ailə planlaşdırılmasına nəzarət daha da gücləndirilib, səhiyyə-maarifi işləri günün tələbləri səviyyəsində qurulub. Hamilələrin qeydiyyatı işinin daha da yaxşılaşdırılması məqsədilə mama-ginekoloji şöbələrdə hamilələrin elektron reyestri yaradılıb. Ginekoloji xəstəliklərin vaxtında aşkar edilməsi, müalicə işinin düzgün və səmərəli qurulması üçün profilaktik müayinə tədbirləri daha da gücləndirilib.

Sonra Mərkəzi Klinik Xəstəxanasının mama-ginekologiya şöbəsinin müdiri, tibb elmləri namizədi, əməkdar həkim Mahirə İsmayılova “Ekstrakorporal mayalanma və uşaqlıqdaxili inseminasiyada seçim kriteriyaları”, həmin xəstəxananın embrioloqu İlyas Karayaka “Embrioloji laboratoriyanın işi”, ginekoloq Könül Əhədzadə “Ekstrakorporal mayalanmaya hazırlıq müayinələri”, ginekoloq Fidan Həsənova “Hamiləlikdə prenatal diaqnostika”, həkim-rezident Leyla Səfərova “Ekstrakorporal mayalanmada preimplantasiya diaqnostikanın rolu”mövzularında çıxış ediblər. Çıxışlarda sonsuzluğun müalicəsində uğurla tətbiq edilən ən müasir müalicə metodları və texnologiyalar barədə tədbir iştirakçılarına ətraflı məlumat verilib.

 Çıxışların slaytlar vasitəsilə nümayiş olunduğu konfransda iştirakçıları maraqlandıran suallar da cavablandırılıb.

Doğum Mərkəzinin baş həkimi Kəmalə Qurbanova müasir informasiya və təhsil texnologiyalarına əsaslanan belə konfransların səhiyyə mütəxəssislərinin peşə, bilik və bacarıqlarının təkmilləşdirilməsində mühüm əhəmiyyəti olduğunu önə çəkib.

Qeyd edək ki, sabah mərkəzi klinikanın həkim briqadası tərəfindən xəstələrin pulsuz ginekoloji müayinəsi də həyata keçiriləcəkdir.   

                                        

Mədinə Rəhimli

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: